Goranboyda idarəçilik böhranı: Məhərrəm Quliyevin laqeydliyi rayonu üfunətə qərq edib - FOTOLAR

Goranboy rayonunda hökm sürən acınacaqlı mənzərə və yerli sakinlərin gündəlik həyatını dözülməz edən təmizlik problemi birbaşa icra başçısı Məhərrəm Quliyevin fəaliyyətsizliyindən qaynaqlanır. Bununla bağlı sakinlərin cumhuriyyet.az-a bildirdiyinə görə rayonun mərkəzi küçələrində zibilqablarının baş-ayaq qalması, səliqə-sahmanın itməsi və illər öncə görülən abadlıq işlərindən əsər-əlamət qalmaması əhalini haqlı olaraq ciddi etiraza səbəb olub. İcra hakimiyyətinin başçısı vətəndaşların problemlərinin həlli ilə məşğul olmaq əvəzinə rayona gözucu belə baxmır, nəticədə mərkəzlə yanaşı kənd və qəsəbələrdə də vəziyyət gündən-günə pisləşir. Sakinlər rəhbərliyin məsuliyyətsizliyi ucbatından üfunət və baxımsızlıq girdabında qaldıqlarını bildirərək, Məhərrəm Quliyevin birbaşa vəzifə borcunu yerinə yetirmədiyini açıq şəkildə dilə gətirirlər. Rayonda yaranmış bu dözülməz idarəçilik böhranından əziyyət çəkən goranboylular bütün ümidlərini ölkə rəhbərliyinə bağlayaraq, rayonu bu vəziyyətə salan icra başçısı barəsində qəti tədbir görülməsini və onların səsinə səs verilməsini xahiş edirlər.
P.S. Rayon mərkəzində sakinlərlə həyata keçirilən söhbətlər zamanı bəlli oldu ki, Məhərrəm Quliyevin rəhbərliyindən öncəki dövrdə belə acınacaqlı vəziyyət yaşanmayıb. Əksinə, rayonun yolları, səkiləri, parkları və mərkəzi küçələri ardıcıl olaraq abadlaşdırılıb, sakinlərin müraciətlərinə isə hər zaman diqqət və həssaslıqla yanaşılıb.

