Dövlət Sosial Müdafiə Fondu (DSMF) ünvanlı sosial yardım (ÜSY) almış bəzi ailələrə məktub göndərərək, indiyədək ödənilmiş vəsaitlərin geri qaytarılmasını tələb edib.
Bildirilir ki, “Ünvanlı sosial yardım haqqında” qanunun 10.2-ci maddəsinə əsasən, ÜSY təyin edildikdən sonra gəlirlərdə baş verən dəyişikliklər barədə vətəndaş 15 gün müddətində aidiyyəti quruma məlumat verməlidir. Qanunun 1.0.6-cı maddəsinə görə isə vətəndaş artıq hesablanmış və ödənilmiş yardımı geri qaytarmalıdır.
Beləliklə, Fond bəzi vətəndaşlardan 5–6 min manat, bəzən isə daha artıq vəsaitin geri qaytarılmasını tələb edir. Məbləğ geri qaytarılmadığı halda DSMF məhkəməyə müraciət edərək ödənişin tutulmasına nail olur. Nəticədə isə yoxsul ailənin bir daha ÜSY üçün müraciət etmək imkanı faktiki olaraq sıfırlanır. Bu isə yoxsulluq həddində yaşayan ailələr üçün ciddi “sürpriz”ə çevrilir. Gündəlik çörəkpulu dərdi çəkən ailənin bu qədər vəsaiti hansı mənbədən tapıb geri qaytarması sual doğurur.
Məlumdur ki, DSMF əməkdaşları ÜSY üçün müraciət edən vətəndaşların evlərinə baxış keçirir, təqdim olunan məlumatların doğruluğunu yerində yoxlayırlar. Bundan başqa, bank əməliyyatları, kart hesabları, mobil telefon xərcləri, aylıq kommunal ödənişlərin həcmi, ölkədən çıxış-giriş məlumatları da diqqətlə araşdırılır. Mütəxəssislər bildirirlər ki, son illər elektron bazaların genişlənməsi sayəsində bank hesabları, kart dövriyyəsi, əməkhaqqı və digər gəlirlər daha asan aşkar olunur. Bu səbəbdən bəyan edilməmiş gəlirlərin gizlədilməsi halları sürətlə üzə çıxır. Həmin gəlirlər isə əksər hallarda çox kiçik məbləğlər olur — bəzən 10–15 manat.

Hətta vətəndaşın sosial vəziyyəti ÜSY-nin təyin olunması üçün yetərli olduğu halda belə, qurum müxtəlif bəhanələrlə imtina cavabı verir, yalnız dəfələrlə təkrar müraciətdən sonra qərar çıxarılır. Lakin bu da yardımın bir il ərzində fasiləsiz ödəniləcəyinə təminat vermir. Fond qanunda göstərilən çoxsaylı tələblərə əsaslanaraq vətəndaşın xırda texniki səhvini aşkar edən kimi dərhal ÜSY-ni dayandırır və onu 6 ay müddətinə müraciət hüququndan məhrum edir.
Qeyd edək ki, qaydalar və məhdudiyyətlər həddən artıq çoxdur, vətəndaşa isə ikinci şans verilmir. Əslində sosial qurumun yoxsul ailələrin acından ölməməsi üçün verilən kiçik məbləğə lupa ilə baxması heyrət doğurur. Halbuki sosial qurumların çoxmilyonluq büdcə xərcləmələrinə, qeyri-şəffaf tenderlərə, altı sıfırlı icarə müqavilələrinə ciddi nəzarət müşahidə edilmir. Medianın sorğuları cavabsız qalır, ictimailəşən korrupsiya faktlarına isə reaksiya verilmir.
Sanki vətəndaşın ərzağına, ən zəruri ehtiyaclarına xərclənən kiçik məbləğ izafi xərc kimi qəbul olunur və onu hansı yolla olur-olsun yoxsulun boğazından çıxarmağa çalışırlar.
Təsadüfi deyil ki, DSMF ÜSY-dən məhrum etdiyi vətəndaşların sonrakı taleyi ilə maraqlanmır. Vətəndaş bir səhvə görə yardımdan kənarda qalırsa, onun bundan sonra necə yaşayacağı sosial qurumu maraqlandırmır. Halbuki bu qurum büdcə vəsaitini xərcləyən dövlət strukturudur. Heç bir məmur atasının pulunu yoxsul ailələrə vermir.

Diqqətçəkən məqamlardan biri də DSMF-nin yoxsul vətəndaşlarla davranışının Prezidentin həyata keçirdiyi sosial siyasətlə ziddiyyət təşkil etməsidir. Belə ki, dövlət başçısı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə ÜSY alan ailələrin hər birinə 200 manat birdəfəlik yardım ayrılması barədə sərəncam imzalayıb. Sərəncam hazırda ünvanlı sosial yardımla təmin olunan 76 min ailəni (335 200 nəfər ailə üzvü) əhatə edir və bu yardım bayram ərəfəsində onların maddi təminatına dəstək məqsədi daşıyır.
Şikayətlərlə bağlı Dövlət Sosial Müdafiə Fondunun da mövqeyini dərc etməyə çalışacağıq.
Rasim Əliyev
AzPolitika.info









