Moskvada avtomobildə partladılan şəxs Rusiya Silahlı Qüvvələrinin general-leytenantı Fanil Sarvarov olub.
“AzPolitika” xəbər verir ki, Rusiya mediasının yazdığına görə, Moskvada Rusiya Silahlı Qüvvələrinin general-leytenantı Fanil Sarvarova sui-qəsd edilib. Partlayış yaşayış binasının həyətində baş verib. O, “Kia Sorento” markalı avtomobilinə minəndən bir qədər sonra avtomobil partlayıb. Sarvarov nəqliyyat vasitəsindən çıxarılıb. O, çoxsaylı qəlpə yaraları və sınıq xəsarətləri alıb və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Lakin onun həyataını xilas edə bilməyiblər.
İlkin məlumatlara görə, sürücü oturacağının altına əldəqayırma partlayıcı qurğu qoyulub. Qeyd edək ki, hadisə səhər saat 06:55 radələrində Moskvanın cənubunda, Orexovo-Borisovo rayonunun Yasenevaya küçəsində baş verib. Sürücü avtomobilə əyləşərək cəmi bir neçə metr hərəkət edə bilib.
Partlayış nəticəsində ətrafdakı azı 7 avtomobilə ziyan dəyib.
Rusiya İstintaq Komitəsi faktla bağlı cinayət işi açıb. Hadisə yerində kriminalistlər və istintaq qrupları işləyir, partlayışın dəqiq səbəbləri və motivləri araşdırılır.











