Putinə mütəmadi olaraq Ukraynanın itkilərinin sayını şişirdən, ölkənin resurs üstünlüklərini vurğulayan və taktiki uğursuzluqları kiçildən hesabatlar təqdim olunur. “AzPolitika” xəbər verir ki, “Financial Times”-da dərc edilən məqalədə belə deyilir.
Yazıda qeyd olunur ki, Vladimir Putinin Donald Trampın təklif etdiyi əlverişli sülh şərtlərinə baxmayaraq hərbi əməliyyatları davam etdirməsi, Qərb rəsmilərinin fikrincə, Kremlə axan səhv məlumatlardan irəli gəlir: “İki rəsminin sözlərinə görə, Rusiya hərbi və təhlükəsizlik xidmətləri Putinə müntəzəm olaraq Ukraynanın itkilərinin sayını şişirdən, Rusiyanın resurs üstünlüklərini vurğulayan və taktiki məğlubiyyətləri azaldan hesabatlar təqdim edir. Putin həmçinin müharibənin Rusiya iqtisadiyyatına getdikcə daha çox mənfi təsir göstərdiyini izah edən etibarlı şəxslərlə müntəzəm olaraq görüşsə də, hərbi brifinqlərdə çəkilmiş “çəhrayı mənzərə” onu müharibədə qalib gələ biləcəyinə inandırır”.
Buna baxmayaraq, qəzet yazır ki, Rusiya ordu komandanlığının yalanları və Rusiyanın dezinformasiya kampaniyası “Trampın ətrafındakı insanların əksəriyyətini tez bir zamanda Moskvanın qalib gələcəyinə inandırmaqda çox yaxşı işləyir”. Yazıda deyildiyi kimi, Putini müharibə barədə məlumatlandırmaqdan məsul olan əsas şəxs Rusiya Baş Qərargah rəisi və işğalın ümumi komandanı Valeri Gerasimovdur. Xatırladaq ki, onun son olaraq, Kupyansk şəhərinin tam işğal edildiyinə dair rəsmi hesabatı, bundan sonra isə Volodimir Zelenskinin həmin şəhərə səfəri bu müharibədə Putinin düşdüyü ən biabırçı vəziyətlərdən biri oldu.

Nəşr vurğulayır ki, müharibə uzandıqca Gerasimov və keçmiş müdafiə naziri Sergey Şoyqu Rusiyadakı radikal müharibə tərəfdarlarının qəzəbinə tuş gəlirlər. Onlar bu iki nəfəri Putindən reallığı gizlətməkdə və ağır itkilərlə nəticələnən hərbi taktika aparmaqda günahlandırırlar: “Eyni şəhərləri təkrar ələ keçirmək barədə bəyanatlar da daxil olmaqla, qələbə raportları ilə yerdəki reallıq arasındakı fərq, Kremlin nədən atəşkəs razılaşmasının faydalarını dərk etmək əvəzinə, böyük itkilərlə irəliləməyə üstünlük verdiyini izah edir”.
Nəşr xatırladır ki, Putin 2024-cü ildə Şoyqunu müdafiə naziri vəzifəsindən azad etməklə ictimai narazılığı aradan qaldırmağa çalışdı. Lakin Gerasimov vəzifəsində qaldı və görünür, mövqeyini gücləndirdi də.
Beynəlxalq Sülh üzrə Karnegi Fondunun baş elmi işçisi Dara Massiko bununla bağlı deyib: “Gerasimov, hətta onun vəzifədə saxlanmasının qiyməti çox yüksək itkilər və çox ləng irəliləyiş olsa belə, proqnozlaşdırıla bilinən generaldır. Putinə görə, daxili siyasət və sabitlik məsələləri cəbhədə riskli və həlledici əməliyyatlardan üstün olduğu üçün Gerasimov bu vəzifədə saxlanılmalıdır. Putin son məqsədinə çatmaq üçün vaxt çərçivəsini uzadıb. Məqsəd Ukraynanı Rusiyaya tabe etməkdir, istər siyasi, istərsə də hərbi yolla. O, əmindir ki, bunu edəcəklər… Donetskin qalan hissəsini ələ keçirmək üçün tələb olunan itkilər isə, baxmayaraq ki, onlar çox yüksək olacaq – onu o qədər də narahat etmir”.
Qeyd edək ki, bundan öncə Böyük Britaniyanın Rusiyadakı keçmiş səfiri Lori Bristou deyib ki, Vladimir Putin sağ və hakimiyyətdə olduğu müddətcə Rusiya ilə Ukrayna arasında müharibəyə son qoymaq üçün razılığa gəlmək mümkün deyil. Onun fikrincə, Putinin ərazi müqabilində hərbi əməliyyatlara son qoymağa razı salına biləcəyi fikri tamamilə xəyaldır.
Finlandiya Prezidenti Aleksandr Stubb isə bir qədər fərqli düşünür. O deyib ki, Putin başda olmaqla Rusiya rəhbərliyi üzdə nə qədər “sərt, qətiyyətli və barışmaz” olsa da, ABŞ ilə danışıqlar prosesində bir o qədər “elastikdir”.
C.Məmmədli
“AzPolitika.info”









