“Yeni Sabah” xəbər verir ki, mərasimdə ictimai birliklərin nümayəndələri, müharibə veteranları, şəhid ailələrinin üzvləri, tarixçi alimlər və gənclər iştirak ediblər.
“Müharibə Veteranları və Beynəlmiləlçi Hərbçilər” İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə çıxışında Səməd bəy Mehmandarovun həyatı və hərbi fəaliyyəti barədə geniş məlumat verib. Qeyd edib ki, general Mehmandarov Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsində misilsiz xidmətlər göstərmiş, xalqımızın taleyində mühüm rol oynamış şəxsiyyətdir.
Bildirilib ki, Səməd bəy Mehmandarov 1855-ci il oktyabrın 16-da Lənkəranda anadan olub, Sankt-Peterburqda hərbi təhsil alıb. Birinci Dünya müharibəsində qəhrəmanlıqla döyüşərək Rusiyanın yüksək dərəcəli ordenlərinə, həmçinin İngiltərə, Fransa, Rumıniya və İran dövlətlərinin ali mükafatlarına layiq görülüb. 1917-ci ildə istefaya çıxdıqdan sonra Bakıya dönüb, Azərbaycan Xalq Cümhuriyyəti dövründə hərbi nazir təyin edilərək milli ordu quruculuğu istiqamətində mühüm addımlar atıb və ilk hərbi məktəbin yaradılmasına nail olub. O, ilk müstəqil respublikanın 40 min nəfərlik nizami ordusunu formalaşdıraraq yüzilliklərdən sonra xalqımıza özünümüdafiə imkanını yenidən qazandıran böyük sərkərdələrdəndir.
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, tarix elmləri doktoru, dosent Bəhmən Kərimov Qarabağın şərəfli Mehmandarovlar nəslinin tarixi barədə məruzə ilə çıxış edib. O bildirib ki, bu nəsil Azərbaycan hərb tarixində və dövlətçilik ənənələrinin formalaşmasında mühüm rol oynayıb və Mehmandarovun şəxsiyyəti həmin köklü ənənələrin parlaq davamıdır.
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasının vacibliyini vurğulayaraq, tarixi şəxsiyyətlərə həsr olunan belə tədbirlərin milli yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib. O, muzey tərəfindən bu istiqamətdə həyata keçirilən elmi-maarifləndirici layihələrdən də bəhs edib.

Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi çıxışında Səməd bəy Mehmandarovun Azərbaycan siyasi və hərbi tarixindəki müstəsna roluna toxunub. Qeyd edib ki, Mehmandarov Şərq və Qərb hərbi düşüncəsini dərindən mənimsəmiş, Rusiya imperiyasının generalından Azərbaycanın milli generalına çevrilərək milli ideallar əsasında ordu quruculuğunu həyata keçirmiş qüdrətli sərkərdələrdəndir. Onun yalnız hərbi lider kimi deyil, həm də milli müstəqilliyin qorunmasında strateji əhəmiyyətə malik dövlət xadimi kimi tariximizdə silinməz iz qoyduğu vurğulanıb. Generalın yüksək liderlik keyfiyyətləri, vətənə sədaqəti və mənəvi dəyərləri bu gün də gənc nəsil üçün örnək kimi qiymətləndirilib.
Partiya sədri qeyd edib ki, sovet hakimiyyəti dövründə onun məzarı dağıdılsa da, hazırda general Səməd bəy Mehmandarovun adı dünya sularında üzən tankerin ismində əbədiləşdirilərək tarixdə yaşayır. Vəhdət Partiyasının əsas fəaliyyət istiqamətlərindən birinin maarifləndirmə olduğunu vurğulayan Adəm İsmayıl Bakuvi, Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərinin tanıdılması işinin bundan sonra da davam etdiriləcəyini bildirib.
Tədbir iştirakçıları çıxışlarında general Mehmandarovun Azərbaycan Silahlı Qüvvələrinin inkişafındakı əvəzsiz rolunu xüsusi qeyd edib, Azərbaycanda müasir ordu quruculuğunun əsasının məhz onun adı ilə bağlı olduğunu vurğulayıblar. Onun xatirəsinin daim ehtiramla yad ediləcəyi bildirilib.
Tədbirdə general Səməd bəy Mehmandarova həsr edilmiş sənədli film nümayiş olunub. Toplantı gənclərin ifasında səsləndirilən vətənpərvərlik mahnıları ilə başa çatıb.












