İspaniya futbolunda qalmaqal səngimir.
Cumhuriyyet.az xəbər verir ki, “Real Madrid” rəhbərliyi əzəli rəqibi “Barselona”nın Xose Mariya Enrikes Negreyranın vəzifədə olduğu dövrdə qazandığı bütün titullardan məhrum edilməsi üçün UEFA-ya rəsmi şəkildə müraciət edib.
Belə ki, paytaxt klubu kataloniyalıların idmanda korrupsiyaya qarşı hansı nəzarət mexanizmlərinə malik olduğunu və bu tədbirlərin reallıqda tətbiq olunub-olunmadığını araşdırmaq niyyətindədir.
Bu məqsədlə “Real Madrid” rəqibindən 2010-2018-ci illəri əhatə edən bütün sənədlərin təqdim olunmasını tələb edib.
Xatırladaq ki, hələ 2023-cü ildə “Barselona” klubu və onun rəhbərliyi ağır rüşvətxorluq ittihamları ilə üz-üzə qalmışdı. Bu səs-küylü ittihamların mərkəzində isə İspaniya Kral Futbol Federasiyasının (RFEF) Hakimlərin Texniki Komitəsinin (CTA) sabiq vitse-prezidenti Xose Mariya Enrikes Negreyraya edilən şübhəli ödənişlər dayanırdı.
Artıq məhkəmə instansiyası tərəfindən də “Barselona”nın 2001-2018-ci illər aralığında Negreyraya milyonlarla avro ödəməsi faktı birbaşa cinayət əməli kimi qiymətləndirilib.(oxu.az)









