FİFA Dünya Çempionatının yayım hüquqlarının bir hissəsinin satılması ilə bağlı planlara görə üzr istəyib.
Cumhuriyyet.az xəbər verir ki, bu barədə FİFA prezidenti Canni İnfantino və baş katib Mattias Qrafström tərəfindən FİFA Şurasının üzvlərinə göndərilən məktubda bildirilib.
Məktubda qeyd olunub ki, qurum yaranmış vəziyyətlə bağlı araşdırma aparacaq və nəticələr barədə FİFA Şurasının növbəti iclasında məlumat təqdim edəcək.
“Bu səhvlərə görə səmimi qəlbdən üzr istəyirik və onların bir daha təkrarlanmayacağına söz veririk”, – deyə məktubda vurğulanıb.
Xatırladaq ki, ötən həftə FİFA-nın Dünya Çempionatının kommersiya hüquqlarının satışı üçün yeni struktur – “FİFA Forward Enterprise” (FFE) yaratmağı planlaşdırdığı barədə məlumat yayılmışdı.
Lakin UEFA üzv ölkələrinin turniri boykot edə biləcəyi ilə bağlı çağırışlar və futbol konfederasiyalarının tənqidlərindən sonra FİFA prezidenti Canni İnfantino bu plandan geri çəkilmək qərarına gəlib.









