Vəzifəli şəxslərin sahibkarlıq və kommersiya fəaliyyəti ilə məşğul olmasına, eləcə də əlavə ödənişli vəzifə tutmasına məhdudiyyət qoyulması təklif edilir.
Cumhuriyyet.az xəbər verir ki, bu müddəalar Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən birgə iclasında müzakirə olunan “Maraqlar toqquşması haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, vəzifəli şəxs birbaşa və ya başqa şəxslər vasitəsilə sahibkarlıq və kommersiya fəaliyyəti ilə məşğul ola bilməz. Elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, əlavə vəzifə və ya kənar fəaliyyət üçün səlahiyyətli qurumun rəyi tələb olunacaq.
Əlavə fəaliyyət yalnız əsas vəzifənin icrasına mane olmadığı və maraqlar toqquşması yaratmadığı halda mümkün olacaq. Layihədə depozitlərdən, qiymətli kağızlardan, icarədən və royaltilərdən qanunvericiliyə uyğun gəlir əldə edilməsinə isə imkan verilir.









