QƏDƏŞOVUN MİLYONLAR MƏNİMSƏYƏN KÜRƏKƏNİNƏ HÖKM OXUNDU - "Atlant" müsadirə edildi

"Təbriz" MTK-nın dələduzluqda ittiham olunan rəhbəri Nofəl Hacıyev və şirkətin icraçı direktoru Talış Məmmədovun cinayət işi üzrə məhkəmə yekunlaşıb.
Cumhuriyyet.az Oxu.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən iclasda hökm oxunaraq Nofəl Hacıyev 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Talış Məmmədova isə 1 il sınaq müddəti olmaqla, 3 il şərti cəza verilib.
Qeyd edək ki, Nofəl Hacıyev "Təbriz" MTK-nın rəhbəri, Talış Məmmədov isə icraçı direktoru olub.
İstintaq materiallarına görə, Nofəl Hacıyev 2018-2022-ci illər ərzində "Təbriz" MTK-nın Nərimanov rayonu ərazisində tikilmiş binasından bir mənzili bir neçə nəfərə satıb. Nəticədə 172 vətəndaşın 14 milyon manat pulu dələduzluq yolu ilə ələ keçirilib.
Qeyd edək ki, Nofəl Hacıyev "Atlant" İstirahət Mərkəzinin rəhbəri Tahir Qədəşovun kürəkəni, eyni zamanda istirahət mərkəzinin şərikidir. İttihama görə, o, vətəndaşlardan alınan 14 milyon manatı "Atlant"ın təmir-tikinti işlərinə yatırıb.
Onu da qeyd edək ki, məhkəmə istintaqı ilə əlaqədər "Təbriz" MTK-nın Nərimanov rayonu ərazisində sözügedən yaşayış binası və Nabran qəsəbəsində, dəniz sahilində yerləşən "Atlant" İstirahət Mərkəzi müsadirə edilib.
