Dünya

TRİPP layihəsi icra mərhələsinə keçdi - Tramp Paşinyanı Ağ Evə çağırdı

30

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan və Amerika Birləşmiş Ştatları arasında həyata keçirilən TRİPP layihəsinin icra mərhələsinə start verildiyini elan edib. “AzPolitika” erməni mediasına istinadla xəbər verir ki, Ermənistan hökumətinin başçısı bu addımı ölkəsinin müasir tarixində mühüm hadisə kimi dəyərləndirib.

Nikol Paşinyanın sözlərinə görə, rəsmi İrəvan müstəqillik dövründən bəri ən iri iqtisadi proqramın icrasına başlayır. Baş nazir qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın 8 avqust 2025-ci ildə təşkil etdiyi Vaşinqton Sülh Zirvəsi Cənubi Qafqazın transformasiyasında və bölgədə yeni reallıqların formalaşmasında dönüş nöqtəsi olub.

Ermənistan Baş naziri bildirib ki, TRİPP layihəsi Cənubi Qafqazda ölkələrin suverenliyinə, ərazi bütövlüyünə və yurisdiksiyasına hörmət prinsipləri əsasında fasiləsiz, çoxmodullu tranzit bağlantısının yaradılmasını hədəfləyir. O, layihənin Transxəzər marşrutuna və Qərb-Şərq nəqliyyat dəhlizinə əlavə dinamika gətirəcəyini, həm regional sülh, həm də Ermənistanın iqtisadi inkişafı baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Məsələ ilə bağlı ABŞ Prezidenti Donald Tramp da təbrik məktubu ünvanlayıb. Ağ Ev rəhbəri Ermənistan və Azərbaycan liderlərinə "bu günün reallaşmasına şərait yaratdıqlarına və onu Nobel Sülh Mükafatına namizəd göstərdiklərinə görə" təşəkkürünü bildirib. Donald Tramp həmçinin Nikol Paşinyanı gələn il Vaşinqtona səfəri çərçivəsində Ağ Evə və ənənəvi Milli Dua səhər yeməyinə dəvət edib. ABŞ Prezidenti məktubunda regional sülhün irəlilədilməsi və ikitərəfli münasibətlərin gücləndirilməsi istiqamətində birgə müzakirələrin vacibliyini qeyd edib.

Xatırladaq ki, Ermənistan parlamentinin bu yaxınlarda təsdiqlədiyi Ermənistan-ABŞ strateji sazişi çərçivəsində reallaşdırılan TRİPP layihəsi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan ərazisindən keçməklə maneəsiz kommunikasiyanın təmin olunmasını nəzərdə tutur. Ermənistan rəsmiləri bu infrastruktur təşəbbüsünün regiondakı bütün ölkələr üçün yeni imkanlar yaradacağını bəyan edirlər.

Oxşar xəbərlər

↑