Bir neçə gündür, təmtəraqlı toyları ilə müzakirə obyektinə çevrilən Saleh Məmmədovun rəhbərlik etdiyi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) növbəti dəfə də dəbdəbəli xeyir işlə gündəmə gəlib. Bununla bağlı cumhuriyyet.az olaraq bildirək ki, bir müddət öncə Avtomobil Yolları Dövlət Agentliyinin Maliyyə idarəsinin Hesabat və Balans şöbəsinin baş mütəxəssisi Fərmanov Namiq Cavanşir oğlu ötən günlərdə oğluna “Elux Event Hall” məkanında dəbdəbəli toy etmişdi. O, toyu dövlət tədbirindən seçilməyəcək qədər dəbdəbəli şəkildə qeyd edib. Belə ki, ölkənin aparıcı müğənniləri, Aygün Kazımova, Röya və digər məşhur müğənnilər toyda iştirak edib. Toyda müğənnilərə 150 min manat pul xərclənib. Gələn qonaqlar arasında 11 saylı Quba Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktoru Hikmət Seyidov da olub. Seyidov, toya ailəsi ilə birlikdə qatılıb və 20 min ABŞ dolları dəyərində qızıl-brilliant hədiyyə təqdim edib.
İndi isə cumhuriyyet.az pravda.az-a istinadla xəbər verir ki, AAYDA-nın Maliyyə idarəsinin Hesabat və Balans şöbəsinin baş mütəxəssisi Namiq Fərmanovun oğlunun səs-küy yaradan bahalı toyundan sonra qurumun Baş Maliyyə İdarəsinin rəisi Müseyib Həmzəyev də “Böyük Saray”da oğlu Sənan Həmzəyevə toy edib. Məlumatlarda sözügedən toy üçün dəvətnamənin birinin 50 manata hazırlandığı, bir toy masasının qiymətinin isə 500 manat olduğu deyilir. Bildirilir ki, Həmzəyevlərin toyuna 600 nəfər dəvət olunubmuş. Toya dəvət olunan müğənnilərə, təxminən, 200 min manatdan çox vəsait ödənilib. Ötəri hesablamalar toyun ümumi xərcinin yarım milyondan artıq olduğunu göstərir.Məmur oğlunun xeyir işində Nuri Sərinlədici, Aygün Kazımova, Röya Ayxan və ölkənin digər məşhur müğənniləri iştirak ediblər. Toy mərasimlərinin bu cür keçirilməsi sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilib. Bildirilir ki, məmur maaşı ilə belə təmtəraqlı toy etmək mümkün deyil.
Onu da bildirək ki, Müseyib Həmzəyev ki, vaxtilə Arif Əsgərovun rəhbərlik etdiyi Azərbaycan Dəmir Yolları idrəsində baş vermiş bütün maliyyə pozuntularına birbaşa memarlıq etmiş, ayrılmış dövlət büdcəsinin “anasını ağlar” qoymuşdur”. Bununla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalara görə, Cavid Qurbanovun rəhbərliyi dönəmində Azərbaycan Dəmir Yolları QSC-də nisbətən qayda qanunun yaranmasından sonra M.Həmzəyev xidmət rəisi Elşən Məmmədovla birlikdə “Azəravtoyol” ASC-yə transfer oldular. Doğrudur, qısa müddət ərzində Elşən Məmmədov yenə də güvəndiyi Nəqliyyat nazirinə arxalanaraq burada da özbaşnalıq etmək istərkən Müseyib Həmzəyev fürsətdən istifadə edərək birlikdə milyonlar qazandığı xidmət rəisi E.Məmmədovu “baqaja” qoyaraq onu rəhbərliyə asanlıqla satdı və özünü sadiq birisi kimi isbatlayaraq çoxdan arzusunda olduğu Maliyyə İdarəsi kürsüsündə oturdu. Yəni, sabiq maliyyə maxinatoru indiki Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Maliyyıə İdarəsinin rəisi vəzifəsinə təyin olunub.
Qeyd: Müseyib Həmzəyevin qardaşı oğlu Zaur Həmzəyev AAYDA-ya bağlı olan “Bakı 1 №-li Yol İstismari” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəridir. Hazırda MMC-nin 715 318 AZN vergi borcu var.









