Müsyib Həmzəyevin yeni aldığı Lexus LX 600 avtomobili xüsusi hazırlanmış modellərdəndir ki, Azərbaycanda bu avtomobildən cəmi 5 ədəd var…
Bir qayda olaraq dövlət məmurlarının həyat tərzi Azərbaycanda korrupsiyanın səviyyəsini göstərir və qeyd edək ki, elə bu faktordan çıxış edərsək, deyə bilərik ki, orta səviyyəli məmurlar hardasa ölkə büdcəsinin 1/3 hissəsini mənimsəyirlər.
Elə son günlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin buxalterlərinin təmtərağı ilə bütün ölkənin diqqətini çəkən toy mərasimləri də bunu bir daha sübut edir. Öncə AAYDA-nın Maliyyə idarəsinin Hesabat və Balans şöbəsinin baş mütəxəssisi Namiq Fərmanov dəbdəbəli toy məraimi ilə ictimaiyyətin diqqətini cəlb etdi. Bundan bir həftə sonra isə cənab Fərmanovun birbaşa “şef”i, AAYDA-nın Baş Maliyyə İdarəsinin rəisi Müseyib Həmzəyev oğluna etdiyi daha təmtəraqlı bir toyla sosial şəbəkələrin ulduzuna çevrildi.
Ortalama hesablamalara görə iki məmurun toyuna çıkilən xətc təqribən bir milyon manat olub. Təkcə iki toya dəvət alan müğənnilərin qonorarı yarım milyona yaxın olub və bir daha qeyd edirik ki, sözü gedən hər iki məmur AAYDA-da çalışan onlarla orta səviyyəli məmurlardan biridir. Əlbəttə ki, məmur maaşı ilə heç kim belə bir təmtəraqlı tor edə bilməz və ona görə də, toya çəkilən xərclərin korrupsiya yolu ilə əldə olunması ilə bağlı əsaslı şübhələrin olması da təbiidir. Bu üzdən də əlaqədar qurumların hərəkətə keçərək AAYDA-da yoxlamalara başlaması da təbii olardı.
Qeyd edək ki, ötən həftə yerli mətbuatda yayımlanan bir məlumatda bildirilirdi ki, Müseyib Həmzəyevin sərvətinin artmasında Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi xüsusi rol oynayıb. Belə ki, AAYDA-nın Baş Maliyyə İdarəsinin rəisi yolun tikintisi altına düşən yaşayış və qeyri-yaşayış obyektlərinin sökülməsi zamanı verilən kompensasiya zamanı böyük məbləğdə maxinasiyalara yol verib. Xüsusilə Novxanı ərazisində bir çox sənədləri qaydasında olmayan torpaqlar qeyri-qanuni yolla kompensasiya ödənişinə daxil edilib və Müseyib Həmzəyev bundan öz payını götürüb. Təbii ki, bütün bu iddiaların yoxlanılması zəruridir…
Poliqon xəbər verir ki, sosial şəbəkələrdə yayılan başqa bir məlumata görə isə təmtəraqlı toy məclisindən bir müddət əvvəl Müseyib Həmzəyev özünə 650 min manata (380 min dollara) son model Lexus LX 600 avtomobili alıb. 2022-ci ildən istehsalına başlanılan bu Lexus markalı LX 600 avtomobili öz komfortluluğu ilə seçilir. Sosial şəbəkələrdə yayılan məlumatlarda qeyd edilir ki, Müseyib Həmzəyevin Lexus LX 600 avtomobili xüsusi hazırlanmış modellərdəndir ki, Azərbaycanda bu avtomobildən cəmi 5 ədəd var.

Həmçinin başqa bir mənbənin Poliqon-a bildirdiyinə görə Müseyib Həmzəyev Binəqədi-Novxanı yolunun yaxınlığıda, dəniz sahilində “Rest Time Restorant”ın da sahibidir. Restoran Novxanının ən lüks istirahıt mərkəzlərindən biri olaraq tanınır.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…


Poliqon.info









