Azərbaycanda “Kontakt Home” əmtəə nişanı altında məişət texnikası, mobil telefonlar və elektronika məhsullarının satışını həyata keçirən “ABC-Telecom” şirkəti dövlət qarşısında yığılmış külli miqdarda vergi borcunun 12 faizini ödəyib. Bu barədə İqtisadiyyat.az kommersiya qurumlarının dövlət reyestri bazasından məlumat əldə edib.
Oktyabrın 27-də şirkətin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə vergi borcu 7 672 122,25 manat borcu mövcud olub. Hazırda isə bu borcun miqdarı 6 704 191,98 manata düşüb. Beləliklə, “ABC-Telecom” son bir ayda dövlətə 967 931 manat borc ödəməyə məcbur edilib.
Məlumat üçün bildirək ki, Vergi Məcəlləsinin 23-cü maddəsinə əsasən vergi borcunun gecikdirilməsinə görə sanksiyalar nəzərdə tutulur.
Bu günlərdə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Kontakt Home” əmtəə nişanı altında məişət texnikası, mobil telefonlar və elektronika məhsullarının satışını həyata keçirən “ABC-Telecom” şirkətinin haqsız rəqabətə yol verdiyi ilə bağlı məlumat yayıb. Qeyd edilib ki, mağazalar şəbəkəsinin “HOFFMANN” markalı elektrik qızdırıcılarının satışı zamanı istehlakçıları çaşdıra bilən məlumatlardan istifadə etdiyi, məhsulların faktiki istehsalçısının Çin şirkəti olmasına baxmayaraq, qablaşdırmada Almaniyaya aid ifadə və təsvirlərdən istifadə etməklə onların həmin ölkədə istehsal olunduğu təəssüratı yaratdığı və bununla da, Rəqabət Məcəlləsinin tələblərini pozduğu müəyyən edilib. Yol verilmiş haqsız rəqabət hallarının aradan qaldırılması və bu hallara təkrar yol verməmələri barədə “ABC-Telecom”a icrası məcburi göstərişlər verilib.
Xatırladaq ki, “ABC-Telecom” 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi və “Kontakt” mağazalar şəbəkəsinin baş direktoru Həsən İsrafilzadədir.









