“Bravo” supermarketlərin sahibi “Azərbaycan Supermarket” MMC ilə bağlı növbəti cərimə protokolu tərtib edilib.
Tribuna xəbər verir ki, “Bravo”nun İnzibati Xətalar Məcəlləsinin ekoloji təhlükəsizlik qaydaları əlayhinə olan 275.2-ci maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulmasına görə, fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğdə cərimə edilir.
“Bravo” ilə bağlı iş baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib. İşə 28 noyabr tarixində hakim Aytəkin İbrahimovanın sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, “Bravo” marketlər şəbəkəsinin sahibi “Azərbaycan Supermarket” MMC-dir. MMC-nin Baş İcraçı direktoru Jaime Teixeiradır.
Qarşı tərəfi dinləməyə hazırıq.








