Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST) “DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi” MMC üçün inzibati bina sahəsi icarəyə götürüb.
Tribuna.az xəbər verir ki, dünən bununla bağlı tenderin nəticəsi açıqlanıb.
Məlumatda deyilir ki, tenderin qalibi Validə Rəhim qızı Vəliyevadır. Onunla DOST arasında 5 milyon 241 min 600 manat dəyərində icarə müqaviləsi bağlanılıb.
Qeyd edək ki, ötən il də tərəflər arasında analoji razılaşma olub. Həmin vaxt DOST Validə Vəliyeva ilə 5 aylığına razılaşaraq, icarə haqqı olaraq 897 min manat pul ödəyib.
Məlumat üçün bildirək ki, azı 85 otaqdan ibarət olan ofisdə 24 ədəd rəhbər otağı, 30 sanitar qovşağı və 6 mətbəxi var.
Bəs, Validə Vəliyeva kimdir? Tribuna.az açıq mənbələr üzərindən bu şəxsin kimliyi ilə bağlı araşdırma aparıb. Lakin açıq mənbələrdə onun haqqında hər hansı məlumat yoxdur.
Lakin kiçik araşdırma zamanı bəlli olub ki, Validə Vəliyevanın atası Rəhim Vəliyev də tenderlərdə aktiv iştirak edən şəxslərdən biri olub. Vəliyev bu ilin ortalarında bir gündə üç tenderi udmaqla medianın diqqətini çəkibmiş. Belə ki, o, DSX-nın su nasosları və dövriyyə nasoslarının əsaslı təmiri işlərini (146 min 150 manat), DSX-nin balansında mövcud olan istilik qazanxanalarının əsaslı təmirini (314 min 960 manat) və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin elan etdiyi Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinə məxsus olan soyuducu anbarların cari təmir (63 min 495 manat) işlərini reallaşdırıb.
Tərəfləri dinləməyə hazırıq.









