Milli Məclisin bugünkü plenar iclasında “Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.
Layihə barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Layihəyə əsasən, dövlət qulluqçusu müddətli həqiqi hərbi və ya alternativ xidmətə çağırıldıqda dövlət qulluğuna xitam verildikdə ona orta aylıq dövlət məvacibinin 3 misli miqdarında müavinət ödəniləcək.
Dövlət orqanının ləğvi istisna olmaqla, müddətli həqiqi hərbi xidmətə çağırılanadək müvafiq dövlət orqanında qulluq keçmiş şəxslər, hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək əvvəlki vəzifəsini tutmaq üçün müraciət etdikdə, həmin orqanda əvvəlki və ya analoji vəzifəyə təyin ediləcəklər.
Layihədə bildirilib kj, müddətli həqiqi hərbi xidmətə çağırılmazdan bilavasitə əvvəl dövlət qulluğu vəzifəsində qulluq keçmiş və ehtiyata buraxıldıqdan bilavasitə sonra yenidən dövlət qulluğu vəzifəsinə təyin edilmiş dövlət qulluqçularının müddətli həqiqi hərbi xidmətdə olduqları müddət onların qulluq stajı hesablanarkən nəzərə alınacaq.
Vergi Məcəlləsi və “Sosial sığorta haqqında” haqqında qanuna da müvafiq dəyişikliklər təklif olunub.
Qanun layihəsi səsverməyə qoyularaq ilk oxunuşda qəbul edilib.









