Milli Məclisin iclasında “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” və “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilib.
Deputat Razi Nurullayev bildirib ki, qanunun müzakirəsindən istifadə edərək minlərlə vətəndaşımızın çox ciddi və ağrılı bir problemindən bəhs etmək istəyir:
“Hazırda ölkənin bir çox kənd və qəsəbələrində insanlar evlərinə sənəd ala bilmədikləri üçün qaz və işıq çəkdirə bilmir. Söhbət qeyri-qanuni tikililərdən getmir. Söhbət illərdir yaşayış olan, ailələrin məskunlaşdığı evlərdən gedir. Ən acınacaqlısı isə odur ki, çox vaxt qaz borusu həmin evlərin düz önündən keçir. Texniki imkan var, qaz var, amma vətəndaşa deyilir ki, “kupça”, evin qeydiyyat sənədini gətir! Kənd yerində yaşayan, aşağı gəlirli ailə üçün “kupça” almaq həm baha, həm də olduqca mürəkkəb prosesdir. Aylarla davam edən sənədləşmə, idarələr arasında süründürməçilik insanları bezdirir. Nəticədə vətəndaşlar bu prosesdən imtina edir və deyir ki, evimdə donaram, amma bu sənədləşmə əzabını bir daha yaşamayacam. Bu artıq təkcə sosial məsələ deyil. Bu, insan ləyaqətinə toxunan bir problemdir. Hazırda Milli Məclisdə müzakirə olunan “Dövlət rüsumu haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlara dəyişikliklərdə müəyyən sosial kateqoriyalar üçün mühüm imtiyazlar nəzərdə tutulur. Şəhid ailələri, müharibə əlilləri, müharibə veteranları və sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər üçün rüsumlardan azadolma və güzəştlər təklif edilir. Bu, çox düzgün və dəstəklənməli yanaşmadır.
Amma eyni zamanda bir reallığı da deməliyik. Kənd yerlərində yaşayan, illərdir evində məskunlaşan, lakin bu imtiyazlı kateqoriyalara daxil olmayan minlərlə aşağı gəlirli ailə var ki, mövcud mexanizmlərdən kənarda qalır. Bu insanlar nə sənədləşməni tamamlaya bilir, nə də kommunal xidmətlərə çıxış əldə edir. Mən hesab edirəm ki, məhz bu nöqtədə qanunvericilik yanaşması tamamlanmalıdır”.
R.Nurullayev bildirib ki, əgər dövlət müəyyən ailələr üçün sənədləşmə prosesində sosial ədaləti əsas götürürsə, eyni prinsip yaşayış faktı olan, lakin sənədsiz qalan evlərə minimum kommunal təminat məsələsində də tətbiq edilməlidir:
“Təklif edirəm ki, yaşayış faktı yerli icra hakimiyyəti və ya bələdiyyə tərəfindən təsdiqlənən fərdi yaşayış evlərinə, mülkiyyət sənədi olmadan da, minimum kommunal xidmətlər, xüsusən qaz və elektrik, müvəqqəti əsasla təmin edilsin və paralel olaraq bu ailələr üçün sadələşdirilmiş və əlçatan sənədləşmə mexanizmi tətbiq olunsun.
Qaz lüks deyil. İstilik imtiyaz deyil. Bu, insanın yaşamaq üçün ən elementar ehtiyacıdır. Əgər boru evin önündən keçirsə, amma uşaq soyuqda qalırsa, burada problem vətəndaşda yox, sistemdədir. Biz qanunları insanlar üçün qəbul edirik və bu məsələ də məhz bu yanaşma ilə həll olunmalıdır”.









