Son illərdə ərəb ölkələrində təhsil sahəsində baş verən dəyişikliklər beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir. Tanınmış təhsil eksperti Aisa Aslanova Aztv kanalına verdiyi müsahibədə regionda təhsilin inkişaf istiqamətləri, xarici tələbələr üçün yaradılan imkanlar və universitetlərin beynəlxalq mövqeyi ilə bağlı ətraflı fikirlər səsləndirib.
Ekspertin sözlərinə görə, ərəb ölkələrində təhsilə maraq artıq ənənəvi sahələrlə məhdudlaşmır. Xüsusilə STEM ixtisasları, Süni İntellekt, Neft və Qaz mühəndisliyi, bərpa olunan enerji, biznes, menecment və fintech sahələri prioritet istiqamətlər kimi ön plana çıxır. Bir çox ölkə post-neft dövrünə hazırlıq məqsədilə texnologiya əsaslı ixtisaslara böyük investisiyalar ayırır. Bu yanaşma gənclərin qlobal əmək bazarında rəqabətqabiliyyətli kadrlar kimi formalaşmasına xidmət edir.
Aisa Aslanovanın bildirirdiyinə görə Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı xarici tələbələri cəlb etmək üçün təhsil sistemlərini beynəlxalq standartlara uyğunlaşdırır. Bu ölkələrdə dünyanın aparıcı universitetlərinin filialları fəaliyyət göstərir, həmçinin dövlət səviyyəsində tam və qismən maliyyələşdirilən təqaüd proqramları təqdim olunur. Beynəlxalq tələbələr üçün vizaların sadələşdirilməsi, kampus şəraitinin yaxşılaşdırılması və tələbə yönümlü sosial mühitin yaradılması da bu siyasətin əsas tərkib hissəsidir.
Dövlət universitetlərində tədris əsasən ərəb dilində aparılsa da, texniki, mühəndislik və beynəlxalq proqramlarda ingilis dili əsas tədris dili kimi istifadə olunur. Xüsusilə magistratura və doktorantura pillələrində ingilis dilli proqramların üstünlük təşkil etməsi xarici tələbələrin inteqrasiyasını asanlaşdırır.
Eyni zamanda, multikultural akademik mühit tələbələrə fərqli mədəniyyətləri yaxından tanımaq imkanı yaradır.
Müsahibədə vurğulanıb ki, son illərdə ərəb ölkələrinin bir sıra universitetləri dünya reytinqlərində irəliləyib. KAUST (Səudiyyə Ərəbistanı), Qatar University, eləcə də BƏƏ-də yerləşən ali təhsil müəssisələri güclü elmi-tədqiqat bazası ilə seçilir. Dövlət tərəfindən ayrılan böyük maliyyə vəsaiti laboratoriyaların yenilənməsinə, tədqiqat layihələrinin maliyyələşdirilməsinə və beynəlxalq akademik əməkdaşlığa yönəldilir.
Ekspertin fikrincə ərəb ölkələrində təhsil almaq bir sıra mühüm üstünlüklər təqdim edir. Bunlara təhlükəsiz mühit, yüksək həyat standartları, bəzi ölkələrdə vergisiz iqtisadi model, eləcə də sürətlə inkişaf edən əmək bazarı daxildir. Bundan əlavə, regionun Avropa, Asiya və Afrika arasında strateji mövqedə yerləşməsi məzunlara beynəlxalq şirkətlərdə karyera qurmaq üçün geniş imkanlar açır. Aisa Aslanovana yekunda qeyd edib ki, ərəb ölkələri artıq yalnız regional deyil, qlobal təhsil mərkəzləri kimi formalaşmaqdadır. Müasir ixtisaslar, güclü maliyyə dəstəyi və beynəlxalq yönümlü proqramlar bu regionu xarici tələbələr üçün cəlbedici edir.









