“Eto Mextiyev Ramis, slışite?” – Ramiz Mehdiyevin rusiyalı əlaqələndirici ilə yayımlanan telefon danışığı bu cür başlayır. Mehdiyevin özü tərəfindən bu cür rusdilli təqdimatı olduqca simvolikdir – çünki o, həmişə Ramiz Ənvər oğlu Mehdiyev yox, məhz “Mextiyev Ramis Enveroviç” olub və kim bilir bu uzun illər boyu ondan neçə minlərlə bu cür telefon danışıqları – xəyanət “donosları”, “raportları” gedib.
Mehdiyevlə bağlı hələ vəzifədə olarkən, qılıncının nəinki dalı-qabağı, əl tutan dəstəyi də kəsəndə “AzPolitika” olaraq, çox yazmışıq, buna görə başımız da çox ağrayıb. Odur ki, bu gün susub, sadəcə, vaxtilə onun əlini öpməyə hazır olanların, ondan bəhrələnənlərin indi onu necə söyməsinə tamaşa etməklə kifayətlənə bilərdik. Lakin Mehdiyevin özünün iştirakı ilə evindən milyonlarla pulun çıxmasına dair (tarixi) görüntülər elə qarışıq, ziddiyyətli hisslər yaradır ki, buna sadəcə seyr edib susmaq olmur…
Adətən, hansısa məmura qarşı rüşvət əməliyyatı keçiriləndə, ona veriləcək əskinazların üzərinə xüsusi qələmlə “rüşvət” sözü yazılır. Bu söz adi gözlə oxunmur, onu yalnız üzərinə bənövşəyi işıq salanda görmək olur. İndi Mehdiyevin evindən çıxan(və əlbəttə ki, onun sərvətinin çox cüzi hissəsini təşkil edən) hər bir dollar, hər bir manat əskinazının üzərində adi gözlə görünməyən “XƏYANƏT” söz yazılıb və bu sözü yazan hansısa əməliyyatçı yox, Mehdiyevin özüdür, əməlləridir…

Yayımlanan telefon danışığından görünür ki, Mehdiyev 90-ı haqlamaq üzrə olan bu yaşında, (ahıllarımızdan uzaq) nəfəsinin, səsinin harasından çıxdığı bəlli olmayan indiki halında belə özü “təşəbbüslə” çıxış edir, ruslara “xidmət” təklif edir, “ideya” irəli sürür, məktub göndərir və s. Bu da bir daha göstərir ki, xəyanət belələrinin canındadır, bəlkə də qanındadır və onları heç “verbovka” etməyə də ehtiyac yoxdur – yaşından, başından asılı olmayaraq, özləri özlərini təklif edirlər, boyun əyirlər, qulluqda dururlar…

Onun evindən çəkilən mənzərə göstərdi ki, Mehdiyev adını “filosof” qoydurub kitablar yazdırsa da, öz mahiyyətinə, səviyyəsinə görə təqdimatını verdiyi və himayə etdiyi aşpaz, prorab, alverçi icra başçılarından heç nə ilə fərqlənmir – onlar kimi, hətta onlardan da betər primitiv, acgöz, tamahkar biridir…

Unutmayaq ki, hələ də tam açılmayan və əsas günahkarları cəzalandırılmayan “Tər tər işi” kimi Vətənə, orduya, xalqa ləkə yaxmağa hesablanan işlər olub. Bu işlərin də arxasında kimlərin, kimin durduğunu aydınlaşdırmağa ehtiyac var. Onu da yaddan çıxarmayaq ki, “Mextiyev Ramis”in şinelindən çıxan hələ xeyli iri məmur, deputat, hakim, rəis var və simasını, mövqeyini dəyişib indi Mehdiyevin ən qatı tənqidçilərinə çevrilən belələri vəzifələrdə qaldıqca, onların yaratdığı təhlükə də qalır…
Pis olan həm də odur ki, Mehdiyevin banisi olduğu rayon icra hakimiyyəti strukturlarındakı(təəssüf ki, bəzilərində hələ də qalan) korrupsiya sadəcə məişət korrupsiyası, acgözlük, talançılıq deyil. Bu, həm də dərin ictimai-siyasi fəsadlar verən, dövlətin, dövlətçiliyin sütununu laxladan, millətin dövlətə inamını sarsıtmağa yönələn sistem korrupsiyasına çevrilmiş bəladır və ondan Azərbaycana qarşı siyasi alət, təzyiq vasitəsi kimi istifadə edilə bilər və edilir də. Bunun sayəsində Azərbaycan beynəlxalq korrupsiya reytinqlərində ilk 20-liyə, 30-luğa salınır. Odur ki, hər bir iri korrupsioner məmur, nazir, icra başçısı, hakim, rəis və s. potensial Ramiz Mehdiyev ola bilər. Çünki belələrinin “zəif damarı” var və bunu bilən tək biz deyilik…
Ona görə, ölkədə rüşvət, korrupsiya, ədalətsizlik qaldıqca rus, fars, ingilis, yəhudi, ərəb və s. kəşfiyyatlarının ayağı da Azərbaycandan kəsilməyəcək…
Elxan Qüdrətoğlu
“AzPolitika.info”









