“Qarabağ”ın futbolçusu Marko Yankoviç “Sabah”la oyundan sonra baş verənlərə münasibət bildirib.
Təcrübəli futbolçu “Qafqazinfo”nun instaqram hesabındakı paylaşımına şərh yazaraq, hakimə hücum çəkməsi ilə bağlı görüntülərə reaksiya verib.
“Əgər özünü ciddi jurnalist və ağıllı insan kimi təqdim edirsənsə, mən səndən aşağıdakı suallara cavab verməyini istəyirəm:
Əgər 20 nəfərin reaksiyası eynidirsə, mümkündürmü ki, onların hamısı dəli olsun və yalnız 1 nəfər haqlı olsun?
Sizlərdən kimsə özünə sual veribmi ki, hakim nə dedi və ya nə etdi ki, mən belə reaksiya verdim?
Və xeyr, bu, penalti olduğunu düşündüyüm üçün deyil. Məsələ ondadır ki, mən meydanda ilk dəfə ondan VAR-a baxmağı xahiş edəndə o mənə qırmızı vərəqə verdi və “rədd ol” dedi! Təkcə bir dəfə yox, dəfələrlə və təkcə mənə yox!
Üstəlik, meydanda ən sakit insan olmalı olan hakim məni paltardəyişmə otağına dəvət edir?!
Niyə? Mənimlə dava etmək üçün? Bu, absurddur və onun peşəsinə qarşı tam qeyri-peşəkar və hörmətsiz davranışdır.
Mən onun qərarı ilə razılaşmaya bilərəm, amma ona söyməmişəm.
Unutmayın ki, bu, “Qarabağ”da 4 il ərzində mənim ilk qırmızı vərəqəmdir və karyeramda ikinci dəfədir. Fikirləşin”, – deyə Yankoviç yazıb.
Xatırladaq ki, “Sabah”la oyunun ardından M.Yankoviçin görüşün baş hakimi Rəvan Həmzəzadənin üzərinə getdiyinə dair video yayılıb.









