Şərqdə bir şair vardı — dərisini soydular, amma sözünə gücləri çatmadı. Qərbdə bir şair vardı — sürgün etdilər, amma ruhunu susdura bilmədilər. Bir də bəşəriyyətin yaddaşında elə bir müqəddəs ad yaşayır ki, onu çarmıxa çəkdilər, amma sevgisini məğlub edə bilmədilər. Bu üç ad — İmadəddin Nəsimi, Dante Aligeyri və İsa Məsih — zahirən bir-birindən uzaqdaymış kimi görünür. Biri Şərqin mistik nəfəsini, Hələbin faciəli taleyini və Azərbaycan türkcəsinin İlahi söz qüdrətini daşıyırdı. Digəri Florensiyanın siyasi çaxnaşmalarından, Avropanın mənəvi böhranlarından, Orta əsr insanının qorxu və ümid dolu dünyasından doğmuşdu. Üçüncüsü isə Qüds küçələrində mərhəməti, bağışlamağı, sevgini və daxili təmizliyi insanlara öyrədən müqəddəs bir missiyanın daşıyıcısı idi. Onları birləşdirən əsas həqiqət insanın içindəki ilahi işığı qorumaq, sözün, sevginin və həqiqətin cismdən güclü olduğunu göstərmək idi.
Tarix qəribəliklərlə doludur; ədalət onda müxtəlif formalarda təzahür edir. Dövlətlər qalır, amma onların ruhu ölür; imperiyalar dağılır, lakin bir insanın dediyi bir cümlə əsrlərlə yaşayır. Nəsimi “Məndə sığar iki cahan” deyəndə sadəcə, poetik obraz yaratmırdı; o, insanı kainatın mərkəzinə gətirirdi. İnsan onun düşüncəsində torpaqdan yoğrulmuş zəif varlıq deyil,İilahi nəfəsin, mənəvi sirrin və sonsuz idrakın daşıyıcısı idi. Dante “İlahi Komediya”nı yazanda yalnız axirət səhnələri təsvir etmirdi; o, insan vicdanının kosmik xəritəsini çəkir, günahdan peşmanlığa, peşmanlıqdan təmizlənməyə, təmizlənmədən nura doğru gedən ruhun böyük yolçuluğunu göstərirdi. İsa Məsih isə insanlara Tanrının səltənətini xarici hakimiyyətdə deyil, insanın daxilində, təmiz qəlbdə, mərhəmətdə və sevgidə axtarmağı öyrədirdi. Nəsimi ilə Dante arasında ilk böyük yaxınlıq onların taleyində, xüsusilə sürgün və anlaşılmamaq ağrısında görünür. Dante doğma Florensiyadan qovuldu və ömrünün sonuna qədər vətəninə qayıda bilmədi. Onun üçün sürgün sadəcə, coğrafi ayrılıq deyildi; bu, insanın öz şəhərində, öz xalqının yaddaşında qəribə çevrilməsi idi. Dante yad şəhərlərin divarları arasında yalnız Florensiyanı deyil, insanın itirdiyi mənəvi evi düşünürdü. Onun “başqasının çörəyinin acılığı” haqqında söylədiyi fikir təkcə siyasi faciəni deyil, qürurun parçalanmasını, şəxsiyyətin ağır sınağını və ruhun dərin ağrısını ifadə edirdi. Nəsimi də yaşadığı dövrün dini, siyasi və ictimai qəliblərinə sığmadı. Onun düşüncəsi mövcud sərhədləri dağıdırdı. Hürufilik onun dünyagörüşündə yalnız dini-fəlsəfi məktəb deyildi; insanı müqəddəs məna kimi qəbul edən, hərfdə, simada, sözdə və varlıqda İlahi işarə axtaran böyük bir mənəvi sistem idi. O dövrdə insanın ilahi həqiqətin aynası olduğunu demək hakimiyyət və fanatizm üçün təhlükəli fikir sayılırdı. Çünki qorxu üzərində qurulan sistemlər insanın daxilində sonsuz mənəvi güc olduğunu qəbul edə bilmirdi. Nəsimi isə bu qorxunun içində sözünü qılınc kimi deyil, nur kimi yüksəklərəqaldırdı. Onun sözü dağıtmırdı, ayıldırdı, birləşdirirdi; qan tökmürdü, qaranlığı yarırdı.
Bu məqamda Nəsiminin “Ənəlhəq” fəlsəfəsi xüsusi əhəmiyyət qazanır. “Ənəlhəq” — “Mən Haqqam” ifadəsi tarix boyu çox zaman yanlış anlaşılmışdır. Bu fikir özünü Allah elan etmək, yaxud insan “mən”ini mütləqləşdirmək demək deyildi. Əksinə, nəfsin yox olması, insanın İlahi həqiqətdə əriməsi, fərdi “mən”in Haqq qarşısında itməsi idi. Nəsimi üçün “mən” artıq adi insan eqosu deyildi; o, insanın daxilindəki ilahi nəfəsin, Haqqa bağlı ruhani varlığın səsi idi. Bu düşüncənin kökü təsəvvüf ənənəsində, xüsusilə Mənsur Həllacın mənəvi irsində dayanırdı. Həllac da “Ənəlhəq” dediyi üçün edam edilmişdi. Çünki hakimiyyətlər həmişə daxili azadlıq ideyasından qorxublar.
Nəsimi “Ənəlhəq” deyəndə insanın Allahlığa iddiasını nəzərdə tutmurdu, insanın Allahın nurunu daşıdığını deyirdi. O, insanı torpaq parçası kimi deyil, kainatın gizli sirri kimi qəbul edirdi. Buna görə onun poeziyasında insan üzü müqəddəsləşir, insan gözü İlahi kitab kimi oxunur, hərf kosmik məna qazanır. Hərflər onun üçün sadəcə, səs işarələri deyildi; onlar varlığın gizli damarları, kainatın mənəvi quruluşu və Tanrısal nizamın insan simasında görünən rəmzləri idi. Dante üçün insan ruhu Cəhənnəm, Əraf və Cənnət mərhələlərindən keçir. Nəsimi üçün isə insanın özü kainatdır. Dante Tanrıya doğru yüksəliş yolunu təsvir edir, Nəsimi isə Tanrısal nuru insanın daxilində görür.
Burada Şərqlə Qərbin metafizik fərqi aydın görünür: Qərb çox vaxt Tanrıya yüksəlməyə çalışır, Şərq isə Tanrının izini insanın iç dünyasında axtarır. Lakin bu fərq qarşıdurma deyil; bu, eyni səmanı müxtəlif zirvələrdən seyr edən iki böyük baxışdır. Onların poetik dilləri də bir-birinə yaxınlaşır. Dante üçün Beatriçe ilahi nurun, mənəvi təmizliyin və ruhani yüksəlişin rəmzidir. Nəsimi üçün sevgili bəzən Allahın camalı, bəzən həqiqətin surəti, bəzən də insanın daxilində açılan İlahi sirdir. Dante “qaranlıq meşə” obrazı ilə insanın mənəvi itkinliyini göstərir. Nəsimi isə “canan”, “eşq”, “nur”, “əlif” kimi simvollarla ruhun gizli qatlarını açır. Dante insanı qaranlıq meşədən İlahi işığa aparır; Nəsimi isə həmin işığın insanın öz daxilində olduğunu göstərir. Dante ilə Nəsimini birləşdirən əsas cəhətlərdən biri də qorxmazlıqdır. Hər ikisi yaşadıqları əsrin siyasi və dini sistemlərinə qarşı mənəvi etiraz səsi ucaltdı. Dante papalığın, Florensiya aristokratiyasının və siyasi əxlaqsızlığın tənqidçisinə çevrildi. Nəsimi isə insanı müqəddəs elan etdi. Orta əsrlərdə bu fikir imperiyaları silkələyə biləcək qədər təhlükəli idi. Çünki insan öz daxilində Haqq işığını görəndə zalımın kölgəsi kiçilir. Nəsimini İsa Məsihlə müqayisə etmək isə son dərəcə həssas və fəlsəfi məsələdir. Burada söhbət dini məqamdan, peyğəmbərlik statusundan və ilahi missiyanın eyniləşdirilməsindən getmir. İsa Məsih müqəddəs peyğəmbərlik və ilahi missiya daşıyıcısıdır; Nəsimi isə insan ruhunun ilahi həqiqətə can atan şair-mütəfəkkir obrazıdır. Onları eyniləşdirmək yox, talelərindəki mənəvi paralelləri görmək lazımdır. İsa insanlara sevgini, mərhəməti və daxili təmizliyi öyrədirdi. O göstərirdi ki, insanı böyüdən güc nifrət deyil, sevgidir. Lakin yaşadığı cəmiyyət onu tam anlamadı. O, xəyanət gördü, tək buraxıldı, çarmıxa aparıldı. Başına tikanlı tac qoyuldu, əllərinə mismar vuruldu. İnsanlıq tarixinin ən ağır mənəvi səhnələrindən biri də budur: sevgi öyrədən bir müqəddəsin nifrətlə cəzalandırılması. Bu səhnədə yalnız bədənin ağrısı yox, bəşəri vicdanın böyük sınağı var idi. İsanın iztirabı yalnız fiziki deyildi. Onun ən böyük ağrısı insanların mənəvi korluğu idi. O, insanları xilas etmək istəyirdi, insanlar isə onu təhlükə hesab etdilər. Bu, bütün böyük ruhların faciəsidir: onlar insanlığa güzgü tuturlar, insanlıq isə bəzən həmin güzgüdə öz eybini görüb onu sındırmaq istəyir. Nəsimi də bənzər mənəvi ağrını yaşadı. O da insanı ucaldırdı, insanın Allahın aynası olduğunu deyirdi. Lakin onu da kafir elan etdilər. Hələb meydanında onun dərisini soyarkən əslində yalnız bir şairin bədəni deyil, insanın müqəddəsliyi ideyası cəzalandırılırdı. Rəvayətə görə, o anda belə Nəsimi sarsılmadı. Çünki onun üçün bədən keçici, həqiqət isə əbədi idi. Dəri soyula bilərdi, amma sözün dərisi soyulmurdu; qan axa bilərdi, amma mənanın damarları qurumurdu. Burada İsa ilə Nəsimi arasında mistik yaxınlıq görünür. Hər ikisi bədən üzərində qurulan işgəncəni ruhun məğlubiyyəti saymadı. Onlar üçün əsas olan həqiqətin yaşaması idi. İsa çarmıxda bağışlamağın ən uca simvoluna çevrildi; Nəsimi edam meydanında sözün ən qorxmaz şəhadətinə yüksəldi. Biri sevginin əbədiliyini, digəri insanın İlahi mənasını bədən ağrısından üstün tutdu.
Dante isə bu iki böyük ruh arasında fərqli bir körpü kimi dayanır. O, nə İsa kimi İlahi missiya daşıyıcısı idi, nə də Nəsimi kimi mistik ekstazın ən son həddinə çatırdı. Lakin o, insan ruhunun faciəsini bəşəriyyətə göstərdi. “İlahi Komediya” sadəcə, poema deyil; insan vicdanının məhkəməsidir. Orada hər günah öz simasını tapır, hər xəyanət öz buzuna çevrilir, hər peşmanlıq bir pillə olur, hər nur insanın öz qaranlığını aşmaq istəyindən doğur.
Dantenin cəhənnəmi əslində insanın daxilindəki qaranlıqdır. O, xəyanət edənləri buzun içində təsvir edirdi. Çünki Dante üçün ən böyük günah insan ruhunun sevgidən uzaq düşməsi idi. Onun iztirabı yalnız sürgün deyildi; o, insanlığın mənəvi çöküşünü, Florensiyanın siyasi oyunlarını, kilsənin hakimiyyət ehtirasını və insanın vicdanını satmasını görürdü. Onun qələmi bəzən dua, bəzən hökm, bəzən də yaralı vətənin səssiz fəryadı idi.
Bu üç şəxsiyyətin düşüncə sistemi fərqli olsa da, onların hamısı insanın mənəvi taleyi üzərində dayanır. Dante üçün günah insanı aşağı çəkir. Nəsimi üçün cahillik insanı kor edir. İsa üçün nifrət insanı Tanrıdan uzaqlaşdırır. Dante insanı cəza və təmizlənmə mərhələlərindən keçirir. Nəsimi insanı öz içindəki Haqqa yönəldir. İsa isə insanı mərhəmətin, bağışlamanın və sevginin işığında yenidən doğulmağa çağırır.
Nəsiminin poeziyasında insan bədəni belə müqəddəs məna qazanır. O, insan üzünü Allahın xətti kimi oxuyur. Hürufiliyin əsas ideyası hərflərin və insan simasının İlahi sirr daşıması idi. Bu baxımdan Nəsimi modern ekzistensializmdən əsrlər əvvəl insanı kosmik varlıq kimi təqdim etmişdi. O, insanı kainat qarşısında tək və aciz qoymurdu; əksinə, kainatı insanın daxilinə yerləşdirirdi. Dante isə insanı mənəvi yolçu kimi təqdim edir. Vergili və Beatrice vasitəsilə ruhun yüksəlişini göstərir. Burada rasional ağıl və ilahi eşq birləşir. Nəsimidə isə ağıl eşqin içində əriyir. O, həqiqəti yalnız düşünməklə deyil, yaşamaqla tapır.
Dante pillə-pillə yüksəlir, Nəsimi alovlarda yanır; Dante nizam qurur, Nəsimi sərhəd dağıdır; Dante ruhu səma qatlarına aparır, Nəsimi səmanı insanın sinəsində açır.
İsa Məsihin həyatındakı ən böyük məqamlardan biri bağışlama fəlsəfəsidir. O, ona işgəncə verənlər üçün belə dua edirdi. Nəsimidə də qəribə bir mərhəmət var. Onun şeirlərində qəzəb deyil, daha çox yanmaq hiss olunur. O, insana nifrət etmir; insanın öz cahilliyinə acıyır. Bu acıma zəiflik deyil, böyük ruhların ucalığıdır. Çünki həqiqəti dərk edən insan qisasla yox, mərhəmətlə danışır. Buna görə Nəsimi Azərbaycan ədəbiyyatında sadəcə, klassik şair deyil, mənəvi hadisədir. O, sözün bədənə, bədənin ruha, ruhun Haqqa çevrildiyi nadir zirvələrdən biridir. Onun poeziyası yalnız oxunmur; insanı içəridən silkələyir, öz varlığı ilə üz-üzə qoyur və insana sual verir: sən kimsən — torpaq, qorxu, nəfs, yoxsa nur? Dante İtaliya dilinin formalaşmasında mühüm rol oynadı. Nəsimi isə Azərbaycan türkcəsinin poetik və fəlsəfi gücünü ortaya qoydu.
Əgər Dante İtaliya ədəbi dilinin böyük memarlarından sayılırsa, Nəsimi də türk dilinin metafizik imkanlarını genişləndirən dahilərdəndir. O göstərdi ki, Azərbaycan türkcəsində yalnız sevgi və gözəllik deyil, varlıq fəlsəfəsi, İlahi sirr, insanın ən dərin metafizik ağrısı və ən uca mənəvi qüruru da ifadə oluna bilər.
Bu gün dünya Nəsimini yenidən oxumağa ehtiyac duyur. Çünki müasir insan texnologiyanın içində ruhunu itirir. İnsan göylərə qalxır, amma öz daxilinə enə bilmir. Nəsimi isə insanın daxilində sonsuz kainat olduğunu deyirdi. Onun sözü bu gün daha da aktualdır: insan öz yaratdığı sürətin, rəqəmlərin, süni parlaqlığın və mexaniki həyatın içində yenə də ruhunun səsini axtarır. Dante orta əsr Avropasının qorxularını və vicdan sınaqlarını yazdı. İsa insanlığın mərhəmət ehtiyacını yaşadı. Nəsimi isə insanın ilahi potensialını göstərdi. Onların hər üçünün taleyində ağrı var. Çünki həqiqət rahat yalanları dağıdır, taxtları silkələyir, məbədlərin soyuq daşlarına isti nəfəs gətirir və qaranlıq otaqlarda yandırılmış şam kimi qorxunu ifşa edir.
Tarixdə minlərlə şair və filosof yaşayıb. Amma çox az insan öz bədəni ilə ideyasını sübut edib. İsa bunu çarmıxda etdi. Nəsimi edam meydanında. Dante isə ömrünün sonuna qədər sürgündə yaşayaraq öz həqiqətini isbat etdi. Onların hər biri öz taleyini sözünün möhürünə çevirdi. Biri qanı ilə mərhəməti, biri dərisi ilə həqiqəti, biri sürgünü ilə vicdanı təsdiqlədi.
Bu gün Nəsimini yalnız klassik şair kimi oxumaq böyük səhvdir. O, Şərqin metafizik inqilabıdır. Onun poeziyası sadəcə, qəzəl deyil; insanın özünü tanıma manifestidir. Dante ilə birlikdə oxunduqda isə görünür ki, Şərq və Qərb əslində bir-birindən uzaq deyil. Sadəcə, biri həqiqəti ağlın pillələri ilə axtarırdı, digəri eşqin alovu ilə. Biri kainatı İlahi ədalətin böyük memarlığı kimi qururdu, digəri kainatı insanın çöhrəsində oxuyurdu. İsa Məsihlə aparılan paralel isə insanlığın ən qədim həqiqətini göstərir: sevgi və həqiqət uğrunda yaşayanlar çox vaxt öz dövrlərində məğlub görünürlər. Amma zaman keçdikcə onların sözü qalib gəlir. Çünki zor yalnız bədəni susdurur; həqiqət isə zamanın dərinliyində özünə yeni səslər, yeni dillər və yeni ürəklər tapır.
Nəsiminin dərisini soydular, amma onun “Məndə sığar iki cahan” fəlsəfəsi bu gün də yaşayır. Danteni sürgün etdilər, amma “İlahi Komediya” hələ də insan vicdanının ən böyük kitablarından biridir. İsanı çarmıxa çəkdilər, amma onun mərhəmət ideyası iki min ildir insanlığa mənəviyyət dərsi keçir. Çünki bədən ölür. Söz isə ölmür. Söz ölməyəndə insan da tam ölmür; onun nəfəsi kitabların arasında, duaların içində, şeirlərin sükutunda və vicdanın ən gizli guşəsində yaşamağa davam edir.
Adəm İsmayıl Bakuvi
Vəhdət Partiyasının sədri,
Yazıçı-publisist









