Ədliyyə Nazirliyi adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı prosedur və əsas tələbləri açıqlayıb.
Cumhuriyyet.az xəbər verir ki, nazirlikdən bildirilib ki, Azərbaycan vətəndaşları 18 yaşına çatdıqdan sonra adını, ata adını və soyadını dəyişdirmək üçün müraciət edə bilərlər.
Müraciət vətəndaşın seçdiyi qeydiyyat şöbəsinə, xaricdə daimi yaşayan və ya il ərzində 182 gündən çox müvəqqəti qalan şəxslər tərəfindən isə konsulluq idarəsinə təqdim olunur.
Müraciət daxil olduqdan sonra şəxsin doğum, nikah, nikahın pozulması və digər vətəndaşlıq vəziyyəti aktları ilə bağlı məlumatlar yoxlanılır. Daha sonra sənədlər araşdırılması üçün yaşayış yeri üzrə polis orqanına göndərilir.
Yoxlamaların nəticələri əsasında qeydiyyat orqanı adın, ata adının və ya soyadın dəyişdirilməsi ilə bağlı qərar qəbul edir. Qərar müsbət olduqda dəyişiklik dövlət qeydiyyatına alınır və vətəndaşa müvafiq şəhadətnamə verilir.
İmtina qərarı ilə razılaşmayan şəxslər həmin qərardan inzibati qaydada və ya məhkəmə yolu ilə şikayət edə bilərlər.
Nazirlik qeyd edib ki, cinayət işi üzrə şübhəli və ya təqsirləndirilən şəxs statusu olan, ödənilməmiş və ya götürülməmiş məhkumluğu bulunan, eləcə də barəsində tibbi xarakterli məcburi tədbir tətbiq edilən şəxslərin ad, ata adı və soyadını dəyişdirməsinə icazə verilmir.
Qanunvericiliyə əsasən, ad, ata adı və soyadın təkrar dəyişdirilməsi də mümkün deyil. İstisna hallara ər-arvaddan birinin soyadını dəyişməsi, atanın adının dəyişdirilməsi nəticəsində uşaqların ata adının, valideynlərin soyadının dəyişdirilməsi zamanı isə uşaqların soyadının yenilənməsi daxildir.
Ad, ata adı və soyadın dəyişdirilməsinin dövlət qeydiyyatı üçün 15 manat dövlət rüsumu ödənilir. Ər-arvaddan birinin soyadını dəyişməsi isə digər həyat yoldaşının soyadının avtomatik dəyişdirilməsi ilə nəticələnmir. (milli.az)









