Cəmiyyət

“8 Noyabr xalqımızın və dövlətçiliyimizin zəfər, yenilməzlik və həmrəylik zirvəsidir”

45

Səmyar Abdullayev: “Bu zəfər mənəvi bütövlüyümüzü təmin etdi, Azərbaycanla yanaşı  bütün regiona sülh və sabitlik bəxş etdi”

Bu gün 8 Noyabr – Zəfər Günüdür. Moderator.az olaraq bu tarixi zəfərlə bağlı “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyinin prezidenti Səmyar Abdullayevlə söhbətimizdə bəzi məqamları şərh etməyə çalışdıq:

-Səmyar bəy, bu gün 8 Noyabr  - zəfərinn 6-cı ildönümüdür. 6 il öncə əldə edilən bu tarixi zəfərin milli və regional əhəmiyyəti ilə bağlı fikirlərinizi bilmək istərdik.

-8 Noyabr dövlətçiliyimizin zəfər, yenilməzlik və həmrəylik zirvəsidir. Bu qələbə yalnız işğaldakı torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün təmini ilə yekunlaşmadı. 8 Noyabr zəfəri həm də xalqımızın mənəvi müstəvidə böyük qələbəsi, özünütəsdiqi oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əldə edilən bu qələbə bütün dünyaya sübut etdi ki, Azərbaycan xalqı məğlubedilməzdir və onu yenmək, onun gələcəyinə qəsd etmək istəyənlər hər zaman məyus olacaq.

8 Noyabr zəfəri üçün xarakterik xüsusiyyətlərdən biri bu zəfərin həm də regional və qlobal əhəmiyyətə malik olmasıdır. Bu zəfər sadəcə Azərbaycana deyil, bütün regiona sülh və sabitlik gətirdi ki, bu da Cənubi Qafqazın gələcək inkişafı, sürətli tərəqqisi baxımından mühüm önəm kəsb edir. Azərbaycan dövləti 44 günlük Vətən müharibəsində erməni faşizmini darmadağın etməklə bütün regionu bu bəladan hifz etdi. Regionda sağlam münasibətlərin inkişafı, etibarlı sülh üçün ciddi zəmin yarandı. Hesab edirəm ki, bu, Prezidentimizin və dövlətimizin region xalqları qarşısındakı tarixi xidmətlərindən biridir və bu xidmət hər zaman minnətdarlıq hissi ilə yad ediləcək.

-8 Noyabr zəfəri beynəlxalq müstəvidə bizə nələr qazandırdı? Qələbədən sonra dünyanın Azərbaycana olan baxışında nələr dəyişdi?

-Şübhəsiz, bu böyük, əzəmətli qələbə dünya dövlətlərinin bizə olan münasibətində ciddi dəyşikliklərə yol açdı. 8 Noyabr zəfəri qlobal miqyasda ciddi əks-səda doğurdu. Bütün dünya Azərbaycanı ciddi güc mərkəzi kimi qəbul etmək, onun iradəsi ilə hesablaşmaq məcburiyyəti qarşısında qaldı.

Bütün dünya gördü ki, Azərbaycan iqtisadi baxımdan olduğu kimi hərbi baxımdan da regionun lider dövlətidir və onun iştirakı olmadan bu coğrafiyada uzunmüddətli, etibarlı sülh mümkün deyil.

Bundan başqa, Vətən müharibəsi Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Silahlı Qüvvələrinin hazırlıq səviyyəsinin, döyüş əzminin bütün təxminlərin üstündə olduğunu sübut etdi. 44 günlük müharibə sübut etdi ki, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın hər bir tapşırığını uğurla yerinə yetirməyə qadirdir.

8 Noyabr zəfəri Azərbaycanın beynəlxalq aləmdəki siyasi nüfuzunun daha da yüksəlməsinə, ölkəmizə olan ehtiramın daha da artmasına səbəb oldu. Demək olar ki, bütün dünya bu böyük qələbəni tanıdı. Bu gün işğaldan azad edilən ərazilərimizdə həyata keçirilən iqtisadi layihələrdə dünyanın ən müxtəlif ölkələrinə məxsus şirkətlər fəaliyyət göstərir ki, bunun özü dünyanın Azərbaycana olan münasibətinin əyani göstəricisidir.

-Səmyar bəy, müharibədən sonra Azərbaycanın işğaldan azad edilən ərazilərdə həyata keçirdiyi sosial-iqtisadi layihələri necə dəyərləndirirsiniz?

-Azərbaycan dövləti post-müharibə dönəmində işğaldan azad edilən ərazilərdə çox böyük, genişmiqyaslı bərpa-yenidənqurma prosesi həyata keçirib və məlum proses günümüzdə də davam etməkdədir. Söhbət bütöv şəhər və kəndlərin yenidən inşasından gedir ki, bu da xalqımızın qurub-yaratmaq bacarığından xəbər verir. Sosial infrastrukturun, yaşayış binalarının, yol və digər kommunikasiyaların sürətli bərpası keçmiş məcburi köçkünlərin öz dədə-baba yurduna qayıdışı üçün  tam zəmin yaradır. Son 6 ildə 100 minə yaxın məcburi köçkünün öz ata-baba yurduna qayıdışı təmin edilib ki, bu da kifayət qədər yüksək rəqəmdir. Unutmaq olmaz ki, işğaldan azad edilən torpaqlarımız mina və digər döyüş sursatları ilə çirkləndirilib. Bu səbəbdən də Azərbaycan dövləti öncə təhlükəsizlik tədbirləri həyata keçirir ki, bu da həm böyük maliyyə, həm də zaman itkisi deməkdir. Lakin bütün bunlara baxmayaraq, “Böyük Qayıdış” prosesi uğurla həyata keçirilməkdə davam edir və mövcud prosesin təhlili onu deməyə əsas verir ki, yaxın illərdə keçmiş məcburi köçkünlərimizin öz yurdlarına ləyaqətli qayıdışı tam başa çatdırılacaq.

-Səmyar bəy, sizcə 8 Noyabr zəfəri Prezidentimizin sərkərdəlik qabiliyyəti və Silahlı Qüvvələrimizin peşəkarlığı haqqında hansı həqiqətləri ortaya çıxardı?

-8 Noyabr zəfəri sübut etdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev siyasi baxımdan böyük lider olmaqla yanaşı, hərbi baxımdan da əsl strateq və istedadlı sərkərdədir. Müzəffər Ali Baş Komandan Ermənistanı həm diplomatik, həm də hərbi müstəvidə ağır məğlubiyyətə uğratmaqla bənzərsiz bir qələbəyə imza atdı. Xalqımızın həmrəyliyi, şəhid və qazilərimizin qəhrəmanlığı bu tarixi zəfəri təmin etdi.

44 günlük Vətən müharibəsi Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin, mübarizə əzminin son dərəcə yüksək olduğunu, ordumuzun bütün regionda sülhün və təhlükəsizliyin qarantı olduğunu isbatladı. 8 Noyabr zəfəri Azərbaycanın ərazi bütövlüyünü təmin etməklə yanaşı, bütün regionda etibarlı, uzunmüddətli sülh üçün ciddi zəmin yaratdı. Habelə, Vətən müharibəsi və onun nəticələri sübut etdi ki, Azərbaycanın iştirakı olmadan regionda həqiqi sülhün mövcudluğu mümkünsüzdür.

-Bu gün Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciətində çox vacib mesajlar verdi və bundan sonra da güclü olmağın önəmini vurğuladı. Mümkünsə, bir qədər də Prezidentin məlum çağırışları ilə bağlı fikirlərinizi bölüşərdiniz.

-Cənab Prezidentin bugünkü müraciəti xalqımız və dövlətimiz üçün yaxın gələcəklə bağlı “yol xəritəsi” hesab edilə bilər. Müraciətində Vətən müharibəsi tarixinə nəzər salan Müzəffər Ali Baş Komandan, yaxın tarixi keçmişin reallığından çıxış edərək güclü olmağın, öz gücünə arxalanmağın həyati əhəmiyyətə malik olduğunu bildirdi. Prezident qeyd etdi ki, “biz elə güclü olmalıyıq ki, bundan sonra Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!”

Bu, dövlətimizin sabaha, gələcək mübarizələrə hansı miqyasda hazırlaşdığını, öz qarşısına necə çətin, fəqət, bir o qədər də önəmli hədəf qoyduğunu göstərir.

44 günlük Vətən müharibəsi müasir dünyamızın bir sıra reallıqlarını aydın şəkildə ortaya çıxardı. Müharibə sübut etdi ki, beynəlxalq hüquq artıq formal xarakter daşıyır və onun hansısa məsələyə praktiki təsir göstərmək imkanı yoxdur. Buna görə də, hər bir dövlət üzləşdiyi problemin həllində yalnız öz gücünə ümid edə bilər ki, Azərbaycan da məhz belə etdi. Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında erməni faşizmi ilə ölüm-dirim mübarizəsinə qalxdı və bu mübarizə dövlətimizin tam qalibiyyəti ilə başa çatdı.

Vətən müharibəsi həmçinin isbatladı ki, güclü ordu müstəqilliyi, ərazi bütövlüyünü və suverenliyi qorunmağın yeganə etibarlı vasitəsidir. Elə buna görə də cənab Prezident güc faktoruna bundan sonra da mühüm diqqət yetiriləcəyini vurğuladı, müdafiə və təhlükəsizliyin prioritet təşkil edəcəyini qeyd etdi.

-Səmyar bəy, Zəfər Günü ilə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da ölkəmizə səfər etdi və Prezident İlham Əliyevlə birlikdə çoxsaylı qardaşlıq mesajları səsləndirdi. Sizcə Azərbaycan-Türkiyə qardaşlığı türk dünyasının birliyi və tərəqqisi ilə yanaşı, regional sülh və sabitliyin təmini baxımından nə dərəcə əhəmiyyətlidir?

-Türkiyə Prezidentinin belə həssas, əlamətdar gündə ölkəmizə səfəri hər şeydən öncə qardaş dövlətin Azərbaycana verdiyi önəmi göstərir. Bu səfər bir daha sübut etdi ki, Azərbaycan-Türkiyə qardaşlığı əbədidir və bu qardaşlığa kölgə salmağa çalışan qüvvələr məğlub olmağa məhkumdurlar.

Səfər əsnasında həm Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, həm də Azərbaycan Prezidenti İlham Əliyev iki dövlət və xalq arasındakı tarixi dostluqla yanaşı, bu birlik və həmrəyliyin gələcəyi ilə bağlı da maraqlı fikirlər səsləndirdi, ciddi mesajlar verdi. Hər iki Prezident qeyd etdi ki, Azərbaycan-Türkiyə qardaşlığı əzəli olduğu qədər də əbədidir və bu qardaşlıq sonsuza kimi yaşayacaq, bütün dünyaya nümunə olacaq.

Onu da unutmaq olmaz ki, Azərbaycan-Türkiyə qardaşlığı yalnız bu ölkələrin deyil, eləcə də bütün türk dünyasının marağına xidmət edir. Bu qardaşlıq digər türk dövlətlərini də Azərbaycan və Türkiyə ətrafında sıx birləşməyə təşviq edir ki, bu da türk dünyasının təhlükəsizliyi və tərəqqisi baxımından olduqca vacibdir. Müasir dünyamızda müharibə və münaqişələrin sürətlə artdığını nəzərə alsaq, türk dünyasının birliyinin son dərəcə həyati əhəmiyyət kəsb etdiyi məlum olar.

Azərbaycan və Türkiyə qardaşlığı regional sülh və təhlükəsizlik üçün də olduqca mühüm amildir. Çünki hər iki dövlət tarixin bütün dönəmlərində terrora, ədalətsizliyə, işğalçılığa qarşı mübarizə aparıb, bu sahədə ağır itkilər verməklə yanaşı, həm də böyük qalibiyyətlər, tarixi uğurlar əldə edib. Bu baxımdan Türkiyə-Azərbaycan qardaşlığı dünənimiz və bugünümüz kimi gələcəyimiz baxımından da olduqca önəmlidir və bundan sonra da regiona sülh və əmin-amanlıq bəxş etməkdə davam edəcək.

Seymur ƏLİYEV

Oxşar xəbərlər

↑