Vətən müharibəsi şəhidi Sübhan Kərimov ildönümündə ehtiramla anılıb

Bu gün qalib ölkənin vətəndaşı olaraq bizi 30 illik Vətən həsrətindən sonra işğaldan azad olunmuş doğma Qarabağımıza, eləcə də ona bitişik digər tarixi yurd yerlərimizə qovuşduran Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə minnətdarıq. Qarabağ adlı haqq savaşında bizlərə şanlı Zəfəri bəxş edən igid Vətən övladları, şəhidlərimiz və qazilərimizlə qürur duyuruq. 2020-ci ilin 27 sentyabrında başlayıb 10 noyabrında tarixi Qələbə ilə başa çatan Vətən müharibəsi şəhidlərinin ruhları qarşısında baş əyir, sağlamlığını itirən qazilərimizə borclu və minnətdardır. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şəhidlərimizin qisasını aldı, onların qanı yerdə qalmadı. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı qanları ilə tarix yazan qəhrəman oğullarımızın sayəsində Xankəndi və Xocalı şəhəri separatçılardan təmizləndi, Azərbaycan dövləti suverenliyini tam bərpa etdi. Bu gün doğma Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda, işğaldan azad olunmuş digər torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır. Bu gün qalib Azərbaycan xalqı işğaldan azad olunmuş şəhərlərin azad olunduğu tarixləri xüsusi gün olaraq qürurla qeyd edir. Artıq xalqımız ölkə başçısının müvafiq sərəncamlarına əsasən hər il sentyabrın 20-sini Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi də qeyd edəcəklər.
Vətən müharibəsinin qəhrəman oğullarından biri də torpaqlarımızın azadlığı uğrunda canından keçərək Şəhidlik zirvəsinə ucalan əsgər Kərimov Sübhan Murtuz oğludur.
Noyabrın 10-u 44 günlük savaşda qəhrəmanlığı ilə dastan yazan, döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunmuş qəhrəman şəhidimizin altıncı ildönümüdür.
İgid Vətən oğlunun şəhadətindən 6 il ötür.
Bu gün Sübhan Kərimov kimi qəhrəman oğullarımızla nəinki doğulduğu el-oba, eləcə də bütöv Azərbaycan fəxr edir, hər bir azərbaycanlı qürur duyur. Şəhidlərimizi yad etmək, xatirəsini əziz tutmaq hər birimizin mənəvi borcudur.
Bu gün AğstafaRayon İcra Hakimiyyəti aparatının məsul işçiləri, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, şəhid ailələri Qıraq Kəsəmən kəndində şəhidimizin evində olub, qəhrəman şəhidimizin ildönümündə ailəsini ziyarət edərək əziz xatirəsini dərin ehtiramla yad anıblar.
Şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir dilənilib. Torpaqlarımızın azadlığı uğrunda şirin canlarından keçən, Vətən müharibəsində şanlı tarix yazan şəhidlərimizi yad etməyin hər kəsin mənəvi borcu olduğu bildirilib.
Şəhid Sübhan Kərimov 1996-cı il yanvarın 29-da Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində dünyaya göz açıb. 2002–2013-cü illərdə X. Mirzəyev adına Qıraq Kəsəmən kənd orta məktəbində təhsil alıb. Subay idi.
Sübhan Kərimov 2014–2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Ordusunun əsgəri olan Sübhan Kərimov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Bir çox hərbi əməliyyat və döyüşlərdə fərqlənib. Sübhan Kərimov noyabrın 10- da Şuşa döyüşləri zamanı döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində dəfn edilib.
