Cəmiyyət

Sulutəpə dairəsində səkilər zəbt edilib - sakinlər şikayətçidi

43

Sulutəpə dairəsində səkilərin zəbt olunması sakinlər üçün təhlükə yaradır

Bakı şəhərinin Sulutəpə dairəsində – “Araz” marketin yanı və 6 nömrəli tam orta məktəbə dönən yolun kəsişməsində piyadaların hərəkəti üçün ciddi çətinliklər yaranıb.

Sakinlərinin bildirdiyinə görə, yolun hərəkət hissəsi, xüsusən də insanların rahat hərəkət etdiyi ərazilər, küçə ticarəti ilə məşğul olan şəxslər tərəfindən zəbt olunub. Onlar, sözün həqiqi mənasında, səkiləri öz istifadələrinə götürərək, yolda hərəkəti çətinləşdirirlər.

Bunun nəticəsində, şəhər sakinləri bu vəziyyəti "işğal" olaraq qiymətləndirir. Hətta bəzi hallarda, səkilərdə qurulmuş piştaxtaların qarşısında iki nəfər müştəri dayandığı zaman, ümumiyyətlə hərəkət etmək mümkün olmur.

Sakinlərin redaksiyamıza ünvanladığı müraciətdə bildirilir ki, ərazidə fəaliyyət göstərən ticarət obyektinin qarşısında meyvə-tərəvəz məhsulları səkilərə və piyadaların hərəkət yoluna düzülərək keçidə maneə yaradılır.

Görüntülərdən də aydın görünür ki, obyektə gələn bəzi müştərilər avtomobillərini səki üzərində saxlayırlar. Nəticədə hər gün səhər və günorta saatlarında 6 nömrəli məktəbə gedən azyaşlı şagirdlər, eləcə də əlində əsa ilə hərəkət edən ahıl sakinlər səkidən istifadə edə bilmirlər. Onlar məcbur qalaraq avtomobillərin hərəkət etdiyi yolun hərəkət hissəsinə çıxmalı olurlar. Bu isə xüsusilə uşaqların həyatı və təhlükəsizliyi üçün ciddi risk yaradır.

Sakinlərin sözlərinə görə, onlar obyekt sahibinə bu məsələ ilə bağlı dəfələrlə narazılıqlarını bildiriblər. Lakin indiyədək heç bir nəticə əldə olunmayıb. Sakinlər aidiyyəti qurumların məsələyə laqeyd yanaşmasından da narazıdırlar. Onların iddiasına görə, obyektin bu formada fəaliyyət göstərməsinə müvafiq qurumlar tərəfindən icazə verildiyi üçün şikayətlərinə baxmayaraq, hər hansı tədbir görülmür.

Sakinlərdən biri narazılığını belə ifadə edib: “Bu hal uzun müddətdir davam edir. Məcbur olub yolun hərəkət hissəsi ilə gedirik. Əgər piyada vurulması hadisəsi baş verərsə, sonrakı peşmanlıq heç bir fayda verməyəcək”.

Sakinlər hesab edirlər ki, sahibkar öz məhsulunu mağazanın daxilində sata bilər, lakin səki və piyadaların hərəkət yolunun ticarət məqsədilə zəbt olunması yolverilməzdir.

Sulutəpə dairəsinin və 6 nömrəli məktəbin ətrafında yaşayan sakinlər aidiyyəti qurumlardan məsələyə ciddi yanaşmağı, obyektin fəaliyyətinə və səkinin zəbt olunmasına hüquqi qiymət verməyi, piyadaların təhlükəsiz hərəkətini təmin etmək üçün müvafiq tədbirlər görməyi xahiş edirlər.

Unutmayaq ki, səkilər piyadalar, xüsusilə də uşaqlar, yaşlılar və sağlamlıq imkanları məhdud şəxslər üçündür. Sakinlərin təhlükəsizliyi hər hansı ticarət obyektinin maraqlarından üstün tutulmalıdır.

Bu problemlə bağlı müvafiq hüquqi addımların atılması, şəhərin ictimaiyyətinin rifahı və hərəkət azadlığının təmin edilməsi üçün vacibdir.

Oxşar xəbərlər

↑