Cəmiyyət

Öz ifasına ağlayan sənətkar

49
Yardımlının musiqi tarixində el məclislərinin, ustad sənətkarların, xalqın könül dünyasına yol tapan ifaçıların xüsusi yeri var. Bu torpaqda musiqi yalnız şənliklərin bəzəyi olmayıb, həm də insanların sevincini, kədərini, ürək sözünü ifadə edib. Balabanın yanıqlı avazı dağ kəndlərinin toylarından, sənət məclislərindən ucalaraq neçə-neçə ustadın nəfəsində özünəməxsus gözəllik qazanıb. Belə ustadlardan biri də muğamın mahir bilicisi, nəfəs alətlərinin istedadlı ifaçısı Nəcəf Nəcəfov idi. Onu tanıyanlar təkcə gözəl balabançı kimi deyil, sözünə bütöv, dostluğa sədaqətli, doğma yurduna ürəkdən bağlı bir şəxsiyyət kimi xatırlayırlar. Sənət dostlarının və ailə üzvlərinin söylədikləri onun həm ifaçılıq məharətini, həm də zəngin mənəvi dünyasını yaxından tanımağa imkan verir. Bu xatirələrdə bir sənətkarın şöhrətindən daha çox, xalqın içində qazandığı hörmət və insanlara münasibəti diqqəti çəkir.
1 iyun 1931-ci ildə Vərgədüz kəndində dünyaya göz açan Nəcəf kiçik yaşlarından musiqiyə maraq göstərib. Balabanın səsi onu özünə çəkib, bu qədim nəfəs alətinin incəliklərinə yiyələnmək həvəsi getdikcə güclənib. İlk sənət dərslərini Əsədabad kəndindən olan Qəribəli adlı ustaddan alıb. Bir il onun yanında öyrəndikləri fitri istedadının üzə çıxmasına kifayət edib. Uzun illər onunla birgə çalışmış, Gavran kəndindən olan nağara ifaçısı Həmdulla İbrahimovun söylədiyinə görə, gənc balabançının sorağı qısa müddətdə qonşu rayonlara da yayılıb. Lerikin tanınmış balaban ustası Sahil onun ifaçılıq məharətindən xəbər tutaraq görüşmək istəyib. Gəncin çalğısını dinlədikdən sonra razılığını gizlətməyib: “Nəcəf, səni dinlədim, ifandan çox razı qaldım. Sən gənc olmağına baxmayaraq, yetkin bir sənətkarsan. Sənə bir tövsiyəm var: çalış, sənətinin xatirinə Bakıya get və təhsil al”. Bu sözlər sıradan bir dinləyicinin deyil, böyük təcrübəyə malik ustadın dilindən səslənirdi. Vaxtilə məşhur “Cəngi” qrupunun üzvü olmuş Sahil Moskvada, Qızıl meydanda Stalin və sovet rəhbərliyinin qarşısında “Cəngi” havasını ifa etmişdi. Belə bir sənətkarın verdiyi qiymət gənc balabançının gələcəyinə bəslənən inamın ifadəsi idi. Ustadın tövsiyəsi onun qarşısında daha geniş sənət üfüqləri açsa da, gələcək həyat yolu göstərəcəkdi ki, bu istedadlı gəncin qəlbində doğma yurda bağlılıq da son dərəcə güclüdür.
İllər keçdikcə onun ifaçılıq məharəti daha da püxtələşdi. Muğamın mürəkkəb şöbə və guşələrinə dərindən yiyələndi, özünəməxsus çalğı üslubu formalaşdırdı. Sənətində diqqəti çəkən başlıca xüsusiyyət musiqinin ruhunu duymaq, melodiyanın tələb etdiyi hissi dinləyiciyə çatdırmaq bacarığı idi. 1960-cı illərin əvvəllərində keçirilən respublika səviyyəli balaban ifaçıları festivalı onun sənət həyatında mühüm hadisələrdən oldu. Bir həftə davam edən yarışda şəkili Əfsər, salyanlı Manaf, Əliməmməd, ağsulu Əli, salyanlı Rəşid, Həsrət Hüseynov, şamaxılı İzzətalı Zülfüqarov və başqa tanınmış ifaçılar iştirak edirdilər. Final mərhələsinə Həsrət Hüseynov, İzzətalı Zülfüqarov və yardımlılı balabançı vəsiqə qazandılar. O, müsabiqədə məşhur “Sarı gəlin” xalq mahnısını ifa etdi. Hər üç sənətkar qalib elan olundu. Bu uğur onun sənət aləmində qazandığı nüfuzu daha da artırdı. Lakin onun əsl sənət meydanı xalqın arasında, muğamın qədrini bilən insanların əhatəsində keçən məclislər idi. Burada dinləyicinin rəğbətini qazanmaq üçün təkcə mahir ifaçı olmaq kifayət etmirdi. Musiqinin dilini, məclisin ovqatını, insanların könlünü də duymaq lazım gəlirdi.
Əslən Lerikdən olan, vaxtilə Filarmoniyada verdiyi konsertlərlə tanınan xanəndə Xanhüseyn Hüseynovun danışdığı bir əhvalat bu baxımdan xüsusilə maraqlıdır. Yardımlının Gavran kəndində Hacı Babaxanın qardaşı Ağagül müəllimin toy məclisi keçirilirmiş. Musiqiçilərə Vərgədüzlü ustad rəhbərlik edirmiş. Toya Bakıdan məşhur xanəndə Canəli Əkbərov, tarzən Zamiq Əliyev, kamança ifaçısı Ədalət və Zirov da dəvət olunublarmış. Qonaqlar mağarın qarşısında maşından düşəndə balabanda “Çahargah” muğamının “Mənsuriyyə” bölməsi səslənirmiş. Canəli Əkbərovu içəri dəvət ediblər. Xanəndə isə əlini qaldıraraq “Dayanın!” deyib. İfa başa çatana qədər yerindən tərpənməyib. “Mənsuriyyə” tamamlanandan sonra “Hə, indi olar”, söyləyərək məclisə daxil olub. Musiqiçilərə baxıb heyranlıqla “Əhsən!” deyib. Sonrakı ifalarda, xüsusilə “Vilayəti” və “Dilkeş” bölmələrində də balabançının məharətini diqqətlə dinləyib. Axşam yeməyi zamanı məşhur xanəndə onu yanına çağırıb: “Gəl bura, yanımda əyləş”. Sonra məclisdəkilərə üz tutaraq deyib: “Bilirsiniz, içəri niyə keçmədim? “Mənsuriyyə” çalınanda elə bildim, Habil Əliyev kamançada ifa edir. Səs balabandan çox kamança səsinə bənzəyirdi. Nə bilərdim ki, belə bir çəlimsiz adam balabanda Habil kamançasının səsinə bənzər bir səslə “Mənsuriyyə” ifa edir”.
Canəli Əkbərov kimi muğam sənətinin incəliklərinə bələd bir xanəndənin heyranlığı təsadüfi deyildi. Balabanın imkanlarını genişləndirən, onun səsinə kamançanın yanğısını gətirməyi bacaran ifaçı qarşısındakı alətin bütün xüsusiyyətlərinə hakim idi. O, çalğısında zahiri təmtərağa deyil, səsin təmizliyinə, ifadənin təbiiliyinə və musiqinin daxili gözəlliyinə üstünlük verirdi. Sənət dostları arasında isə tamam başqa keyfiyyətləri ilə seçilirdi. Həmdulla İbrahimovun onun haqqında söylədikləri illərin dostluğundan doğan səmimi etirafdır: “Mən ömrümün çox hissəsini onunla birgə keçirmişəm. Hətta ölümü də gözümün qabağında oldu. Çox böyük sənətkar idi. Muğamın mahir bilicisi idi. Onu da deyim ki, şəxsiyyəti sənətindən böyük bir insan idi. Onun ölümündən sonra sənətimlə vidalaşdım. Bir daha el şənliklərinə, toylara getmədim. Mənim də sənətim onunla öldü”. Bu sözlərdə adi həmkar münasibətindən daha dərin bir bağlılıq duyulur. Uzun illər eyni məclislərdə çalıb-çağıran, bir-birinin sənətinə bələd olan iki dostu musiqi ilə yanaşı, qarşılıqlı hörmət və etibar birləşdirirdi. Onun xatirəsində yaşayan dost yalnız məharətli balabançı deyil, çətin gündə güvənilən, sözü ilə əməli bir olan, yoldaşlığın qədrini bilən insan idi. Onların birgə çıxışlarından biri paytaxtın böyük səhnəsində baş tutmuşdu. Həmdulla İbrahimovun xatırladığına görə, 1987-ci, yaxud 1988-ci ildə Respublika Həmkarlar İttifaqının təşkilatçılığı ilə Respublika Sarayında bir neçə gün davam edən konsert keçirilirmiş. Yardımlıdan tədbirə onun rəhbərliyi ilə Həmdulla İbrahimov, Zəngələli kəndindən Elxan və Vərgədüzdən Balaş əmi gediblər. Səhnəyə çıxmazdan əvvəl dəstənin rəhbəri yoldaşlarına bildirib: “Uşaqlar, “Qarabağ şikəstəsi” ifa edəcəyik”. Bu seçim musiqiçiləri təəccübləndirib. Balaş əmi narahatlığını gizlətməyib: “Ay Nəcəf, bu nə seçimdir, çətin olacaq”. O isə özünəxas təmkinlə gülümsəyib: “Qorxmayın, hər şey əla olacaq”. Həmdulla İbrahimov həmin çıxışı böyük məmnunluqla xatırlayırdı: “Doğrudan da, əla alındı. İfa hələ başa çatmamış tamaşaçılar bizi sürəkli alqışlarla qarşıladılar. “Bir də, bir də!” deyərək bizi yenidən səhnəyə dəvət etdilər”.
Bu uğurların arxasında təkcə ustalıq deyil, həm də dəstə rəhbərinin qətiyyəti, sənət yoldaşlarına güvəni dayanırdı. O, çətin əsərdən çəkinmir, əksinə, musiqiçilərin imkanlarını yaxşı bildiyi üçün məsuliyyəti öz üzərinə götürürdü. Yoldaşlarını ruhlandırmağı bacarması, səhnədə inamla davranması və uğuru onlarla bölüşməsi onun rəhbərlik keyfiyyətlərini də üzə çıxarırdı. Həmdulla kişinin xatirələri arasında Bilnə kəndində baş vermiş bir hadisə də var. Bu əhvalat ustad balabançının həssas qəlbini, ailəsinə bağlılığını və musiqi ilə daxili dünyası arasındakı yaxınlığı bütün aydınlığı ilə göstərir. Həmin vaxtlar kənd toyları iki gün davam edərmiş. Bilnədə keçirilən məclisin birinci günü gecə saat ikidə başa çatanda sənətkar evə qayıtmaq istədiyini bildirib. Yoldaşları səbəbini soruşublar. Böyük qardaşı Abbasın ağır xəstə olduğunu, onun vəziyyətindən narahatlıq keçirdiyini söyləyib. Səhər yenidən toy evinə gəlib. Süfrə arxasında əyləşənlər Abbasın səhhəti ilə maraqlanıblar. Heç nə deməyib. Sakitcə otağa keçərək balabanını götürüb, hamıdan bir qədər aralıda əyləşib və “Segah” çalmağa başlayıb. Həmdulla İbrahimov həmin səhəri belə xatırlayırdı: “Bu “Segah” o segahlardan deyildi. Elə bil bir insanın gileyi, harayı idi. Birdən Balaş əmi dedi: “Nəcəf ağlayır”. Diqqətlə ona baxdıq. Gözlərindən yaş axırdı. Xeyli vaxt heç kim dinib-danışmadı. Hamımız susub ona baxır, balabanın yanıqlı səsini dinləyirdik”. İfaçı göz yaşlarını silərək Balaş əmiyə üz tutub: “Balaş, Abbasın vəziyyəti yaxşı deyil. Onun ağrılarına dözə bilmirəm”. Yoldaşları təskinlik verməyə çalışıblar: “Darıxma, sağalar, hər şey yaxşı olar”. O isə başını bulayıb: “Yaxşılıqdan keçib, yaxşı heç nə yoxdur. Abbası itirsəm, bilmirəm necə olacaq”. Həmin səhər “Segah”ın hər xalı qardaş dərdi çəkən bir insanın ürək sözünə çevrilmişdi. Dilə gətirə bilmədiyi ağrını balabanın köməyi ilə söyləyirdi. Məclisdəkilər də bunu duyduqlarından susmuşdular. Nə təsəlli sözünə ehtiyac vardı, nə də başqa bir söhbətə. Hamı onun halını anlayırdı.
Sənətdə böyük məharət sahibi olan bu insan doğmasının ağrıları qarşısında son dərəcə kövrək idi. Balabanı dinləyənləri təsirləndirən də məhz ifasının səmimiyyəti, qəlbindən gələn duyğuların təbiiliyi idi. Övladlarının xatirələrində isə ailəsinə bağlı, ciddi, tələbkar, sözünün məsuliyyətini daşıyan bir ata obrazı canlanır. Oğlu Sadıxın söylədiyinə görə, atası evdə zabitəli kişi olub. Övladları onun qarşısında artıq söz danışmağa çəkiniblər. Lakin bu ciddiyyətin arxasında həssas, vicdanının səsinə qulaq asan, verdiyi sözə böyük əhəmiyyət verən bir insan dayanırdı. Bir gün Lerik rayonunda keçirilən toy məclisindən qayıdanda narahat görünürmüş. Tez-tez siqaret çəkir, eyvanda o tərəf-bu tərəfə gəzişirmiş. Uşaqlar bunun səbəbini öyrənmək üçün anaları Ceyran xanıma müraciət ediblər. Həyat yoldaşının təkidindən sonra başına gələnləri danışıb. Həmin toyda böyük kamança ustası Habil Əliyev də qonaq imiş. Məclisdə Lerikin Mastail kəndindən olan istedadlı xanəndə Şahbala oxuyurmuş. Gün ərzində əsasən muğamlar səslənirmiş. Toyda iştirak edən İmişli rayonundan bir müəllim balabançıya yaxınlaşaraq “Cücələrim” mahnısını ifa etməsini xahiş edib. O isə Habil Əliyevi göstərərək deyib: “Nə danışırsınız? Habil olan məclisdə mən “Cücələrim” mahnısını ifa edə bilmərəm”. Söhbəti eşidən böyük kamança ustası məsələnin nə yerdə olduğunu soruşub. Müəllim istəyini ona çatdıranda Habil Əliyev kamançasını götürərək söyləyib: “Nəcəf, ikimiz “Cücələrim”i ifa edək. Di, başladıq!” Beləcə, balabanla kamançanın gözəl dueti yaranıb. Məclis iştirakçıları hər iki sənətkarı ayaqüstə alqışlayıblar. Əhvalatı dinləyən Ceyran xanım təəccüblənib: “Ay Nəcəf, hər şey əla olub. Habil Əliyevlə duet ifa etmisən, daha niyə kefsizsən?” Məlum olub ki, onu narahat edən tamam başqa məsələdir. Toydan sonra Habil Əliyevlə bir otaqda qalıblarmış. Söhbət zamanı məşhur kamança ustası onun istedadını yüksək qiymətləndirərək Bakıya dəvət edib, yaradıcılığını paytaxtda davam etdirməsini məsləhət görüb. Balabançı da bu təklifə razılıq verib, söz veribmiş. Ceyran xanım ərini ruhlandırıb, Bakıya getməsini, sənətini daha geniş mühitdə inkişaf etdirməsini istəyib. Lakin onun cavabı qəti olub: “Yox, ay Ceyran, mən bu kəndsiz, bu el-obasız yaşaya bilmərəm. Mənim bütün ruhum da, yaradıcılığım da Yardımlıya bağlıdır. Mən Bakıda yaşaya bilmərəm. Bilmirəm, bu işdən necə imtina edim. Kişiyə söz vermişəm”. Bir müddət sonra Habil Əliyevlə görüşərək paytaxta köçə bilməyəcəyini izah edib.
Bu hadisə onun xarakterini səciyyələndirən ən mənalı xatirələrdəndir. Qarşısında böyük sənət imkanları açılırdı. Tanınmış musiqiçilərlə işləmək, geniş tamaşaçı auditoriyası qarşısında çıxış etmək, yaradıcılığını yeni mühitdə davam etdirmək fürsəti yaranmışdı. Ancaq doğma kəndindən ayrılmaq istəmirdi. Vərgədüz onun üçün sadəcə yaşayış yeri deyildi. Uşaqlığı, ailəsi, dostları, sənətə ilk qədəm qoyduğu məclislər bu torpaqla bağlı idi. Dağların qoynunda keçən illər, el adamları ilə ünsiyyət, kənd həyatının doğmalığı onun mənəvi dünyasının ayrılmaz hissəsinə çevrilmişdi. Habil Əliyevin təklifinə görə keçirdiyi narahatlıq da diqqətəlayiqdir. O, paytaxta getməməklə hansı imkanlardan məhrum olacağını deyil, hörmət bəslədiyi sənətkara verdiyi sözü necə geri götürəcəyini düşünürdü. Bu, onun üçün şöhrətdən də, şəxsi qazancdan da üstün olan mənəvi məsuliyyət idi. Belə bir xarakterin formalaşmasında yaşadığı mühitin, ailə tərbiyəsinin, el arasında qorunan əxlaqi dəyərlərin mühüm rolu vardı. Böyüyə hörmət, dosta sədaqət, sözə bütövlük, doğma yurda məhəbbət onun gündəlik davranışında özünü göstərirdi. Həmdulla İbrahimovun “şəxsiyyəti sənətindən böyük idi” sözləri də məhz bu keyfiyyətlərə verilən qiymət kimi səslənir.
Musiqiyə bağlılıq ailəsində də davam edib. Oğlanları Maşallah nağarada, İnşallah isə klarnetdə ifa edərək atalarının sağlığında el şənliklərinə qatılıblar. Lakin onun vəfatından sonra hər ikisi sənətdən uzaqlaşıb. Kiçik oğlu Rayət isə müğənni kimi fəaliyyətini davam etdirərək cənub bölgəsinin toy və el məclislərində çıxış edir. Beləliklə, ailənin musiqi ənənəsi bu gün də yaşayır. 1991-ci ilin sentyabrında ustad balabançı dünyasını dəyişdi. Doğulub boya-başa çatdığı, bir ömür ayrılmaq istəmədiyi Vərgədüz kəndində torpağa tapşırıldı. Aradan keçən illər onunla bağlı xatirələrin dəyərini azaltmayıb. Sənət dostları ustalığından, yaxınları qayğıkeşliyindən, övladları tələbkarlığından, onu dinləyənlər isə balabanının qeyri-adi avazından danışırlar. Bu xatirələr bir-birini tamamlayaraq istedadlı ifaçının və bütöv xarakterli insanın portretini yaradır. Canəli Əkbərovun “Mənsuriyyə”ni dinləmək üçün mağarın qarşısında dayanması, Habil Əliyevin onu Bakıya dəvət etməsi, paytaxt səhnəsində “Qarabağ şikəstəsi”nin alqışlarla qarşılanması sənətkarlıq qüdrətinin göstəriciləridir. Həmdulla İbrahimovun dostunun vəfatından sonra musiqidən ayrılması, ailəsinin doğma yurda bağlılığı barədə danışdıqları isə onun insanlarla münasibətini, mənəvi keyfiyyətlərini açır.
Bütün bunların içərisində Bilnə kəndində yaşanan o kövrək səhərin ayrıca yeri var. Qardaşının xəstəliyindən sarsılmış bir insan hamıdan aralı əyləşib balabanını dodaqlarına aparır. “Segah” səslənir. Gözlərindən yaş süzülür. Dostları dinləyir, heç kim onun sözünü kəsmir. Həmin an ifaçının bütün mənəvi aləmi açılır. Sənətinə ürəkdən bağlı olan, doğmalarının dərdini öz dərdi bilən, hisslərini musiqidə ifadə edən bir insan görünür. Başqalarının sevincinə çaldığı balabanla bu dəfə öz kədərini bölüşür.
Nəcəf Nəcəfov Yardımlının musiqi yaddaşında yalnız mahir balabançı kimi deyil, sənəti ilə şəxsiyyəti bir-birini tamamlayan el sənətkarı kimi yaşayır. O, sənətini xalqdan ayrı təsəvvür etməyən, böyük səhnələrin alqışları qarşısında da sadəliyini qoruyan, şöhrətdən çox el-obasının hörmətini uca tutan bir şəxsiyyət idi. Bu gün balabanı susub. Amma onu dinləmiş insanların yaddaşında həmin avazın hərarəti qalır. Bir də Bilnə kəndində, səhərin sakitliyində “Segah” çalarkən yanaqlarından süzülən göz yaşları… Öz ifasına ağlayan sənətkarın ən təsirli xatirəsi də elə budur: balabanı dilləndirən nəfəs, o nəfəsə qarışan ürək ağrısı və musiqinin qarşısında gizlənməyən insan qəlbi.
Ruhun şad olsun, böyük sənətkar!
Şakir Əsədli

Oxşar xəbərlər

↑