Cəmiyyət

Qazaxda qəhrəman şəhidlərimizin əziz xatirələri böyük hörmət və ehtiramla yad olunur

28

2020-ci ilin 27 sentyabrında başlayan İkinci Qarabağ müharibəsi cəmi 44 gün davam etdi və Azərbaycanın tarixi Qələbəsi ilə başa çatdı. 44 gündə Azərbaycan Ordusu şanlı Qələbə qazanaraq 30 il davam edən işğala son qoydu, ərazi bütövlüyünü bərpa etdi. Bu qələbə ilə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla, onun rəhbərliyi altında şanlı ordumuzun əsgər və zabitləri, hərbçiləri Azərbaycanın yeni tarixinə qızıl hərflərlə yazılacaq sətirlərin müəllifi oldular və öz adlarını da tarixə əbədi yazdılar. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şəhidlərimizin qisasını aldı, onların qanı yerdə qalmadı. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı qanları ilə tarix yazan qəhrəman oğullarımızın sayəsində Xankəndi və Xocalı şəhəri separatçılardan təmizləndi, Azərbaycan dövləti suverenliyini tam bərpa etdi. Bu gün doğma Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda, işğaldan azad olunmuş digər torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır. Bu gün qalib Azərbaycan xalqı işğaldan azad olunmuş şəhərlərin azad olunduğu tarixləri xüsusi gün olaraq qürurla qeyd edir. Artıq xalqımız ölkə başçısının müvafiq sərəncamlarına əsasən hər il sentyabrın 20-sini Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi də qeyd edəcəklər.

Bu gün hər birimiz fəxarətlə, qürurla söylədiyimiz o tarixi Qələbəni bizlərə bəxş edən Ali Baş Komandana, şəhidlərimizə və hərbçilərimizə borcluyuq. İllər ötsə belə bizlərə 44 günlük haqq savaşında hər gün sevinc, fərəh, qürur dolu saysız-hesabsız qələbələr bəxş edən şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, ruhları qarşısında bir ömür boyu baş əydiyimiz şəhidlərimiz heç vaxt unudulmayacaq.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri şəhidlərimizin evində olub, qəhrəman şəhidlərimizin ildönümündə ailələrini ziyarət edərək əziz xatirələrini dərin ehtiramla anıblar.

Şəhidimlərizə Allahdan rəhmət, ailələrinə səbir dilənilib. Torpaqlarımızın azadlığı uğrunda şirin canlarından keçən, Vətən müharibəsində şanlı tarix yazan şəhidlərimizi yad etməyin hər kəsin mənəvi borcu olduğu bildirilib.

Vətən üçün canını fəda edən oğulların döyüş meydanında göstərdiyi qəhrəmanlıqlarının hər kəs üçün örnək olduğu, şəhidlərimizin hər an bizim qəlbimizdə yaşayacağı qeyd edilib. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı Qələbəyə görə Müzəffər Ali Baş Komandana, Azərbaycan Ordusuna, qəhrəman şəhidlərimizə, qazilərimizə minnətdar olduğumuz dilə gətirilib.

Bu gün Ali Baş Komandan İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərimizə göstərdikləri qayğının hər bir dövlət məmuruna nümunə olduğu vurğulanıb. Qazaxda ilk gündən rayon rəhbərliyi tərəfindən bu amilin əsas götürüldüyü, şəhid ailələrinə, qazilərimizə göstərilən qayğının bundan sonra da yüksək səviyyədə olacağı söylənilib.

Oxşar xəbərlər

↑