VHP-dən Zəfər bəyanatı: milli məqsədlər uğrunda birləşən xalq ən ağır sınaqlardan qalib çıxa bilər

Vətəndaş Həmrəyliyi Partiyası 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:
"8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının müasir tarixində milli iradənin, azadlıq əzminin və dövlətçilik gücünün ən parlaq təcəssümüdür. 2020-ci ilin 8 noyabrında Şuşanın işğaldan azad edilməsi ilə yəsdiqlənən Qələbə xalqımızın uzun illər davam edən mübarizəsinin, torpaq həsrətinin və milli birliyinin təntənəsi kimi yaddaşlara həkk olundu.
Vətəndaş Həmrəyliyi Partiyası bəyan edir ki, 44 günlük Vətən müharibəsində qazanılan Zəfər yalnız hərbi üstünlüyün deyil, Azərbaycan Prezindentinin möhtəşəm diplomatik gedişlərinin, Ali Baş Komandan kimi fövqəladə sərkərdə bağarığının, Azərbaycan xalqının öz tarixi torpaqlarına sahib çıxmaq iradəsinin, milli ləyaqətinin və sarsılmaz həmrəyliyinin nəticəsidir. 2023-cü ilin sentyabrında Azərbaycanın Qarabağ üzərində suverenliyini tam bərpa etməsi ilə milli mübarizəmizin mühüm tarixi mərhələsi başa çatdı. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması dövlətimizin gələcək inkişafı, regionda davamlı sülhün və təhlükəsizliyin bərqərar edilməsi baxımından yeni imkanlar yaratdı.
Bu gün Zəfərin altıncı ildönümünü qeyd edərkən unutmamalıyıq ki, qazanılmış Qələbənin qorunması onun əldə edilməsindən heç də az məsuliyyət tələb etmir. Qarabağın və Şərqi Zəngəzurun bərpası, doğma yurdlarından didərgin düşmüş soydaşlarımızın təhlükəsiz və ləyaqətli qayıdışı, azad edilmiş ərazilərdə davamlı həyatın qurulması dövlət və cəmiyyət qarşısında duran mühüm vəzifələrdəndir.
Vətəndaş Həmrəyliyi Partiyası hesab edir ki, Zəfərin yaratdığı milli birlik ruhu ölkəmizin gələcək inkişafının əsas dayaqlarından birinə çevrilməlidir. Milli həmrəyliyin möhkəmləndirilməsi, sosial ədalətin təmin olunması, demokratik dəyərlərin inkişafı, şəhid ailələrinə və qazilərimizə dövlət və cəmiyyət qayğısının artırılması Qələbənin mənəvi mahiyyətinə uyğun başlıca vəzifələrdir.
8 Noyabr həm də gələcəyə yönəlmiş tarixi məsuliyyət günüdür. Bu Zəfər bizə göstərdi ki, milli məqsədlər uğrunda birləşən xalq qarşısına çıxan ən ağır sınaqlardan qalib çıxa bilər.
Vətəndaş Həmrəyliyi Partiyası bir daha bəyan edir ki, Azərbaycanın dövlət müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi və milli maraqları hər şeydən üstündür. Bu dəyərlərin qorunması naminə vətəndaş həmrəyliyinin gücləndirilməsi bundan sonra da fəaliyyətimizin əsas prinsipi olaraq qalacaq.
Şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizin və Vətən uğrunda mübarizə aparmış bütün soydaşlarımızın xidmətlərini yüksək qiymətləndiririk.
Zəfərimizin əbədiliyi milli birliyimizdən, dövlətimizin qüdrətindən və xalqımızın həmrəyliyindən keçir!
Nicatımız vətəndaş həmrəyliyindədir!"
