İqtisadiyyat Nazirliyinin rəsmi feysbuk səhifəsi Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə videotəbrik hazırlayıb. Bununla bağlı cumhuriyyet.az xəbər verir ki, videoda bayramın mahiyyəti təhrif edilib. Dünyada yaşayan azərbaycanlıların həmrəyliyi deyil, Azərbaycanın sərhədləri daxilində yaşayan ayrı-ayrı əhali qruplarının birliyi kimi təqdim edilib.
Qeyd etmək yerinə düşər ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda SSRİ-İran sərhədlərinin dağılması zamanı qoyulub. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdılıb.
İlk dəfə olaraq Arazın o tayında, bu tayında olan qohumların, həmvətənlərin ünsiyyət imkanları yaranıb, sadələşdirilmiş keçid məntəqələri təşkil edilib. Göründüyü kimi, bu bayram, ölkə ərazisində yaşayan etnik, dini və sair qrupların birliyini ifadə etmir, ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq məqsədi daşıyır. Həmin videonu cumhuriyyet.az olaraq təqdim edirik.