Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə növbəti dəfə Vaqif Poeziya Günləri keçirilir. Ənənəvi poeziya bayramı bu il də ölkəmizin bir neçə şəhər və rayonunu əhatə edəcək.
Tədbir iyulun 14-də Molla Pənah Vaqifin doğulduğu Qazax rayonundan start götürüb. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu, Azərbaycan Yazıçılar Birliyi (AYB) və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən Vaqif Poeziya Günləri poeziyasevərləri yenidən bir araya gətirib.
Onu da qeyd edək ki, iyulun 15-də Gəncə şəhərində, iyulun 16-da isə Ağdam rayonunda davam edəcək Poeziya Günləri iyulun 17-18-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yekunlaşacaq. Şuşada baş tutacaq tədbirlərdə tanınmış ədəbiyyat və incəsənət xadimləri, dövlət və hökumət nümayəndələri iştirak edəcək.
Qazax şəhərinin mərkəzində Fəxri Qazaxlılar parkında Molla Pənah Vaqifin və Molla Vəli Vidadinin heykəlinin qarşısında təşkil olunmuş bayram tədbirində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsindəki nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, köməkçisi Akif Əmirov, Mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi Səlim Balbullaoğlu, AYB-də Poeziya sektorunun rəhbəri İbrahim İlyaslı, professor, tənqidçi, ədəbiyyatşünas Rüstəm Kamal, gənc şair, “Ulduz” jurnalının şöbə müdiri Taleh Mansur, şairə Xatirə Fərəcli, şəhid ailələri, ziyalılar, təhsil, mədəniyyət işçiləri, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.
Tədbirin aparıcısı, Azərbaycan Yazıçılar Birliyinin Qazax Bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal poeziya bayramını açıq elan edərək iştirakçıları və qonaqları salamlayıb, səmimi ürək sözlərini bölüşüb. B.Vüsal Vaqif Poeziya Günlərinin təməlinin Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1982-ci ildə Şuşada qoyulduğunu bildirib. Məhz həmin tarixdə Ulu Öndərin iştirakı ilə Molla Pənah Vaqifin məqbərəsi və Poeziya Evinin təntənəli şəkildə açıldığını və onun tapşırığı ilə Vaqif Poeziya Günlərinin keçirilməsinə qərar verildiyini qeyd edib. Şair vurğulayıb ki, 1991-ci ilə qədər hər il təşkil olunan bu poeziya bayramı ənənəvi olaraq şairin Vətəni Qazaxdan başlayır və Şuşanın əsrarəngiz Cıdır düzündə başa çatırdı. Şuşa düşmən tapdağında olduğu dövrdə də Vaqif Poeziya Günlərinin Qazaxda keçirildiyini, əsasını Ulu Öndərin qoyduğu ənənənin davam etdirildiyini söyləyib. B.Vüsal Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun şanlı Qələbəsi nəticəsində Şuşa şəhəri işğaldan azad olunduqdan sonra Vaqif Poeziya Günlərinin yenidən Azərbaycanın mədəniyyət paytaxtında keçirilməyə başlandığını, hər il olduğu kimi, bu il də Vaqif Poeziya Günlərinin poeziya, ədəbiyyat və mədəniyyət həvəskarlarına unudulmaz anlar yaşadacağını diqqətə çatdırıb. İyulun 15-də Gəncə şəhərində, iyulun 16-da isə Ağdam rayonunda davam edəcək Poeziya Günlərinin iyulun 17-18-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yekunlaşacağını, xalqımızın daha bir poeziya bayramına şahidlik edəcəyini bildirib. B.Vüsal M.P.Vaqifin bu gün də, sabah da, gələcəkdə də xalqımızın qəlbində əbədi yaşayacağını söyləyib və bu gün Qazaxdan start götürən və Şuşada başa çatacaq poeziya bayramının da məhz bu amala xidmət etdiyini vurğulayıb. Şuşa səfərindən söz açan şair o doğma torpaqda olduğuna, xüsusilə də Vaqif Poeziya Günlərində iştirak etdiyinə görə bir qazaxlı olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Vətən yolunda canlarını fəda edən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə minnətdar və borclu olduğunu söyləyib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək tədbirə toplaşanları, qonaqları salamlayıb, tarixi şəxsiyyətlərin, şairlərin, aşıqların yurdu olan, Qərbin qapısı sayılan Qazaxda keçirilən poeziya bayramında görməkdən məmnunluq hissi duyduğunu söyləyib, səmimi ürək sözlərini səsləndirib. İcra başçısı Qazaxın, bu torpağın, bu məkanın tarixin müxtəlif mərhələlərində Azərbaycan ədəbiyyatına incilər bəxş etdiyini vurğulayıb. Qeyd edib ki, məhz bu səbəbdən Qazaxın tam haqqı çatır ki, bu cür möhtəşəm tədbirlərə, Vaqif Poeziya Günlərinə, poeziya bayramlarına, yubileylərə ev sahibliyi etsin. Rayon rəhbəri bildirib ki, Azərbaycan ədəbiyyatı tarixində xüsusi mövqeyi olan M.P.Vaqif XVIII əsr Azərbaycan ədəbiyyatında, daha doğrusu, anadilli şeirimizin pik nöqtəsində dayanan sənətkar və ədəbi simalardandır. Ədəbiyyat tariximizdə Nizami və Füzulidən sonra ədəbi məktəb yaradan üçüncü sənətkardır. Onun yaradıcılığı ədəbiyyatımızın yüksəliş tarixində yeni bir mərhələnin başlanğıcıdır. Molla Pənah Vaqifin dövrü Azərbaycan poeziyasının milli dirçəliş dövrü kimi qiymətləndirilir. İcra başçısı Ulu Öndər Heydər Əliyevin söz adamlarının yubiley tədbirlərində, anım günlərindəki çıxışlarında Vətənə, xalqa məhəbbət kimi mənəvi keyfiyyətlərin aşılanmasında ədəbiyyatın rolunu önə çəkdiyini, xalqa, Vətənə sevgi ruhunda yazmağın sənətkar üçün xoşbəxtlik olmasını vurğuladığını qeyd edib. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin göstərişi ilə Azərbaycanda üç məşhur şairin – Nizami Gəncəvi, Molla Pənah Vaqif və Hüseyn Cavidin məzarları üstündə məqbərənin tikilməsi məhz ədəbiyyatımıza olan diqqət və qayğının bariz nümunəsidir. Ümummilli Liderin göstərişi ilə Vaqifin məzarı üstündə 1980-1981-ci illərdə abidə, türbə tikilmişdir. 1982-ci ilin yanvar ayında dahi rəhbər Heydər Əliyevin iştirakı ilə Molla Pənah Vaqifin məqbərəsinin təntənəli açılışı olmuşdur. Şuşada şairin məqbərəsi ilə yanaşı, Poeziya Evinin də açılışında və orada keçirilən Vaqif Poeziya Günlərində iştirak etmişdir. Məhz həmin tarixdən etibarən hər il ölkəmizdə Vaqif Poeziya Günləri keçirilmişdir. İcra başçısı qeyd edib ki, Respublika Prezidenti, Müzəffər Ali baş Komandan İlham Əliyev başda olmaqla cəsarətli Azərbaycan Ordusunun rəşadəti sayəsində 44 gün ərzində torpaqlarımız düşmən tapdağından azad olundu. Azad olunmuş ərazilərimizdə, Şuşada, o cümlədən Prezident İlham Əliyevin göstərişinə əsasən Vaqifin məqbərəsində təmir bərpa işlərinə start verildi. 29 avqust 2021-ci il tarixdə ölkə Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şuşada Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılış mərasimində iştirak etmişdir. Şairin bizə doğma olan məqbərəsi artıq indinin və sabahkı nəslin daim ziyarət edəcəyi müqəddəs mehraba, məkana çevrilmişdir. Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə 43 illik tarixi olan Vaqif Poeziya Günləri yenidən keçirilməkdədir. Bu tədbir Azərbaycan ədəbiyyatının və poeziya ənənələrinin yaşadılması, zəngin milli-mədəni irsimizin təbliği və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Vaqif Poeziya Günləri bu gün şairin doğulduğu Qazax rayonundan start götürür və 15 iyulda Gəncə şəhərində, 16 iyulda Ağdam rayonunun Quzanlı qəsəbəsində, yekun mərhələsi isə 17-18 iyul tarixində mədəniyyət paytaxtımız Şuşa şəhərində təşkil ediləcəkdir. Rayon rəhbəri bildirib ki, əsrlər keçir, nəsillər bir-birini əvəz edir, Molla Pənah Vaqif kimi əsl sənətkarlar qəlblərdə yaşayır. Onların əsərləri, şeirləri ürəklərə təsir edir, dillərdə əzbər olur. Dahi şairimiz bizim xatirələrdə yaşayır və daim yaşayacaq.
Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsindəki nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, poeziya bayramında iştirak etməyin qürurunu yaşadığını söyləyib. “Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Səməd Vurğun müasir Azərbaycan dilini formalaşdıran dahilərdir. Ona görə də onlar hər zaman bizimlə yaşayacaqlar. Mənfur düşmən və onun havadarları nə qədər çalışsalar da Azərbaycan xalqının sahib olduğu milli mənəvi dəyərlərini mənimsəyə bilmədilər. Azərbaycan xalqı xoşbəxt xalqdır ki, öz tarixinə, mənəviyyatına sahib çıxa bilir. Milli mənəvi dəyərlərə sahib çıxan ölkə rəhbəri var. Ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın illər öncə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ənənəni, Vaqif Poeziya Günlərini bu gün də yaşatması ölkə rəhbərinin, dövlətimizin öz mənəviyyatına sahib çıxması deməkdir. Bizim işimiz də Prezidentin ətrafında birləşmək, onun bu yoldakı fəaliyyətinə öz töhfəmizi verməkdir”, – deyən millət vəkili poeziya bayramının təşkilində əməyi, əziyyəti keçən insanlara, təşkilatçılara razılığını ifadə edib.
Mədəniyyət nazirinin müavini Fərid Cəfərov çıxış edərək tədbir iştirakçılarını və qonaqları Mədəniyyət naziri Adil Kərimlinin adından salamlayıb, möhtəşəm söz, sənət bayramının açılışı münasibətilə təbrik edib, səmimi ürək sözlərini çatdırıb. “Bu gün bu poeziya bayramında iştirak etmək həm bir məmur kimi, həm bir ədəbiyyatsevər kimi, həm bir poeziya aşiqi kimi, həm də Vaqif şeirləri ilə böyümüş hər kəs üçün şərəfdir, qürurdur, zövqdür. Qazax eli, obası ölkəmizə bütün sahələrdə dahi şəxsiyyətlər bəxş etmişdir. Bu gün bu möhtəşəm tədbirin keçirildiyi Fəxri Qazaxlılar parkını gəzərkən dahi şəxsiyyətlərin xatirəsinə ucaldılmış büstləri görən zaman bunun əyani şahidi oluruq”, – deyən nazir müavini səmimi ürək sözlərini bölüşüb. M.P.Vaqifin yaradıcılığından, Azərbaycan ədəbiyyatına bəxş etdiyi saysız-hesabsız söz incilərindən danışan natiq illər ötsə belə onun yaradıcılığının gələcək nəsillərə örnək olacağını qeyd edib. “Şairlərin təbiricə desək M.P.Vaqifin öz Vətəni Qazax, söz Vətəni isə Şuşadır”, – deyən natiq Vaqif Poeziya Günlərinin şairin doğma yurdunda və Şuşada keçirilməsinin təsadüf olmadığını qeyd edib. Natiq builki Vaqif Poeziya Günlərinin daha əlamətdar olduğunu, 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı Zəfərin 5-ci ilönümündə və 2025-ci il “Konstitusiya və Suverenlik İli”ndə təşkil olunduğunu söyləyib. Nazir müavini Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuş torpaqlarımızda aparılan bərpa-quruculuq işlərindən, mədəni irsimizin, mədəniyyət ocaqlarının bərpası istiqamətində həyata keçirilən tədbirlərdən, işlərdən də söz açıb. Bütün bu işlərə görə ölkə Prezidentinə minnətdarlığını bildirib. Tədbirin təşkilində əziyyəti keçən insanlara razılığını ifadə edib.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi Səlim Balbullaoğlu çıxış edərək tədbir iştirakçılarını salamlayıb, poeziya bayramı münasibətilə səmimi ürək sözlərini səsləndirib. “Bu gün də qürurla deyə bilirik ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı Zəfərdən sonra verdiyi qərarlar mədəniyyətimizlə bağlı oldu. Molla Pənah Vaqifin Şuşa şəhərindəki məqbərəsinin əsaslı şəkildə bərpa olunması, Vaqif Poeziya Günlərinin, Xarıbülbül festivalının yenidən bərpa edilməsi mədəniyyət sahəsinin inkişaf etdirilməsi istiqamətində atılmış mühüm qərarlar idi”, – deyən natiq bütün bu işlərə görə ölkə başçısına minnətdarlıq edib.
Çıxışlardan sonra poeziya bayramı bədii hissə ilə davam etdirilib. Aktyorlar Sabir Məmmədov, Nazir Rüstəmov, Sürahi Əliməmmədov, Zəhra Salayeva, Vüsal Xaliqoğlu Xalq şairi Səməd Vurğunun “Vaqif” pyesindən bir səhnə nümayiş etdiriblər.
Azərbaycan Aşıqlar Birliyi Qazax filialının Aşıqlarının təqdimatında konsert proqramı təşkil olunub. Aşıq Saqif Rəhimovun, gənc Aşıq Samir Allahverdiyevin, Tovuzdan tədbirə qatılmış Aşıq İlham Tovuzlunun, Aşıqlar qrupunun, Ağstafadan qatılmış Aşıq İradə Salehovanın bir-birindən maraqlı saz ifaları poeziya bayramına rəng qatıb. Tədbir xoş əhval-ruhiyə ilə başa çatıb.