Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) təhsil haqqı niyə artırıldığı məlum olub.
Cumhuriyyet.az bildirir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq universitetin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyev danışıb.
O qeyd edib ki, yeni təhsil haqqı yalnız cari ildən etibarən universitetə qəbul olunacaq birinci kurs bakalavr və magistratura tələbələrinə şamil edilir:
“Hazırda ADPU-da təhsil alan yuxarı kurs tələbələri təhsil haqqını əvvəlki məbləğlər əsasında ödəməyə davam edəcəklər.
2025/2026-cı tədris ilindən etibarən Azərbaycan Dövlət Pedaqoji Universitetində bakalavriat və magistratura səviyyələrində illik təhsil haqqı 2 300 manatdan 2 400 manata artırılıb. Magistratura səviyyəsində MBA proqramının ixtisaslaşmaları üzrə isə təhsil haqqı 2 500 manatdan 2 700 manata qaldırılıb.
Təhsil haqlarının artırılmasının müəyyən obyektiv səbəbləri var. Belə ki, dəyişən sosial-iqtisadi tələblər, təhsil xidmətlərinin maya dəyərinin artması, həmçinin universitetdə təhsilin məzmun və keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən islahatlar və infrastrukturun yenilənməsi bu addımı zəruri edib.
Qeyd olunduğu kimi, atılan bütün addımlar təhsilin keyfiyyətinin artırılmasına və tələbə məmnuniyyətinin yüksəldilməsinə yönəlib. Eyni zamanda, tələbələr təhsil haqqını il ərzində iki hissəyə bölərək rahat şəkildə ödəmək imkanı əldə edirlər”.