Musavat.com xəbər verir ki, ABŞ Dövlət Departamenti “Tramp Marşrutu” adlanan və Azərbaycan-Ermənistan arasında Zəngəzur dəhlizi istiqamətində nəzərdə tutulan razılaşmanı pozmaq cəhdlərinə qarşı açıq mesaj verib.
“Biz müəyyən hərəkətlərlə bağlı nə edə biləcəyimiz və ya edə bilməyəcəyimiz barədə fərziyyələr qurmaq niyyətində deyilik. Bütün dünya bilir ki, Prezident Tramp ciddi qəbul olunmalıdır. Bu razılaşma onun üçün önəmlidir”.
Musavat.com bildirir ki, ABŞ Dövlət Departamentində bu sualı azərbaycanlı jurnalist və politoloq Əhməd Şahidov verib.
Siyasi müşahidəçilər bildirirlər ki, bu açıqlama həm İrana, həm də Rusiyaya ünvanlanmış sərt xəbərdarlıqdır. Əgər Azərbaycan və Ermənistan arasında Trampın təşəbbüsü ilə formalaşan yol marşrutu – yəni klassik Zəngəzur dəhlizinin keçdiyi xətt – bloklanarsa, Vaşinqtonun reaksiyası çox sərt olacaq.
Xüsusilə İran üçün bu mesajın əhəmiyyəti böyükdür. Tehran bundan sonra da Zəngəzuru özünün “qırmızı xətti” elan edərək açıqlamalar verərsə, qarşısında birbaşa Tramp administrasiyasını görəcək.
Ekspertlərin fikrincə, əslində artıq İranın “qırmızı xətt” anlayışı real məzmununu itirib: Tehranın, Təbrizin, Natanzın bombardmanından, İran Silahlı Qüvvələrinin komandanı və 25-dən çox generalının öldürülməsindən sonra bu ritorika beynəlxalq arenada ironik qarşılanır.
Bu baxımdan, Vaşinqtonun mesajı İrana açıq şəkildə bildirir ki, “qırmızı xətt”ini bir neçə yüz kilometr içəri çəksin, çünki regional layihələrin qarşısını almaq üçün artıq əlində real imkan qalmayıb.
Əhməd Şahidov Dövlət Departamentinin Cənubi Qafqazda yaranmış yeni sülh şəraitinə münasibətini soruşub, həmçinin Rusiya və İran tərəfindən səsləndirilən təhdidlər, o cümlədən “Tramp Dəhlizi”nin qarşısının alınacağına dair Tehrandan səslənən bəyanatlar fonunda ABŞ-ın mövqeyini öyrənib.
Onun sualına cavab verən xanım Temmi Bryus cavabında bildirib ki, mümkün addımlar barədə fərziyyə irəli sürmək niyyətində deyil, amma dünya Prezident Donald Trampı ciddi qəbul edir:
“Bu razılaşma ABŞ prezidenti üçün çox vacibdir. Azərbaycan və Ermənistan liderləri Ağ Evdə idilər, bu sülh Vaşinqton üçün də, dünya üçün də əhəmiyyətlidir. Azərbaycan və Ermənistan onilliklərdir münaqişə içindədir, 35 ildən çoxdur davam edən qarşıdurmada saysız-hesabsız itkilər olub. Avropalılar, fransızlar, Putin və hətta Bayden də dəfələrlə cəhdlər edib, amma yalnız Prezident Donald Tramp bu iki ölkəni tarixi sülh razılaşmasına gətirə bildi. Dünyaya məlumdur ki, prezident Tramp uzunmüddətli sülhə sadiqdir və lazım gələrsə sülhü qorumaq üçün ABŞ Prezidentinin imkanlarından istifadə edəcək”.