Ermənistanın birinci prezidenti və vaxtilə Qarabağdakı separatizmin əsasını qoyanlardan biri olan Levon Ter-Petrosyan Azərbaycanla Ermənistanın Vaşinqton razılaşmasına qiymət verməkdə “çətinlik çəkib”.
Ter-Petrosyan açıqlamasında özü də bilmədən erməni müxalifətinin razılaşmaya münasibətinin İran və Rusiyanın mövqeyindən asılı olduğunu etiraf edib: “Dost İran rəsmilərinin müxtəlif, bəlkə də, bir-birini tamamlayan qiymətləndirmələri və xüsusən də Rusiyanın demək olar ki, tamamilə susması məni hələ də bir qədər çaşdırır. İran diplomatiyası o qədər incədir ki, onu dərhal anlamaq bəzən çətin olur. Lakin öz təcrübəmə əsaslanaraq, sizi əmin edə bilərəm ki, ölkəmiz müstəqilliyini bərpa edəndən bəri İran Ermənistana qarşı nəinki narazılıq və ya irad bildirməyib, hətta bizim bütün müraciətlərimizə müsbət cavab verib. Bir sözlə, mən Ermənistanla İran arasında 30 ildən artıq davam edən münasibətlərdə hər hansı anlaşılmazlıq görməmişəm”.
Sual yaranır ki, “dost” İranın mövqeyinin, yaxud Rusiyanın “susmasının” özünü vaxtilə Ermənistanın prezidenti, indi isə müxalif siyasətçi hesab edən birisinin müstəqil siyasi mövqeyinə nə aidiyyatı var? Bununla Levon Ter-Petrosyan ümumilikdə erməni müxalifətinin, xüsusilə də qatı millətçi və revanşist qüvvələrin nə qədər rəzil, simasız və Rusiya ilə İrandan asılı vəziyyətdə olduğunu göstərmiş olub. Onun dediklərindən də aydın olur ki, bu qüvvələrin öz mövqeyi, baxışı, qiymətləndirməsi yoxdur və onlar öz hərəkətlərini yalnız İran və Rusiyadan gələn siqnallar, sifarişlər əsasında formalaşdırırlar.