Prezident İlham Əliyevin rusiyalı həmkarı ilə görüşündən sonra “beşinci kolon” təzəcə nəfəs almağa başlayırdı ki, Azərbaycan dövləti onun başında dayanan Ramiz Mehdiyevin haqqında hökmünü verdi. Ölkə mediasının nümayəndələri bu məsələni fəl şəkildə araşdırmağa başlasalar da, sosial şəbəkələrdə vətəndaş və dövlətçilik mövqeyi ilə seçilən izləyicilər bu xəbəri “Oh, ürəyimizə yağ kimi yayıldı” kimi şərh etsələr də, siyasi elitaya daxil olan partiyaların funksionerlərinin, Milli Məclisin deputatlarının səsi eşidilmir. Əslində ölkədə Ramiz Mehdiyevin üzdə görünən müdafiəçiləri çox deyil. Elşad Abdullayevlə keçmiş deputat Gülər Əhmədova arasında diplomat qalmaqalı ilə bağlı video qalmaqalından sonra Prezident Administrasiyasının o zaman rəhbəri olan Ramiz Mehdiyevi müdafiə edən şəxs tapılmırdı. O zaman yalnız Milli Məclisin deputatı olan Zahid Oruc meydana atılaraq “525-ci qəzet”də öz “paxanı”nı müdafiə edən palaz boyda məqalə yazmışdı.
Nə hikmətdirsə, sonradan məhz Zahid Oruc deputatlıqla yanaşı həm də Sosial Tədqiqatlar Mərkəzinə rəhbər təyin olundu. Amma Mehdiyev mədəni şəkildə Milli Elmlər Akademiyasına göndəriləndən sonra cəmiyyətin tanınmış ictimai-siyasi xadimləri və AMEA-nın alimləri Ramiz Mehdiyevi istefaya çağırsa da Zahid Oruc heç səsini də çıxarmadı. İndi ölkəmizin Rusiyanın təsiri altında olan “xadimlərdən” qurtulmağa çalışdığı mühüm dönəmdə Zahid Oruc, Ramiz Mehdiyevin kitablarını bütün ölkə boyu təbliğ edən “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov kimilərindən səs-səda duyulmur.
Əslində ölkə gündəminin nəzbini ölçməli olan Sosial Tədqiqatlar Mərkəzi, şəxsən bu qurumun rəhbəri Zahid Oruc bu barədə nə düşünü? O, niyə susur? Axı bu məsələyə ilk reaksiya məhz STM-dən gəlməli idi. Bəlkə Zahid Oruc Ramiz Mehdiyev haqqında cinayət işinin başlanmasını məqbul hesab eləmir? Yaxud STM sədri akademikə sadiqlik nümayiş etdirir!? Azərbaycan siyasi tarixinin yaxın dövrlərinə – kommunist təfəkkürlü Ramiz Mehdiyevin uzun illər ölkə siyasətinin manşetində saxladığı komandasının siyahısında ilk yerlərdən birini də məhz Zahid Orc tuturdu. Zahid Oruc həmişə Ramiz Mehdiyevin “adamları”nın siyahısında isbatı şübhə doğurmayan şəxslərdən biri olub. Hər halda bütün ictimaiyyət, ictimai-siyasi sfera Zahid Orucu Ramiz Mehdiyevin qeyri-rəsmi sözçüsü kimi tanıyırdı. Məsələn, Zahid Oruc 2019-cu ildə Ramiz Mehdiyevin istefası ilə bağlı “Azadlıq” radiosuna verdiyi açıqlamada deyir: “İnsanlar sabiq məmura çevriləndən sonra vəzifə kultu vardı. Lakin sonrakı dövrdə müəyyən qruplar yaranır ki, onlar informasiya atəşinin altına düşür və sabiq məmurların üzərindən dövlət, hakimiyyət vurulmağa başlayır”. İndi Zahid Oruca sual edirik: Bu gün Ramiz Mehdiyevi cinayətdə ittiham edənlər dövləti vurur? Ramiz Mehdiyev ətrafında baş verən son proseslərlə bağlı Zahid Oruc danışmadığına görə, deməli, o, hələ də 2019-cu ildəki fikirlərində qalır və Ramiz Mehdiyevi müdafiə edir. Elə təsəvvür yaranır ki, sanki ölkənin milli maraqlarının keşiyini yalnız kütləvi informasiya vasitələri çəkir. Ramiz Mehdiyevin məkrli xislətinə yaxşı bələd olan Milli Məclisin rəhbərliyi, 125 deputat, hakim partiya olan YAP-ın rəhbər şəxsləri, tanınmış politoloqlar, Azərbaycan Milli Elmlər Akademiyasının akademikləri, ali təhsil müəssisələrinin, yaradıcı birliklərin rəhbərləri danışmağa cəsarət etmirlər.
Haradadır sizin müstəqil vətən təəssübkeşliyiniz, Ramiz Mehdiyev kimi satqınları ifşa edən, Qarabağı ölkəmizə və xalqımıza qaytaran qətiyyətli dövlət başçısına sədaqətinizi göstərən açıqlamalarınız? Biabırçılıq ondadır ki, hələ də efirdən, özü də ARB-nin efirindən Ramiz Mehdiyevə “Ramiz Ənvəroviç” deyən, onun alimliyinə hörməti olduğunu vurğulayan media mənsibları tapılır. Əlbəttə, heç kim, “əcinnə ovu”na çıxılmasının tərəfdarı deyil, amma bu zatın Rusiyanın maraqlarına xidmət etməsi, ölkəmizdə hakimiyyəti ələ keçirməyə çalışması ilə bağlı ittihamların irəli sürülməsi sıradan hadisə deyil axı.