Artıq bir neçə ildir ki, Azərbaycan prezidentinin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının başçıları aylıq vətəndaş qəbulu keçirir.
Etiraf edək ki, bu proses yeni başlayanda bütün nazirlər bölgələrdə vətəndaşlarla birbaşa təmasda olurdu və onları dinləyirdi.
Ölkə başçısının bu tapşırığı insanlarda məmnunluq yaratmışdı. Çünki, aşağı ranqlı məmurlar tərəfindən haqqı tapdanan insanlar birbaşa rəhbərə vəziyyətini çatdıra bilirdi.
Amma illər keçdikcə bu ənənə bəzi hökumət üzvlərinin timsalında formal xarakter daşımağa başlayıb. Gununsesi.info-nun qısa araşdırması zamanı bəlli olub ki, azsayda nazirlər ölkə rəhbərinin bu tapşırığına ciddi əməl edir.
Belə ki, araşdırmamız zamanı real vətəndaş qəbulu keçirən şəxslərin- DİN rəhbəri Vilayət Eyvazov, Baş Prokuror Kamran Əliyev , FHN şefi Kəmaləddin Heydərov və Qaçqınkom sədri Rövşən Rzayevin olduğu müəyyən edilib.
Adıçəkilən şəxslər bölgələrdə keçirdiyi qəbullarda yüzlərlə insanı dinləyir , onların probleminin həllinə köməklik göstərir.
Prezident tapşırığına formal yanaşanlar isə daha çoxluq təşkil edir.
Araşdırmamız zamanı məlum olub ki, bunlar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədov, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Mədəniyyət naziri Adil Kərimli, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Səhiyyə naziri Teymur Musayev, Kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzli və SOCAR rəhbəri Rövşən Nəcəf prezident tapşırığına formal yanaşır.
İqtisadiyyat Nazirliyinin tabeçiliyində olan xidmət və agentliklərin rəhbərləri də bu qəbulları statistika üçün keçirir.
Məlum olub ki, formal görüş keçirən bu rəhbər şəxslər öz tabeçiliklərində çalışan şəxsləri qəbul edir.
Bu daha çox Azəravtoyol rəhbəri Saleh Məmmədova aiddir.
Bildirilir ki, Saleh Məmmədov bölgələrdəki qəbulunda 10-15 nəfər iştirak edir ki, onlar yol idarələrinin təmsilçiləridir.
Eyni üsulla kənd təsərrüfatı naziri Məcnun Məmmədov da çalışır. O da vətəndaş qəbulu adı ilə tabeçiliyində çalışan şəxsləri qəbul edir.
Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov isə vətəndaş qəbulu adı ilə mollalarla görüşür.
Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzli də vətəndaşdan gen gəzən rəhbərlərdəndir.









