Bakıda partlayış baş verən “AFEN PLAZA” biznes mərkəzində 8 il əvvəl də oxşar hadisə yaşanıb.
“Yeni Sabah” xəbər verir ki, 2017-ci il noyabrın 10-da biznes mərkəzinin dam örtüyü yanıb.
Həmin vaxt da hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri cəlb olunub, binadakı insanlar təxliyə edilib. Xəsarət alan olmayıb.
FHN-nin həmin vaxt yaydığı məlumatda deyilir: “Bakı şəhəri, Nərimanov rayonunda ümumi sahəsi 920 kv.m olan altımərtəbəli mansard tipli “AFEN PLAZA” biznes mərkəzinin 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 300 kv.m olan ofisin yanar konstruksiyaları yanıb.
Yanğın zamanı 42 nəfər Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. Binanın qalan hissəsi yanğından mühafizə olunub”.









