Azərbaycanda pensiyaların indeksasiya edilərək artırılması hər ilin əvvəlində həyata keçirilir. Növbəti il pensiyaların nə qədər indeksasiya ediləcəyi də pensiyaçılar üçün aktual məsələdir.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, “Əmək pensiyaları haqqında” qanunun tələblərinə görə, cari ildə orta əmək haqqının artım faizinə uyğun olaraq gələn ilin pensiyaların sosial sığorta hissəsi artırılır və pensiyalar artımla müəyyənləşir.
Bu il Azərbaycanda orta aylıq əmək haqqının artım faizinin indiyə qədər 9.2 faiz olduğunu xatırladan komitə sədri bu rəqəmin ilin sonuna qədər dəyişməyəcəyini ehtimal edir: “Bu o deməkdir ki, gələn il bütün pensiyaların sığorta hissəsi 9.2 faiz artacaq. Bu orta hesabla pensyaların orta məbləğinin 50 manat yüksəlməsi deməkdir”.
Komitə sədri əlavə edib ki, 2026-cı ildə pensiyaların orta aylıq məbləği 590 manata çatacaq, yaşa görə pensiyanın orta aylıq məbləği isə 630 manat təşkil edəcək.









