8-12 noyabr 2025-ci il tarixlərdə Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində VI İslam Həmrəyliyi Oyunları keçirildi. 57 ölkənin iştirak etdiyi VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı 20 idman növü üzrə 179 idmançı təmsil edib. Ümumilikdə, 23 növdə medal uğrunda mübarizə aparılıb. Azərbaycan komandası oyunları 59 medalla başa vurub. Bunların 9-u qızıl, 19-u gümüş, 31-i isə bürünc mükafatdır. Ölkəmiz bu göstərici ilə ümumi medal sıralamasında 10-cu yeri tutub. İlk sırada Türkiyə, ikinci sırada Özbəkistan, üçüncü sırada İran olmuşdur. Oyunlarda ölkəmizi ağırlıqqaldırma idman növündə 9 nəfər (5 kişi, 4 qadın olmaqla) təmsil edib. Həmin idmançılardan iki nəfəri Qazax Rayon Uşaq Gənclər İdman Məktəbinin yetirmələridir.
Qazax Rayon Uşaq Gənclər İdman Məktəbinin yetirmələri 2006-cı il təvəllüdlü Alməmmədov Ravin Ramil oğlu (79 kq çəki dərəcəsində) və 2010-cu il təvəllüdlü Əbilova Nuray Vüsal qızı (48 kq çəki dərəcəsində) Azərbaycan yığmasında idmanın ağırlıqqaldırma növü üzrə rayonumuzu təmsil edərək 2 gümüş, 4 bürünc medal qazanıblar. Məşqçi “Göyəzən” Ağır Atletika Klubunun ağır atletika idman növü üzrə məşqçi-müəllimi, Ağır Atletika üzrə İdman ustası, Əməkdar məşqçi, Respublika dərəcəli hakim, Qazax Rayon Uşaq Gənclər İdman Məktəbinin müəllimi Abdalov Rayət Əziz oğlu olmuşdur.
Ravin Alməmmədov böyüklər arasında 155 kq birdən qaldırma hərəkətində 1 gümüş, böyüklər arasında 190 kq təkanla qaldırma hərəkətində 1 bürünc, böyüklər arasında 345 kq ümumi nəticəyə görə 1 gümüş medal qazanıb. Nuray Əbilova isə böyüklər arasında 65 kq birdən qaldırma hərəkətində 1 bürünc, böyüklər arasında 79 kq təkanla qaldırma hərəkətində 1 bürünc, böyüklər arasında 144 kq ümumi nəticəyə görə 1 bürünc medala sahib olub. Qürurverici olan odur ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında ölkəmizə ilk medalı Nuray Əbilova ağırlıqqaldırma idman növündə qazandırıb.
Noyabrın 27-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov qalib idmançılarla görüşərək onları mükafatlandırıb.
Qazax Rayon İcra Hakimiyyətində keçirilən görüşdə icra başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, idarənin əməkdaşları, “Göyəzən” Ağır Atletika Klubunun ağır atletika idman növü üzrə məşqçi-müəllimi, Ağır Atletika üzrə İdman ustası, Əməkdar məşqçi, Respublika dərəcəli hakim, Qazax Rayon Uşaq Gənclər İdman Məktəbinin müəllimi Rayət Abdalov, qalib adını qazanan idmançılar iştirak ediblər.
Qalib idmançılar görüşdən öncə şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanını ziyarət edərək memorial önünə tər qərənfillər düzüb, torpaqlarımızın azadlığı, ölkəmizin suverenliyi uğrunda canlarını fəda edən şəhidlərimizi ehtiramla yad edib, igid Vətən oğullarını hörmətlə anıblar.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, yer tutan idmançıları əldə etdikləri nailiyyət münasibətilə təbrik edib, səmimi ürək sözlərini çatdırıb. İcra başçısı sazın, sözün beşiyi sayılan Qazaxın həm də idmançıları ilə tanındığını qeyd edib. Hər zaman sərbəst güləşdə adını tarixə yazdıran qazaxlı idmançıların yarışlarda, çempionatlarda, birinciliklərdə qızıl, gümüş, bürünc medallar əldə etdiklərini vurğulayıb. Rayon rəhbəri bildirib ki, bu gün qürurverici haldır ki, Qazax idmançıları ağır atletika idman növündə də adlarını tarixə yazdıra bildilər. Rayon rəhbəri söyləyib ki, Ravin, Nuray kimi idmançılaçırımızın timsalında əldə edilən uğurlu nailiyyət onu deməyə əsas verir ki, bu idman növündə qazanılan qələbələr bundan sonra da davam edəcək. Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən idman sahəsinə, idmançılara göstərilən diqqət və qayğıdan söz açan icra başçısı həmin qayğının bu gün də davam etdirildiyini vurğulayıb. İcra başçısı bunun bariz nümunəsi olaraq ölkə Prezidentinin “Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikası idmançılarının, onların məşqçilərinin və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması haqqında” imzaladığı 26 noyabr 2025-ci il tarixli sərəncamı göstərib. Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov, eləcə də Ağır Atletika Federasiyasının rəhbərliyi tərəfindən idmançılara göstərilən qayğıdan danışan rayon rəhbəri həmin qayğının Qazaxda da hiss olunduğunu diqqətə çatdırıb. Qazax Olimpiya İdman Kompleksində, Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəbdə, Çaylı kəndində ağır atletika ilə məşğul olan idmançılar üçün idman zallarının yaradılmasını həmin qayğının bariz nümunəsi kimi qeyd edib və minnətdarlığını bildirib. Eyni zamanda, bu gün qazaxlı idmançıların, eləcə də digər idmançıların əldə etdikləri nailiyyətlərdə öz real əksini tapdığını vurğulayıb. İcra başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Qələbə əldə edən ölkənin idmançıları olaraq onlardan bundan sonra da böyük nailiyyətlər gözlədiyini qeyd edib və uğurlar arzulayıb.
Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev çıxış edərək qalib idmançıları salamlayıb, onların ünvanına səmimi ürək sözlərini səsləndirib. Ə.Məsmalıyev ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva, Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov tərəfindən idmançılara göstərilən diqqət və qayğıdan danışaraq Qazaxda həmin qayğının daim hiss olunduğunu bildirib. Məhz rayon rəhbərliyi tərəfindən həmin qayğının uğurla davam etdirildiyini vurğulayaraq hər zaman gənclərə, idmançılara olan səmimi münasibətə, göstərilən dəstəyə, xüsusilə də qalib idmançılarla olan bugünkü görüşə görə rayon rəhbərliyinə təşəkkürünü çatdırıb. Ə.Məsmalıyev idmançılarla olan bugünkü görüşü rayonda gənclərə olan qayğının, dövlət gənclər siyasətinin uğurla icra olunmasının bariz nümunəsi kimi qiymətləndirib.
“Göyəzən” Ağır Atletika Klubunun ağır atletika idman növü üzrə məşqçi-müəllimi, Ağır Atletika üzrə İdman ustası, Əməkdar məşqçi, Qazax Rayon Uşaq Gənclər İdman Məktəbinin müəllimi Rayət Abdalov çıxış edərək ünvanlarına səslənən xoş sözlərə, əməklərinə verilən yüksək dəyərə, qiymətə və bugünkü görüşə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. Qazax Uşaq-Gənclər İdman Məktəbinin ağırlıqqaldırma idman növündə Beynəlxalq və Respublika yarışlarında əldə etdiyi nəticələrdən söz açan R.Abdalov bütün uğurların kökündə dövlətin, ölkə başçısının idman sahəsinə, idmançılara göstərdiyi qayğının dayandığını söyləyib. O, bildirib ki, Qazax Uşaq-Gənclər İdman Məktəbinin yetirmələri 2022-ci ildə Beynəlxalq yarışlarda 1 qızıl, 2 gümüş, 1 bürünc medal olmaqla ümumilikdə, 4 medal qazanıb. 2022-ci ildə Respublika yarışlarında 11 qızıl, 8 gümüş, 8 bürünc medal olmaqla ümumilikdə, 27 medala sahib olublar. 2023-cü ildə Beynəlxalq yarışlarda 5 qızıl, 7 gümüş medal olmaqla ümumilikdə, 12 medal əldə edilib. 2023-cü ildə Respublika yarışlarında 10 qızıl, 15 gümüş, 7 bürünc medal olmaqla ümumilikdə, 32 medal qazanılıb. 2024-cü ildə Beynəlxalq yarışlarda 4 qızıl, 4 gümüş, 4 bürünc medal olmaqla ümumilikdə, 12 medal əldə olunub. 2024-cü ildə Respublika yarışlarında 18 qızıl, 13 gümüş, 8 bürünc medal olmaqla ümumilikdə, 39 medal qazanılıb. 2025-ci ildə Beynəlxalq yarışlarda 5 qızıl, 6 gümüş, 5 bürünc medal olmaqla ümumilikdə, 16 medala sahib olunub. 2025-ci ildə Respublika yarışlarında 20 qızıl, 10 gümüş, 4 bürünc medal olmaqla ümumilikdə, 34 medal qazanılıb. Məktəbin ağırlıqqaldırma komandası 2022-2023-2024-2025-ci illərdə Respublika yarışlarında kişilər və qadınlar arasında komanda hesabında birinci yerə çıxıblar. 2025-ci ildə yeniyetmələrin Respublika birinciliyində oğlanlar və qızlar arasında komanda hesabında birinci yeri qazanıblar. 2025-ci ildə İspaniyanın Madrid şəhərində keçirilən yeniyetmələrin Avropa birinciliyində 3 qızıl, 4 gümüş medal qazanaraq Azərbaycan komandası 3-cü yerə layiq görülüb. Natiq onlara göstərilən qayğını, etimadı bundan sonra da hər zaman əldə etdikləri nailiyyətlərlə doğruldacaqlarını qeyd edib.
Görüşün sonunda icra başçısı qalib idmançıları mükafatlandırıb, ünvanlarına bir daha xoş sözlərini, səmimi təbriklərini səsləndirib. Səmimi söhbət əsasında keçən görüşün sonunda idmançılarla xatirə şəkli çəkdirilib.













