Erməni baş nazirə sui-qəsd təhlükəsi var – Bakıdan mesaj
Ermənistanda hakimiyyətin taleyini həll edəcək seçkilərə vaxt daraldıqca baş nazir Nikol Paşinyanın hakimiyyətdə qalıb-qalmayacağı ilə bağlı müzakirələr daha da çoxalır. Bir çoxları hesab edir ki, Paşinyanı seçkilərdə hakimiyyətdən kənarlaşdırmaq mümkün deyil, çünki bütün rəqiblərindən reytinqi yüksəkdir. Ona görə də onu hakimiyyətdən uzaqlaşdıracaq yeganə faktor kimi erməni terrorunun işə salınması ola bilər. Yəni Paşinyan iqtidarının davam etməsinin qarşısını başqa cür almaq mümkün deyil.
Bu iddianı irəli sürənlər erməni terrorizminin yüz ildən artıq qanlı tarixi olduğunu, erməni terrorunun hətta lazım olanda ermənilərin özlərinə qarşı da tətbiq olunduğunu xatırladırlar. Məsələn, çox da uzaq tarix olmayan 1999-cu il oktyabrın 27-də Ermənistan parlamentində həyata keçirilən terror aktı. Parlamentin iclası zamanı 6 nəfər silahlı şəxs zala daxil olaraq, deputat və nazirlərdən ibarət 50 nəfəri girov götürmüşdü. Zala daxil olan kimi terrorçular ilk olaraq baş nazir Vazgen Sarkisyanı və parlamentin spikeri Karen Dəmirçiyanı qətlə yetirmişdilər. Bundan başqa, terror aktı zamanı vitse-spikerlər Ruben Miroyan, Yuri Baxşyan, deputatlar Armenak Armenakyan, Henrix Abramyan, Mikael Kotanyan və ölkənin operativ işlər naziri Leonard Petrosyan da öldürülmşdü. Hadisə yerinə gələn o zamankı Ermənistan prezidenti Robert Köçəryan terrorçu qrupun rəhbəri, “Daşnaksütyun” Partiyasının keçmiş üzvü Nairi Unanyanla birbaşa danışıqlar aparmışdı. Oktyabrın 28-i səhər saatlarında girovları qrup şəklində azad edən terrorçular könüllü olaraq hüquq-mühafizə orqanlarına təslim olmuşdular. 8 nəfərin ölümündə, 7 nəfərin ağır yaralanmasında təqsirləndirilən terrorçular məqsədlərinin baş nazir Vazgen Sarkisyanı öldürərək ölkəni parçalanmadan xilas etmək olduğunu iddia edirdilər.
Robert Köçəryanın o zaman ölkədə ümummilli matəm elan etməsinə baxmayaraq, bir çox ekspertlər terror aktında onun rolunun olduğunu iddia edirdilər. Çünki parlamentdə baş verən teror aktı nəticəsində Köçəryan hakimiyyəti üçün təhlükə törədən, Köçəryan üçün ən ciddi nüfuzlu rəqib Vazgen Sarkisyan və Karen Dəmirçiyan öldürülmüşdü.
İndi isə Robert Köçəryan prezident olmasa da yenə də revanşist terrorçu qüvvələrin lideri rolunda qalır. Bu isə o deməkdir ki, vaxtilə Ermənistanda parlamentdə həyata keçirilən terror və buna bənzər terror aktı növbəti parlament seçkiləri öncəsi Nikol Paşinyana qarşı təkrarlana bilər.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə bu barədə “Yeni Müsavat”a bildirdi ki, Ermənistanda Paşinyan komandasının apardığı təbliğat, müharibəyə yox deməsi, real Ermənistanla yaşamağın vacibliyini insanların beyninə yeritməsi istiqamətində apardığı fəaliyyət onun nüfuzunu qoruyub saxlayıb və bir qədər də artırıb: “Azərbaycanla əlaqələrin qurulması istiqamətində praktiki addımlar da Paşinyanın mövqelərini möhkəmləndirir. Bu vəziyyəti Paşinyanın rəqibləri, ona düşmən kimi yanaşan qüvvələr, xüsusən də cinayətkar keçmiş “Qarabağ klanı”, daşnaklar müşahidə edirlər və narahat olurlar. Erməni terrorunun yüz ildən artıq qanlı tarixi olduğunu, ən yeni tarixdə davam etdiyini, hətta ermənilərin özünə qarşı da qanlı cinayətlərə imza atdığını nəzərə alsaq, hesab etmək olar ki, Paşinyana qarşı da terror planı qurula bilər. Seçkilərdə Paşinyana qalib gəlməyin mümkün olmadığına əmin olan düşmənləri onu terrorla aradan götürmək fikrinə düşə bilərlər. Erməni terroru üçün bu xarakterikdir. Ona görə də qarşıdakı seçkilərdə Nikol Paşinyan üçün ən ciddi təhlükə həyatına qarşı terror törədilməsi ehtimalıdır”.
Ç.Qənizadə qeyd etdi ki, Ermənistan hazırda o qədər də sabitlik olmayan bir dövlətdir, ölkədə revanşist qüvvələr var, xaricdən maliyyələşən anti-Paşinyan qüvvələri mövcuddur, Qarabağdan gəlmiş terrorçular fəaliyyətdədir: “Bütün bu qüvvələrin hamısı birləşib və onların mahiyyətində terrorçuluq dayanır, terror, sui-qəsd bu qüvvələrin təcrübəsində kifayət qədər geniş yer alıb. Bu baxımdan da bu dəfə erməni terrorunun erməni Nikol Paşinyanı hədəf alması tamamilə mümkündür. Çox güman ki, həmin qüvvələr “seçkilərdə qalib olmaq mümkün deyilsə, Paşinyanı fiziki aradan götürmək” variantı üzərində düşünürlər. Amma Paşinyan da o qədər sadəlövh adam deyil, ona qarşı terror həyata keçirmək elə də asan deyil. Paşinyanın təhlükəsizliyinə böyük güclər yəqin ki, diqqət ayırırlar və diqqət ayıracaqlar. Onu gizli və açıq formada qoruyacaqlar. Amma yenə də hər şey ola bilər”.









