Son illər ölkəmizdə cinayətkarlığın bütün növləri kimi narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin də gücləndiyi, bu sahədə böyük uğurların əldə edildiyi birmənalıdır. Hüquq-mühafizə orqanlarının peşkarlığı, ayıq-sayıqlığı sayəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər çevik şəkildə ifşa edilməkdə, cinayətkar dəstələr müəyyən edilərək məsuliyyətə cəlb olunmaqdadır. Mövcud statistikanın təhlili sübut edir ki, bu sahədə daxili işlər orqanlarının əldə etdiyi uğurlar həqiqətən də çox böyükdür. Bir sıra hallarda narkotik vasitələrin gömrük və sərhəd nəzarətini keçməsinə baxmayaraq, həmin narkotik vasitələr polis əməkdaşları tərəfindən ölkə daxilində müvəffəqiyyətlə müəyyən edilərək müsadirə olunur, narkotik ticarətçiləri məsuliyyətə cəlb olunurlar. Təkcı bir faktı qeyd edək ki, bu ilin yanvar ayında narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 793 cinayət faktı aşkarlayıb.
Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu məlumat yayıb.
Onlardan 162-i narkotik vasitələrin qanunsuz satışı, 630-u narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 1-i bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 893 kq 456,646 qram narkotik vasitələrin və psixotrop maddələrin 765 kq 086,6 qramını marixuana, 76 kq 396,846 qramını heroin, 23 kq 339 qramını tiryək, 20 kq 032,8 qramını həşiş, 6 kq 043,5 qramını digər narkotik vasitələr və 2 kq 557,9 qramını psixotrop maddələr təşkil edib.
Qanunsuz dövriyyədən çıxarılmış 893 kq 456, 646 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 22 milyon 795 min manat kimi qiymətləndirilir.







