“Azərbaycanda hərbi sənayenin sürətli inkişafı milli təhlükəsizliimizlə yanaşı, regional və qlobal təhlükəsizliyə töhfədir”. Bunu Moderator.az-a açıqlamasında hərbi-siyasi ekspert, ehtiyatda olan polkovnik-leytenant Raul Səfərov bildirib. Ekspert qeyd edib ki, 44 günlük Vətən müharibəsindən sonra ölkəmizdə hərbi sənayenin inkişafıənda yeni bir mərhələ başlayıb ki, bu da çoxlu sayda yeni nəsil silahların istehsalı ilə paralel müşahidə olunur:
“Prezident İlham Əliyevin daim ölkəmizdə hərbi sənayenin inkişafına xüsusi diqqət yetirdiyi, bu sahədə böyük uğurlara nail olduğu heç kimə sirr deyil. Təsadüfi deyil ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin istifadə etdiyi silah-sursatın böyük bir qismi məhz milli hərbi-sənaye məhsullarından ibarət olub və hərb sənayemiz 8 Noyabr zəfərinin əldə edilməsində mühüm rol oynayıb.
Vətən müharibəsindən sonra Azərbaycanda hərbi sənayenin inkişafı mahiyyət etibarilə yeni bir mərhələyə yüksəldi. Hansı ki, dövlət başçısı da öz çıxışlarında bu amili dönə-dönə qeyd edib, bu amilin dövlətimizin və xalqımızın müdafiə və təhlükəsizliyi baxımından mühüm rol oynadığını bildirib. “ADEX-2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian” 15-сi yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi çərçivəsində ölkəmizin nümayiş etdirdiyi hərbi sənaye məhsulları bunu bir daha sübut edir. Hər iki sərgidə Azərbaycan istehsalı olan müasir hərbi avadanlıq və məhsullar nümayiş etdirdi ki, bu nümunələr beynəlxalq iştirakçılar tərəfindən də böyük maraqla qarşılandı”.
Raul Səfərov qeyd edib ki, Azərbaycan regionda sülhün və təhlükəsizliyin əsas qarantı rolunda çıxış edir və bu mənada ölkəmizdə hərbi sənayenin inkişafı regionda sülhün qorunması baxımından mühüm əhəmiyyət kəsb edir:
“44 günlük Vətən müharibəsi və post-müharibə dönəmində baş verən hadisələr sübut etdi ki, Azərbaycan bütün regionda sülhün əsas qarantıdır və onun iştirakı olmadan bölgədə dinclik və sabitliyi təmin etmək olmaz. Azərbaycan hərbi baxımdan nə qədər güclü olarsa, regionda sülh və sabitlik də bir o qədər etibarlı olar. Buna görə də ölkəmizdə hərbi sənayenin inkişafı sadəcə milli deyil, həm də regional təhlükəsizlik baxımından mühüm önəm kəsb edir. Müzəffər Ali Baş Komandanın çıxış və bəyanatları onu deməyə əsas verir ki, hərbi sənayemizin dinamik inkişafı bundan sonra da dövlətimiz üçün prioritet istiqamətlərdən biri olaraq qalacaq”.
Seymur ƏLİYEV









