İqtisadiyyat

Nağd ödənişlərdə yeni mərhələ: Vətəndaşlar üçün nə dəyişir?

41

Nağd ödəniş və pul köçürmələri zamanı istifadəçilər üçün yeni tələb qüvvəyə minir. Artıq terminallar vasitəsilə müəyyən məbləğdən artıq əməliyyat aparmaq istəyən şəxslər şəxsiyyətlərini rəqəmsal qaydada təsdiqləməli olacaqlar. Yenilik ödənişlərin təhlükəsizliyinin artırılması, maliyyə əməliyyatlarının şəffaflığının təmin edilməsi və mümkün qanun pozuntularının qarşısının alınması məqsədi daşıyır. Bəs bu dəyişiklik vətəndaşların gündəlik ödənişlərinə necə təsir edəcək? Bu, sadəcə vaxt itkisi və çətinlik yaradan bir addımdır, yoxsa həqiqətən də təhlükəsizliklə bağlı vacib qərar sayıla bilər?

Mövzu ilə bağlı "AzPolitika"ya danışan iqtisadçı ekspert Günay Hüseynova bldirib ki, bu qaydanın tətbiqini ilk növbədə maliyyə əməliyyatlarında şəffaflığın artırılması, pul vəsaitlərinin hərəkətinə nəzarətin gücləndirilməsi və maliyyə təhlükəsizliyinin təmin edilməsi baxımından qiymətləndirmək lazımdır. Lakin burada əsas məsələ təhlükəsizlik tədbirlərinin vətəndaşların gündəlik ödəniş imkanlarını məhdudlaşdırmadan həyata keçirilməsidir:

"500 manatdan artıq məbləğdə ödəniş və pul köçürmələri zamanı şəxsiyyətin rəqəmsal qaydada təsdiqlənməsi, ilk növbədə maliyyə əməliyyatlarının izlənilə bilməsi və şəffaflığın təmin olunması məqsədi daşıyır. Bu mexanizm vasitəsilə maliyyə əməliyyatlarında anonimlik imkanları məhdudlaşdırılır, dələduzluq, qanunsuz pul dövriyyəsi və çirkli pulların yuyulması kimi risklərin qarşısının alınması üçün əlavə nəzarət imkanı yaranır. Eyni zamanda əməliyyatı həyata keçirən şəxsin müəyyənləşdirilməsi sonradan yarana biləcək mübahisələrin və hüquqi problemlərin araşdırılmasını da asanlaşdıra bilər. Digər tərəfdən, belə bir sistemin tətbiqində vətəndaşların rahatlığı da nəzərə alınmalıdır. Çünki Azərbaycanda ödəniş terminallarından müxtəlif sosial qruplar, o cümlədən rəqəmsal xidmətlərdən istifadə imkanları məhdud yaşlı insanlar, smartfon və internetə çıxışı olmayan şəxslər də istifadə edirlər. 500 manatdan artıq ödəniş zamanı əlavə təsdiqləmə mərhələsinin yaradılması müəyyən vaxt itkisinə, texniki çətinliklərə və bəzi hallarda ödənişlərin gecikməsinə səbəb ola bilər. Xüsusilə nəzərə almaq lazımdır ki, 500 manat hər bir halda qeyri-adi və ya şübhəli maliyyə əməliyyatı sayılacaq məbləğ deyil. Bu gün kommunal xidmətlər, kredit ödənişləri, müxtəlif müqavilə öhdəlikləri və digər gündəlik maliyyə əməliyyatları çərçivəsində vətəndaşlar kifayət qədər böyük məbləğlər ödəyə bilirlər. Buna görə də məbləğ meyarı əsasında tətbiq olunan nəzarət mexanizmi vətəndaşların qanuni maliyyə əməliyyatlarına əlavə bürokratik maneə yaratmamalıdır".

Ekspertin sözlərinə görə, bu yeniliyin effektivliyi yalnız təhlükəsizlik baxımından deyil, həm də istifadəçilər üçün yaratdığı rahatlıq nöqteyi-nəzərindən qiymətləndirilməlidir: "Bir ID, SİMA və MyGov kimi rəqəmsal identifikasiya vasitələrinin alternativ olaraq təqdim edilməsi müsbət addımdır. Bununla yanaşı texniki nasazlıqlar, internetə çıxışın olmaması və rəqəmsal xidmətlərdən istifadə edə bilməyən vətəndaşlar üçün alternativ təsdiqləmə imkanlarının da nəzərdə tutulması vacibdir. Digər mühüm məsələ isə şəxsi məlumatların qorunmasıdır. Vətəndaşların şəxsiyyətinin təsdiqi zamanı əldə olunan məlumatların hansı məqsədlə istifadə edildiyi, nə qədər müddət saxlanıldığı və kənar müdaxilələrdən necə qorunduğu aydın şəkildə təmin edilməlidir. Qeyd edim ki, bu addımı maliyyə sistemində şəffaflığın və təhlükəsizliyin artırılması istiqamətində müsbət təşəbbüs kimi qiymətləndirmək olar. Ancaq təhlükəsizliklə vətəndaş rahatlığı arasında düzgün balans qorunmalıdır. Çünki rəqəmsallaşmanın əsas məqsədi insanların həyatını çətinləşdirmək deyil, maliyyə xidmətlərini daha təhlükəsiz, əlçatan və operativ etməkdir. Yeni mexanizm də məhz bu prinsiplərə xidmət etdiyi təqdirdə öz iqtisadi və sosial səmərəsini göstərəcək".

Müşviq Tofiqoğlu

AzPolitika.info

Oxşar xəbərlər

↑