TEMU, TRENDYOL SİFARİŞLƏRİNDƏ YENİ DÖVR... – Gömrükdə vətəndaşları hansı tələblər gözləyir?

Xaricdən məhsul sifariş edən və ölkəyə şəxsi istifadə üçün mal gətirən vətəndaşlar üçün gömrük bəyanetmə qaydaları mühüm praktiki əhəmiyyət daşıyır. Gömrük qanunvericiliyinə edilən dəyişikliklər fiziki şəxslərin kommersiya məqsədi daşımayan mallarının bəyan edilməsi proseduruna da təsir göstərir. Xüsusilə müşayiət olunan və müşayiət olunmayan baqajla gətirilən məhsulların rəsmiləşdirilməsi zamanı fərqli tələblərin tətbiqi vətəndaşların diqqət yetirməli olduğu məqamlardandır. Yeni qaydaların onlayn alış-verişə və xaricdən şəxsi istifadə üçün məhsul gətirilməsinə təsiri isə əlavə suallar yaradır.
Gömrük bəyanetmə qaydalarına edilən dəyişikliklər adi vətəndaşlar üçün hansı yenilikləri nəzərdə tutur? Xaricdən onlayn sifariş verən və ya şəxsi istifadə üçün ölkəyə mal gətirən şəxslər hansı hallarda bəyannamə doldurmalı və hansı prosedurlara əməl etməlidirlər?
Bu barədə “AzPolitika”ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, gömrük bəyanetmə qaydalarına edilən son dəyişikliklərin əsas məqsədi vətəndaşların şəxsi istifadə üçün ölkəyə gətirdikləri malların rəsmiləşdirilməsini daha dəqiq və sistemli təşkil etməkdir. Onun sözlərinə görə, burada əsas yenilik ondan ibarətdir ki, bundan sonra müşayiət olunan və müşayiət olunmayan baqajla gətirilən mallar üçün fərqli sadələşdirilmiş bəyannamə formaları tətbiq ediləcək. Yəni insan özü ilə təyyarədə və ya digər nəqliyyat vasitəsində gətirdiyi mallarla poçt və ya kuryer şirkəti vasitəsilə göndərilən malları eyni formada bəyan etməyəcək. Hər iki istiqamət üzrə ayrıca prosedur müəyyənləşdirilir: “Adi vətəndaşlar üçün bu dəyişiklik o deməkdir ki, ölkəyə gətirilən malların bəyan edilməsi zamanı onların hansı yolla gətirildiyi nəzərə alınacaq. Əgər şəxs özü ilə baqajda mal gətirirsə və həmin mallar yazılı bəyan edilməli kateqoriyaya daxildirsə, müvafiq sadələşdirilmiş bəyannamə təqdim etməlidir. Mallar kuryer və ya digər daşıyıcı şirkət vasitəsilə gətirilirsə, bu zaman müşayiət olunmayan baqaj üçün nəzərdə tutulan ayrıca bəyannamə formasından istifadə olunacaq. Bu, xüsusilə xaricdən sifariş edilən məhsulların rəsmiləşdirilməsində məlumatların daha düzgün təqdim edilməsinə imkan verəcək”.
Ekspert qeyd edib ki, onlayn alış-veriş edənlər üçün əsas məsələ mövcud gömrük güzəştlərini və bəyanetmə öhdəliyini düzgün anlamaqdır: “Hazırkı qaydaya görə, beynəlxalq poçt göndərişləri və daşıyıcı şirkətlər vasitəsilə eyni şəxsin adına bir təqvim ayı ərzində gətirilən malların ümumi gömrük dəyəri 300 ABŞ dolları ekvivalentini keçmədikdə güzəşt tətbiq olunur. Lakin bu, malların ümumiyyətlə bəyan edilməməsi demək deyil. Sifarişlər elektron qaydada bəyan edilməli, onların dəyəri və digər məlumatları düzgün göstərilməlidir. Müəyyən edilmiş güzəşt həddi aşılarsa, artıq hissəyə uyğun gömrük ödənişləri yarana bilər”.
A. Nəsirli əlavə edib ki, vətəndaşlar xüsusilə sifariş etdikləri məhsulların qiymətini düzgün göstərməli, alış sənədlərini və ödəniş qəbzlərini saxlamalıdırlar. Çünki gömrük orqanları bəyan edilən dəyərin həqiqiliyini yoxlamaq hüququna malikdir: “Malların şəxsi istifadə üçün gətirilməsi də onların bütün gömrük tələblərindən azad olması demək deyil. Bəzi məhsulların növündən, sayından, dəyərindən və gətirilmə formasından asılı olaraq əlavə rəsmiləşdirmə və ödəniş tələbləri yarana bilər.
Ümumilikdə, yeni dəyişikliklər vətəndaşlara əlavə vergi yükü yaratmaqdan daha çox, malların bəyan edilməsi prosedurunu fərqləndirməyə və elektron rəsmiləşdirməni təkmilləşdirməyə yönəlib. Qərarın dərcindən 30 gün sonra, yəni 2026-cı ilin oktyabrında qüvvəyə minməsi nəzərdə tutulub”.
Oğuz Ayvaz
“AzPolitika.info”
