Türkiyədən QƏFİL çağırış – NATO regiona girir?

Türkiyənin xarici işlər naziri Hakan Fidan NATO-nun Avropada formalaşdırdığı təhlükəsizlik arxitekturasının ölkəsinin Yaxın Şərq regionundan üzləşdiyi təhdidlərin qarşısını almaq üçün kifayət etmədiyini bildirib. Nazirin sözlərinə görə, Türkiyə Şimali Atlantika Alyansının (NATO) mühüm üzvü olsa da, təşkilatın Avropa üçün yaratdığı təhlükəsizlik sistemi Ankaranın regiondankənar strateji maraqlarını və təhlükəsizlik ehtiyaclarını tam əhatə etmir.
O, parlamentin Büdcə Komissiyasında keçirilən müzakirələr zamanı qeyd edib ki, Avropanın təhlükəsizlik sistemi uzun illər NATO-nun fəaliyyəti əsasında formalaşıb. Lakin Türkiyənin geosiyasi mövqeyi və qonşu regionlarda baş verən proseslər ölkənin təhlükəsizlik məsələlərinə daha geniş coğrafi çərçivədə yanaşmasını zəruri edir. Onun dediyinə görə, Ankara uzun müddətdir İraq və Suriyadan qaynaqlanan təhlükələrlə üzləşir. Bu baxımdan NATO-nun Avropada qurduğu müdafiə mexanizmləri Türkiyənin Yaxın Şərqdəki təhlükəsizlik ehtiyaclarını qarşılamaq üçün yetərli deyil.
Nazirin mövqeyindən belə görünür ki, Türkiyə NATO üzvlüyünün yaratdığı kollektiv müdafiə imkanları ilə yanaşı, Yaxın Şərqdəki təhlükəsizlik maraqlarının da alyans çərçivəsində daha geniş nəzərə alınmasını vacib hesab edir.
