İqtisadiyyat

Ət bazarında təhlükəli tendensiya

14

Yeni il bayramı ərəfəsində ətin qiymətinin bahalaşacağı ilə bağlı xəbərlər yayılıb. Bayram ərəfəsində istehlak tələbatının artması, eləcə də bəzi məhsulların qiymətində mümkün yüksəlişlə bağlı xəbərlər və müzakirələr diqqət çəkir. İstehlakçıları maraqlandıran əsas suallardan biri isə Yeni il ərəfəsində ətin nə dərəcədə bahalaşacağı və bayramdan sonra qiymətlərin əvvəlki səviyyəyə qayıdıb-qayıtmayacağıdır.

Qeyd edək ki, Azərbaycanda 2026-cı ilin oktyabrında sümüksüz mal ətinin orta qiyməti 21,57 manata, sümüklü mal ətinin qiyməti isə 17,88 manata çatıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin eyni ayı ilə müqayisədə sümüksüz mal əti 2,27 manat, sümüklü mal əti isə 1,94 manat bahalaşıb.

Bakıda və regionlarda aparılan bazar araşdırmalarına görə, paytaxtda sümüklü dana ətinin kiloqramı 17–19 manata, sümüksüz dana əti isə 21–23 manata təklif olunub. Qiymət ətin hissəsinə görə də dəyişib. Sümüklü dana döşü 15–16 manata, dana bud əti 21–22 manata, can əti isə 37–40 manata satılıb. Həmin araşdırmada İmişli və Beyləqan bazarlarında dana ətinin kiloqramının 15–16 manatdan 18–19 manata qalxdığı bildirilib.

Bayram günlərində qiymət artımı gözlənilsə də, iqtisadçı Xalid Kərimli "AzPolitika"ya bildirib ki, ət bazarında bahalaşma yalnız bayramqabağı dövrlə məhdudlaşmır. Onun sözlərinə görə, ətin qiymətində bu il müşahidə olunan artım gələn il və sonrakı illərdə də davam edəcək.

İqtisadçı bunu bayram tələbatı ilə deyil, ölkədə heyvandarlıq sahəsinin zəifləməsi, heyvan sayının azalması və ətə tələbatın yüksəlməsi ilə əlaqələndirir: "Yeni il və digər bayramlarla əlaqədar mümkün qiymət artımları, əsasən, 3–5 günlük müvəqqəti proses ola bilər. Lakin hazırda müşahidə olunan ümumi bahalaşmanın bayramlarla əlaqəsi yoxdur. Bayramla əlaqədar kəskin ərzaq istehlakı gözlənilmir. Ümumiyyətlə, ərzaq qiymətləri bayramlı-bayramsız bahalaşır və bu proses davam edəcək”.

İqtisadçının sözlərinə görə, son 10 ilin göstəriciləri Azərbaycanda heyvandarlıq sahəsində ciddi geriləmə olduğunu göstərir. Belə ki, bu müddətdə saxlanılan xırdabuynuzlu heyvanların sayı 20 faiz, iribuynuzlu heyvanların sayı isə 5–6 faiz azalıb. Bunun əksinə olaraq, ətə olan tələbat 25 faizə qədər yüksəlib.

 

 

X. Kərimli hesab edir ki, heyvandarlığın zəifləməsi və istehlak tələbatının artması bazarda qiymətlərin yüksəlməsinin əsas səbəblərindəndir. Onun fikrincə, heyvan saxlamaq və yetişdirmək getdikcə daha baha başa gəlir. Eyni zamanda, ev təsərrüfatlarının heyvandarlıq sahəsindəki rolu əvvəlki illərlə müqayisədə azalır.

İqtisadçı bahalaşmaya təsir edən digər amil kimi ət idxalının bahalaşmasını və ucuz idxal imkanlarının məhdudlaşmasını göstərib.

Onun sözlərinə görə, əvvəllər Ukraynadan gətirilən nisbətən ucuz ət yerli bazarda qiymət artımının qarşısını müəyyən qədər alırdı. Lakin Rusiya-Ukrayna müharibəsi logistika xərclərinə və idxal imkanlarına mənfi təsir göstərib: "Ukraynadan gələn ucuz ətlər vardı. Amma Ukrayna-Rusiya müharibəsi buna mənfi təsirini göstərdi, logistika xərcləri artdı, ucuz idxal çətinləşdi. Heyvandarlığın zəifləməsi, tələbatın isə yüksəlməsi ətin qiymətini artırır. Yaxın zamanda da qiymətlər artacaq”.

Oxşar xəbərlər

↑