İqtisadiyyat

Azərbaycanda elektrik enerjisi ilə bağlı böyük ARAŞDIRMA: Hansı problemlər üzə çıxacaq?

17

Azərbaycanda elektrik enerjisi sisteminin vəziyyətinin kompleks qiymətləndirilməsi məqsədilə hökumət komissiyası yaradılıb. Komissiya enerji sisteminin gücünü, ötürücü və paylayıcı şəbəkələrin vəziyyətini, “Azərenerji” və “Azərişıq”ın fəaliyyətini, eləcə də kiçik su elektrik stansiyalarının səmərəliliyini araşdıracaq.

Bu qərar enerji sektorunda mövcud vəziyyət, infrastrukturun dayanıqlılığı və elektrik təchizatının keyfiyyəti ilə bağlı məsələləri yenidən gündəmə gətirir. Xüsusilə qış mövsümündə elektrik enerjisinə tələbatın artdığı bir vaxtda şəbəkələrin yüklənməsi, mümkün qəza və kəsintilər, enerji itkiləri, eləcə də köhnəlmiş infrastrukturun vəziyyəti istehlakçıları düşündürən əsas məsələlərdəndir.
Bəs yaradılan komissiya enerji sektorunda hansı problemləri üzə çıxara bilər? Azərbaycanda elektrik enerjisi sisteminin real vəziyyəti necədir və bu araşdırma abonentlərin gündəlik həyatında hansı dəyişikliklərə səbəb ola bilər?

Musavat.com-a mövzu barədə şərh verən “E-qiymət” portalının rəhbəri Hüseyn Talıbov söyləyib ki, hökumətin Azərbaycanda elektrik enerjisi sisteminin vəziyyətini kompleks qiymətləndirmək məqsədilə komissiya yaratması enerji sektorunda mövcud resursların real istismar effektivliyini ölçmək və uzunmüddətli inkişaf modelini yenidən qurmaq zərurətindən irəli gəlir: “Burada əsas meyar istehsal olunan meqavatların ümumi həcmi deyil, generasiyadan son abonentə qədər uzanan bütün texnoloji zəncirin dayanıqlılığı və təchizatın fasiləsizliyidir.

Ölkənin ümumi generasiya gücü ölkədaxili tələbatı üstələsə də, stansiyaların layihə-nominal gücü ilə faktiki işlək gücü arasındakı fərq, istismar müddətini başa vurmaqda olan aqreqatların texniki durumu və qəza ehtiyatlarının həcmi real dəyərləndirilməlidir. Xüsusilə qış aylarında pik yüklənmə zamanı iri enerji bloklarından birinin şəbəkədən açılması halında sistemin tezlik və güc balansını neçə dəqiqə ərzində, hansı ehtiyat mənbələr hesabına bərpa edəcəyi dəqiq hesablanmalıdır. Eyni zamanda günəş və külək elektrik stansiyalarının şəbəkəyə inteqrasiyası fonunda generasiyadakı kəskin tərəddüdləri kompensasiya edəcək çevik balanslaşdırıcı güclərin və enerji saxlanc sistemlərinin mövcudluğu həlledici əhəmiyyət daşıyır".

Ekspert bildirib ki, istehsal sahəsində problem olmadığı halda belə, 110 və 35 kilovoltluq yüksəkgərginlikli ötürücü xətlərin, eləcə də 10 və 0,4 kilovoltluq paylayıcı şəbəkələrin köhnəlməsi abonent səviyyəsində gərginlik düşmələrinə və qəza açılmalarına yol açır: “Bakı və Abşeron yarımadasında yeni yaşayış massivlərinin, sənaye zonalarının və kommersiya obyektlərinin sürətli artımı mövcud yarımstansiya və transformator məntəqələrinin layihə gücünü aşmasına səbəb olur. Komissiya bu ərazilərdə şəbəkənin buraxılış qabiliyyəti ilə faktiki pik yük arasındakı uyğunsuzluğu xəritələndirməli, texniki itkilərlə kommersiya və uçot xətalarından yaranan itkiləri dəqiq ayırmalıdır”.

Hüseyn Talıbov vurğulayıb ki, “Azərenerji” və “Azərişıq” tərəfindən son illərdə həyata keçirilən investisiya layihələrinin səmərəliliyi xərclənən vəsaitin həcmi ilə deyil, qəzaların sayının azalması və bərpa müddətinin qısalması ilə ölçülməlidir: “Beynəlxalq təcrübədə şəbəkə etibarlılığı abonent üzrə orta kəsinti müddəti (SAIDI) və orta kəsinti tezliyi (SAIFI) indeksləri ilə qiymətləndirilir. Araşdırma zamanı investisiya qoyuluşlarının bu göstəricilərə real təsiri təhlil olunmalı, eləcə də kiçik su elektrik stansiyaları sadəcə ekoloji layihə kimi deyil, su ehtiyatlarının mövsümi dəyişkənliyi, şəbəkəyə qoşulma xərcləri və kapitalın geri dönüş müddəti nəzərə alınmaqla kommersiya səmərəliliyi baxımından yoxlanılmalıdır”.

Müsahibimiz qeyd edib ki, beynəlxalq məsləhətçilərin cəlb olunması auditin obyektivliyini artırsa da, komissiyanın fəaliyyəti masaüstü hesabatla yekunlaşmamalıdır: “Araşdırmanın yekununda konkret darboğazları, maliyyələşmə mənbələrini, tənzimləyici islahatları və mərhələli icra təqvimini əks etdirən məcburi yol xəritəsi təsdiqlənməlidir. Vətəndaş üçün bu prosesin real nəticəsi dərhal tarif dəyişikliyi deyil, stabil gərginlik, qəzaların minimuma enməsi və elektrik şəbəkəsinin müasir tələbatla ayaqlaşan etibarlı xidmət göstərməsidir”.

Afaq Mirayiq,
Musavat.com

Oxşar xəbərlər

↑