Cəmiyyət

Reza Deqatidən böyük jest: İki milyonluq arxivini Azərbaycana bağışlayır- "Fransa hökumətinə qalmasın"

16

Dünyaşöhrətli fotojurnalist Reza Deqati 2 milyon 500 min fotoşəkildən ibarət şəxsi arxivini Azərbaycana bağışlamaq istəyir. Onun arxivində Azərbaycanın yaxın tarixini, Qarabağ müharibəsini, Xocalı faciəsini və xalqımızın yaşadığı ağır günləri əks etdirən yarım milyon fotoşəkil var.

Musavat.com xəbər verir ki, fotojurnalist bu barədə TNS TV-yə müsahibəsində danışıb.

Reza Deqati bildirib ki, 2 milyon 500 min sənəddən ibarət arxivinin 500 mini Azərbaycanla bağlıdır. Lakin bu fotoların yalnız təxminən 2 minə yaxını ictimaiyyətə təqdim olunub. Fotojurnalist arxivinin Fransada qalmasını istəmədiyini, materialların gələcək taleyindən narahat olduğunu və onları sağlığında Azərbaycan Milli Arxiv İdarəsinə bağışlamaq niyyətində olduğunu deyib:

"1988-ci ildən Azərbaycanın tarixini fotoya çəkmişəm. Azərbaycanda baş verən bütün hadisələrə dair məndə fotolar var. Onları Azərbaycan Milli Arxivinə bağışlamaq istəyirəm. Mənim arxivimdəki 2 milyon 500 min sənədin 500 mini Azərbaycana aiddir. Bu fotoların bəlkə də 2 minə yaxınını ictimaiyyət görüb.

Bu şəkillərin Fransada qalmasını istəmirəm. Bu şəkillər məndən sonra Fransa hökumətinə qalacaq. Həmin şəkillərin necə istifadə olunacağını bilmirəm. Ona görə də istəyirəm ki, nə qədər ki, həyatdayam, bu şəkilləri Azərbaycana bağışlayım. Əslində, digər 2 milyonu da Azərbaycana vermək istəyirəm".

Qeyd edək ki, Reza Deqati Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətindəki fəaliyyətinə görə 2022-ci ildə "Dostluq" ordeni ilə təltif edilib.

Əslən azərbaycanlı olan Reza Deqati 1952-ci ildə Təbrizdə azərbaycanlı ailəsində dünyaya gəlib. O, müsahibələrində dəfələrlə Azərbaycan mənşəli olduğunu, Azərbaycan dilini bildiyini və ölkəmizlə bağlılığının yalnız peşə fəaliyyəti ilə məhdudlaşmadığını vurğulayıb. Fransada yaşayan vətəndaşlığını daşıdığı ölkə ilə yanaşı, Azərbaycanı da öz doğma vətəni hesab edən fotojurnalist 1987-ci ildən ölkəmizdə baş verən hadisələri lentə alır.

Reza Deqatinin Azərbaycanla bağlı fotoları sadəcə tarixi məkanları və insanları əks etdirən görüntülər deyil. O, Birinci Qarabağ müharibəsi zamanı cəbhə bölgələrində olub, Xocalı faciəsinin şahidləri, qaçqın və məcburi köçkünlərlə görüşüb, müharibənin insan talelərində buraxdığı izləri fotolara köçürüb.

Onun çəkdiyi fotolar arasında 20 Yanvar hadisələri, Xocalı faciəsi, işğal altındakı ərazilərdəki dağıntılar və müharibədən zərər çəkmiş insanların həyatını əks etdirən kadrlar xüsusi yer tutur. Fotojurnalist 2020-ci ildə Vətən müharibəsi zamanı da Azərbaycana gələrək cəbhə bölgələrində çalışıb. Bərdə, Tərtər və Gəncəyə edilən hücumların nəticələrini, həmçinin azad edilmiş ərazilərdəki mənzərəni lentə alıb. Sonrakı dövrdə Qarabağda kəndbəkənd çəkilişlər apararaq dağıntıları və tarixi abidələrin vəziyyətini sənədləşdirib.

Məhz bu səbəbdən onun milyonlarla fotodan ibarət şəxsi arxivi Azərbaycanın müasir tarixinin mühüm vizual salnaməsi hesab oluna bilər.

Şahanə Rəhimli
Musavat.com 

 

Oxşar xəbərlər

↑