Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin ali hakimiyyətin yüksək eşalonunda təmsil olunduğu dönəmdə özünə sadiq məmur kontingenti formalaşdırdığı, bu kontingentdən öz şəxsi maraqları naminə istifadə etdiyi kimsəyə sirr deyil. Məlum kontingent içərisində yüksək ranqlı məmurlarla yanaşı, orta çinli məmurlar da mövcud olub ki, onların xalqa, dövlətə vurduğu ziyan kifayət qədər böyükdür. Media və sosial mediada yer alan məlumatlara görə, belə məmurlardan biri də Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov olub.
Uzun illərdir ki, icra başçısı postunu qoruyub saxlayan və böyük sərvətə, biznez imperiyasına malik olan Zakir Fərəcovun bunca qabağa getməsində Ramiz Mehdiyev faktorunun mühüm rol oynadığı iddia olunur. Məlumata görə, Zakir Fərəcov hələ Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışarkən Ramiz Mehdiyevə minlərlə sot torpaq “ərmağan edib”. Hansı ki, sonrakı dövrdə arxiv idarəsində “sirli yanğının” çıxması ilə həmin torpaqların alt sənədləri, ilkin təyinatı və s. ilə bağlı həqiqətlər kül olub getdi.
Ramiz Mehdiyevi məmun edən Zakir Fərəcov sabiq administrasiya rəhbəri ilə aralarındakı xoş münasibətdən istifadə edərək özü üçün də “gün ağlayıb”. Abşeron rayonu, bu rayonun tabeliyindəki Novxanı, Fatmayı, Saray, Coradil, Qobu, Hökməli kəndlərindəki yüz hektarlarla torpaq sahəsi Zakir Fərəcovun yaxın çevrəsinin adına rəsmiləşdirilib.
Ramiz Mehdiyevin kölgəsində qaz vurub qazan dolduran şəxslərdən biri də Novxanı kəndinin sabiq bələdiyyə sədri Məhərrəm Əvəzov olub. Zakir Fərəcov tərəfindən verilən göstərişləri qanuni olub-olmamasından asılı olmayaraq can-başla yerinə yetirən Məhərrəm Əvəzov, ixtisasca baytar olsa da, məhz bu xidmətləri hesabına uzun müddət bələdiyyə sədri postunu əlində tutmağı bacarıb.
Novxanı kənd qəbiristanlığında bir qarış da olsun boş torpaq sahəsi olmadığına baxmayaraq, vətəndaşların ölüsünün dəfni üçün yer ayırmaq əvəzinə Ramiz Mehdiyevə 200-300 hektar arasında torpaq sahəsi ayıran Məhərrəm Əvəzov, bununla xalqa, dövlətə, prezidentə deyil, sabiq administrasiya rəhbəri Ramiz Mehdiyev və Zakir Fərəcova xidmət etdiyini əməli olaraq ortaya qoyub.
Ümid edirik ki, əlaqədar qurumlar, hüquq-mühafizə orqanları Ramiz Mehdiyevin çətiri altında toplanan, dövlətə deyil, şəxsi maraqlara xidmət edən bütün məmurlar kimi adıçəkilən şəxsləri də ətraflı araşdıracaq, onların qanunsuz əməlləri ilə bağlı hüquqi müstəvidə ciddi addımlar atılacaq.