Bu gün Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla bir sıra rayonun icra başçısı vəzifəsindən azad olunaraq yeni təyinat alıblar.
İqtisadiyyat.az bu gün vəzifəsindən azad edilən və yeni vəzifəyə təyin olunan icra başçılarını təqdim edir:
1) Elxan Oqtay oğlu İbrahimov Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Ötən ilin sentyabrından indiyədək Nəsiminin icra başçısı vəzifəsi boş idi. Sonuncu dəfə bu vəzifədə Asif Əsgərov çalışıb, o, ötən il deputat seçilib.
2) Elşən Nazim oğlu Həsənli Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. O, bu təyinatadək Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini vəzifəsində çalışıb.
3) Natiq Nuşravan oğlu Ağayev Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Balakən Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Balakənin icra başçısı vəzifəsi bu ilin oktyabrın 30-dan boş idi. Həmin vaxta qədər rayona başçılığı İslam Vahid oğlu Rzayev edib. O, ötən ay Cinayət Məcəlləsinin 179.3.2 (Külli miqdarda mənimsəmə) və 311.3.2 (təkrarən rüşvət alma) maddələri ilə saxlanılaraq həbs olunub.
4) Orxan Çingiz oğlu Mürsəlov Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. İndiyədək Göyçayın başçısı isə yuxarıda qeyd etdiyimiz kimi Natiq Ağayev olub, o, bu gün Prezidentin imzaladığı sərəncamla Balakənə başçı təyin edilib.
5) Elvin Nazim oğlu Paşayev Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Qax Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Qaxın da iyun ayından bəri icra başçısı vəzifəsi boş olub. Həmin vaxtadək isə Qaxa Musa Şəkiliyev başçılıq edib. O, bu ilin iyun ayında külli miqdarda dövlət əmlakını mənimsəmə cinayətində ittiham olunaq həbs olunub.
6) Vüqar Vahid oğlu Novruzov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Göygölün indiyədək başçısı yuxarıda qeyd etdiyimiz kimi Elvin Paşayev olub. O da bugünkü sərəncamlardan biri ilə Qaxa başçı təyin olunub.
7) Fuad Vahid oğlu Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilib. Onun yerinə isə Ceyhun Ramiz oğlu Cəlilov təyin olunub. C.Cəlilov indiyədək muxtar respublikanın Baş naziri vəzifəsində çalışıb.
Beləliklə, yeni sərəncamlar Naxçıvan Muxtar Respublikasını, Naftalan şəhərini, Kürdəmir, Göygöl, Göyçay, Gədəbəy, Qax, Balakən, Bakının Nəsiminin rayonlarını əhatə edib. İndiyədək bir müddətdir başçısız qalmış Qax, Balakən və Bakının Nəsimi rayonlarına başçılar təyin olunub. İndiyədək başçısı olan Gədəbəy və Naftalana isə hələlik icra başçısı təyin olunmayıb.
Qeyd edək ki, Prezident İlham Əliyev bu gün Ceyhun Cəlilovu Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi, Elxan İbrahimovu Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı, Natiq Ağayevi Balakən Rayon İcra Hakimiyyətinin başçısı, Orxan Mürsəlovu Göyçay Rayon İcra Hakimiyyətinin başçısı, Elvin Paşayevi Qax Rayon İcra Hakimiyyətinin başçısı, Vüqar Novruzovu Göygöl Rayon İcra Hakimiyyətinin başçısı, Elşən Həsənlini Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edib.









