Sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin qızı Suad Qarayeva rejissoru olduğu “Məhsəti” filminə görə üzr istəyib.
Musavat.com bildirir ki, Suad Qarayeva sosial şəbəkə hesabında bu barədə qeyd edib:
“Azərbaycanın bir vətəndaşı olaraq ölkəmə, xalqımıza və bizim mədəni dəyərlərimizə hər zaman böyük hörmət və dərin bağlılıqla yanaşmışam. Qısametrajlı filmimlə bağlı son paylaşımım heç vaxt tənqid məqsədi daşımayıb, sadəcə emosional, şəxsi bir düşüncə idi.
Sözlərimin niyyətimdən fərqli şəkildə başa düşülməsindən səmimi-qəlbdən təəssüf edirəm və bundan təsirlənmiş və ya incimis ola biləcək hər kəsdən üzr istəyirəm.
Dəyərlərimə, ölkəmə, xalqımıza və mədəniyyətimizə olan sarsılmaz bağlılığım hər zaman mənimlədir”.
Xatırladaq ki, Azərbaycan Mədəniyyət Nazirliyinin nəzdindəki Bədii Şura rejissoru və ssenari müəllifi Suad Qarayeva olan “Məhsəti” qısametrajlı bədii filminin Bakı Film Festivalında nümayişinə qadağa qoymuşdu. Məlum olub ki, filmdə 12-ci əsrdə yaşamış azərbaycanlı şairə Məhsəti Gəncəvi əxlaqsız qadın kimi təqdim edilib. Film Azərbaycan ictimaiyyətində sərt tənqidlə qarşılanmışdı.
Onu da qeyd edək ki, bu ilin mayında aktrisa Fərqanə Abdullanın rol aldığı “Məhsəti” filminin premyerası Kaliforniyada keçirilən “Mammoth Lakes” Beynəlxalq Film Festivalında baş tutub.
Xalidə Gəray
Musavat.com










